Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsilə bağlı sərəncam sanki bir daş olub düşdü qurbağa gölünə. Az qala, son 20 ildə bir dəfə də olsun, Cümhuriyyət banilərinin adını anmayanlar indi səs-səsə veriblər.
Təbii, sərəncam özlüyündə təqdirəlayiqdir. Bəsit yanaşsaq, nəhayət, insanlar ölkədə Əliyevlərdən də başqa kiminsə doğum gününün olduğunu biləcəklər. Amma yalnız biləcəklər, görməyəcəklər. Çünki iki aydan da az zaman kəsiyində nə kimi tədbirlər görmək mümkün olacağını təsəvvür etməyə mənim xəyal gücüm yetmir. Xüsusilə də hələ o tədbirlər planı hazır deyilsə…
Qənaətimcə, olsa-olsa, kitabxanalarda, məktəblərdə anım mərasimləri düzənlənəcək, çıxış edənlər də Rəsulzadədən danışmaq əvəzinə, sərəncamı ən düzgün addım kimi qiymətləndirəcək, Ilham Əliyevin cümhuriyyətçilərə verdiyi önəmi vurğulayacaqlar.
Insafən, Ilham Əliyevin bu sərəncamını mən də alqışlayıram, hətta bu qərarı ötən 10 ildə gördüyü işlərin ümumi nəticəsinə tay tuturam. Bəri başdan önyarğılıq etmək istəməzdim. Amma yadıma düşəndə ki, düz 20 il əvvəl ata Əliyev də belə bir sərəncam imzalamışdı və nəinki yubileylə bağlı nəsə gördük, hətta ondan sonra Rəsulzadənin bütün büstləri öz heykəllərilə əvəzləndi, şəkli olan pul nişanələri dəyişdirildi, adı universitetdən götürüldü, proqnozsuz keçinə bilmirəm.
Bu dəfə də nə baş verəcəyi indidən görünür. Məsələn, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı deyir ki, Azərbaycan Respublikasının quruculuğunda rolu olan Rəsulzadənin məzarı Azərbaycana gətirilməlidir. Hətta lap irəli gedib söyləyir ki, təkcə Rəsulzadənin deyil, respublikamızın quruculuğunda rolu olmuş Əlimərdan bəy Topçubaşov və Fətəli xan Xoyskinin də məzarları Azərbaycana gətirilməli, onlar üçün Bakıda xatirə kompleksi qurulmalıdır.
Niyə? Tarixi saxtalaşdırmaq, kompleksin üzərində böyük hərflərlə “Bu kompleks cənab prezident Ilham Əliyev tərəfindən yaradılmışdır” yazdırmaq üçünmü?
Yaxud, lap bəsit sual: Niyə bu neçə ildə cənab Qurbanlının yadına düşmürdü ki, belə bir kompleksin yaradılmasına ehtiyac var? Məgər bilmirdimi ki, hələ 1993-cü ildə Rəsulzadənin heykəlinin qoyulması üçün Nazirlər Kabinetinin qərarı olub və hətta mərmər daşlar uzun müddət heykəltaraş Ömər Eldarovun emalatxanasında qalıb, sonda da başqa işlərə sərf edilib? Mən heç Rəsulzadənin adı dövlət müəssisələrindən, şəkli kabinetlərdən yığışdırılanda da Qurbanlının səsini eşitmədim.
Əminəm ki, sabah o kompleks yaradılsa, nə Qurbanlı, nə də onun tərəfdaşları qorxularından onun ətrafına hərənməyəcəklər. Bir də axı heç “Əliyevlər unudular” qorxusu hakimiyyətə bu addımı atmağa imkan verməz.
Təbii ki, insanlar şəxsi mənafeləri, daha yaxşı yarınmaları üçün istədiyi fikri söyləyə bilərlər. Amma mütləq haradasa bir “qırmızı xətt” olmalıdır və xəttin o tayında ayıbına kor olmağı bacarmalıdır. Elə dəyərlər var ki, onlara toxunmaq, istifadə etmək, məhz o xətti adlamağa cəhddi. Lap Qurbanlının təşəbbüsü kimi…
Bütün bunlar bir yana, mən Rəsulzadənin nəvəsini anlamıram. Adam babasını niyə “Əliyevlərin heykəlləri” ölkəsinə çevrilmiş Azərbaycana gətirmək istəyir axı?!


