Yanukoviç assosiasiya sazişinə sonadək dirəniş göstərdi və… hədələndi: “Ona elə dərs verəcəyik ki…”
Dünən Vilnüsdə “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində plenar iclas keçirilib. Media üçün qapalı keçirilən toplantıda Avropa Birliyi Şurasının sədri Herman van Rompey, Avropa Komissiyasının sədri Joze Manuel Barrozo, AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton, eləcə də AB üzvü olan digər dövlətlərin və “Şərq tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçıları iştirak edib. Tədbirdə Azərbaycanı prezident Ilham Əliyev təmsil edir. Plenar iclasda “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlıq məsələləri və proqramın gələcək fəaliyyəti müzakirə olunub.
Putinin təzyiqləri öz işini gördü
Dünənki iclasda əsas diqqət mərkəzində Brüssel və Kiyev idi. Son günə qədər ümid var idi ki, Ukrayna prezidenti Viktor Yanukoviç ölkəsinin təzyiqlərini və avropalı liderlərin istəyini nəzərə alaraq Avropa Birliyi ilə assosiasiya sazişini imzalayacaq. Lakin Avropa Birliyinin liderləri Ukrayna prezidentini sazişi imzalamağa razı sala bilmədilər. Bunu dünən iclasa qatılan Litva prezidenti Dalya Qribauskayte də təsdiqləyib. “Təəssüf ki, ona sazişin imzalanmasının xeyrinə gətirilən arqumentlər təsir etmədi”, deyə o bildirib.
Isveçin xarici işlər naziri Karl Bildt isə özünün “Twitter” səhifəsində Yanukoviçin addımını belə qiymətləndirib: “Ukraynanın xarici işlər naziri Leonid Kojara avropalı nazirlərə təsdiqlədi ki, Ukrayna Avropa Birliyi ilə saziş imzalanmasını Rusiyanın təzyiqi ilə təxirə salıb. Ukrayna XIN-in rəhbəri bizim diskussiyalarımızda təsdiqləyir ki, Ukrayna Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması məsələsində Rusiyanın sərt iqtisadi təzyiqlərinə məruz qalıb”.
Yanukoviç: “Güclü Rusiyanın qarşısında tək qalmışam”
Internetdə isə Viktor Yanukoviçin Vilnüsdə dövlət və hökumət başçılarının naharından əvvəl Litva prezidenti Dalya Qribauskayte və Almaniya kansleri Angela Merkel ilə ayaqüstü söhbətinin videosu yayılıb. Videoda D.Qribauskaytenin V.Yanukoviçi assosiasiya sazişini imzalamaq üçün dilə tutduğu görünür. Lakin V.Yanukoviç cavab verir ki, artıq hökumətin bu barədə qərarı var. Söhbətə A.Merkel qoşulduqdan sonra V.Yanukoviç ona Ukraynanın iqtisadi durumunun ağırlığından danışır: “Mən istəyirəm ki, siz məni başa düşəsiniz. Mən 3,5 ildir təkəm. Çox güclü Rusiya ilə qeyri-bərabər şəraitdə tək qalmışam…”
Lakin Ukrayna prezidenti ölkəsinin yaxın perspektivdə Avropa Birliyi ilə assosiasiya sazişinə imza atmaq niyyətini təsdiqləyib. Zirvə toplantısının plenar iclasında çıxışı zamanı o bildirib ki, Ukrayna və AB assosiasiya sazişinin yekun mərhələsindədir: “Əminəm ki, bu, Ukrayna dövlətinin inkişafında yeni səhifə açacaq, bizim Avropa Birliyi və üzv dövlətlərlə münasibətlərimizi keyfiyyətcə eyni mərhələyə çıxaracaq. Mən Ukraynanın yaxın perspektivdə assosiasiya sazişi imzalamaq niyyətini təsdiqləyirəm”.
Yanukoviç xatırladıb ki, ölkəsi AB ilə 6 ildən çoxdur mürəkkəb danışıqlar aparır və kompromislər axtarışındadır. O, tərəflərin bu yekun mərhələni layiqincə keçəcəyinə əmindir: “Bu yolda yalnız bir neçə qəti addım atmağımız qalıb. Başlıca vəzifə Ukrayna iqtisadiyyatının yeni reallıqlara uyğunlaşdırılmasına yönəlmiş proqramın yerinə yetirilməsidir. Ukrayna bu gün təkcə assosiasiya sazişinin vaxtında implementasiyasına deyil, həm də ilkin mərhələnin aztəminatlı əhali təbəqələrinə neqativ nəticələrini minimuma endirməyə hazırlaşmalıdır. Bu, Ukraynaya iqtisadi yardım proqramı üzərində birgə iş tələb edir ki, bu da bizim assosiasiya sazişinin imzalanmasına hazır olmağımıza imkan yaradacaq. Əminəm ki, birgə işin nəticəsində mövcud fikir ayrılıqları aradan qaldırılacaq və bunun nəticəsində sazişi imzalamaq və Ukrayna iqtisadiyyatı üçün ciddi itkilər olmadan Avropaya inteqrasiya kursu istiqamətində irəliləmək mümkün olacaq”(APA).
Ukrayna prezidenti sazişə “hə” demək üçün 5 şərt qoydu
Rusiya mediasının yaydığı xəbərə görə, Vilnüsdə keçirilən zirvə toplantısına qatılan Ukrayna prezidenti 5 şərt yerinə yetirilərsə, Avropa Birliyi ilə assosiasiya sazişini imzalayacağını bildirib:
1. AB Rusiya və Gömrük Ittifaqının digər üzvləri ilə ticari və iqtisadi əməkdaşlıqdakı ziddiyyətləri çözsün.
2. AB Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə Ukraynanın əməkdaşlığını bərpa etsin.
3. AB Ukrayna ixracatının ayrı-ayrı sahələrinə hələ 20-ci əsrdə başlayanlar da daxil, tətbiq edilən məhdudiyyətlərə yenidən baxsın.
4. AB-nin büdcə sahə dəstəyi proqramı yenidən açılsın.
5. Ukraynaya makromaliyyə yardımına resurs ayrılsın (“Azadlıq” radiosu).
Şults: “Kiyev Avropa Birliyi ilə Yanukoviç getdikdən sonra yaxınlaşa bilər”
Ukraynanın Avropa Birliyi ilə assosiasiya məsələsi ölkə rəhbərliyinə başqa prezident gəldikdən və parlamentin tərkibi dəyişildikdən sonra həllini tapa bilər. Bu barədə Vilnüsdə jurnalistlərə Avropa Parlamentinin sədri Martin Şults bəyan edib: “Biz bu barədə hələ danışacağıq”. Onun sözlərinə görə, Avropanın məsələnin maliyyə tərəfini yenidən nəzərdən keçirməsinə ehtiyacı var. Bununla belə, Şults problemin siyasi müstəvidə olduğunu da istisna etməyib. Onun sözlərinə görə, “ölkənin başqa prezidenti və parlamenti dövründə də nə isə dəyişilə bilər”. Avropa Parlamentinin rəhbəri əlavə edib ki, istənilən halda Ukrayna üçün qapılar həmişə açıqdır.
“Heç kim suveren dövlətin qərarına qarışa bilməz”
“Avropa Birliyi Ukrayna ilə assosiasiya sazişi imzalamağa hazırdır. Qapı hələ də açıqdır. Bu gün imza atılmadı, imzalanma təxirə salındı, lakin biz ümid edirik ki, gec-tez Ukrayna sazişi imzalamağa hazır olacaq. Biz Ukrayna ilə işi davam etdirəcəyik”. Bunu isə Vilnüs sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Avropa Birliyi Şurasının prezidenti Herman van Rompey deyib. O bildirib ki, AB-nin mövqeyi aydındır və assosiasiya sazişinin imzalanması təklifi qüvvədə qalır. AB rəhbəri bu tip sənədlər imzalanarkən üçüncü ölkələrin təzyiqini aşmağın vacibliyini vurğulayıb: “Indi cəsarətli olmaq və qərarlar qəbul etmək zamanıdır. Uzunmüddətli perspektivə nəzər saldıqda şübhə yoxdur ki, assosiasiya sazişinin imzalanması Ukrayna xalqının və ölkə iqtisadiyyatının xeyrinə olacaq”.
Herman van Rompey qeyd edib ki, Rusiya AB-nin strateji tərəfdaşıdır, lakin hər ölkənin müstəqil qərar qəbul etmək hüququ var: “Heç kim ölkələrin suveren qərarına qarışa bilməz”. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo isə bəyan edib ki, “Şərq tərəfdaşlığı” ölkələri ilə assosiasiya sazişinin imzalanması kiməsə və nəyəsə qarşı yönəlmiş proses deyil, demokratiya və inkişaf naminə prosesdir: “Məhdudlaşdırılmış suverenlik dövrü keçdi”.
J.M.Barrozo assosiasiya sazişinə dair AB-Ukrayna-Rusiya üçtərəfli məsləhətləşmələrinin aparılması haqda təklifin qəbuledilməz olduğunu da vurğulayıb: “Rusiya ilə strateji əməkdaşlığa malik olmağımız əsas vermir ki, ikitərəfli formatda gedən müzakirələrə üçüncü tərəf də qoşulsun”.
Kliçko hədələdi: “Ukraynanı Yanukoviç olmadan Avropanın bir parçası edəcəyik”
Sammitin işində iştirak edən Ukrayna müxalifətinin liderlərindən biri, “Zərbə” partiyasının sədri Vitali Kliçko isə mətbuat konfransı keçirərək Yanukoviçi hədələyib(“Azadlıq” radiosu). Kliçko deyib ki, Ukraynanı Yanukoviç olmadan belə, Avropanın bir parçası edəcəklər: “O, Ukraynanı ruslara satdı. Biz müxtəlif müxalifət qruplarını birləşdirən insanlar və arxamızda dayanan yüz minlərlə ukraynalı bunun üçün birləşmişik. Bunun üçün həm parlament imkanından istifadə edəcəyik, həm də digər mümkün yollara əl açacağıq. Ona elə bir dərs verəcəyik ki, heç kim unutmasın. Bu, onun yolu ilə gedən başqalarına da dərs olacaq. Biz bu rejimə qalib gələcəyik və sübut edəcəyik ki, biz ukraynalıyıq, Rusiya deyilik. O öz andını pozdu. Prezident seçiləndə and içmişdi ki, Avropaya inteqrasiya yoluna sadiq qalacaq”.
Timoşenko “mübarizəyə davam!” deyir
Ukrayna meydanlarında isə avrointeqrasiya tərəfdarlarının etirazları davam edir. Həbsdə olan keçmiş baş nazir Yulya Timaşenko növbəti dəfə xalqa müraciət edərək insanları ruhdan düşməməyə və etirazları noyabrın 29-dan sonra da davam etdirməyə çağırıb. Onun sözlərinə görə, xalq qələbə qazanmaq istəyirsə, gücünü müxalifətlə birləşdirməli və sonadək mübarizəni davam etdirməlidir.
Dünən Yanukoviçin tərəfdarları da aksiya keçiriblər. Kiyevin mərkəzi meydanına 20 minə yaxın insan toplaşıb və onlar “Yanukoviç Ukraynanın milli maraqlarından çıxış edir” kimi, şüarlar səsləndirərək ölkə prezidentinə dəstək olduqlarını bildiriblər(korrespondent.net).
Dünənki sammitdə AB və Ukrayna Vahid Aviasiya Məkanı haqqında sazişi paraflayıb. Birgə aviasiya məkanının yaradılması Ukrayna və Avropa Birliyi arasında gələcəkdə imzalanacaq assosiasiya haqqında sazişin reallaşmasının əsas elementlərindən biridir. Vahid Aviasiya Məkanı haqqında sazişinə dair danışıqlar AB və Ukrayna arasında 2007-ci ilin dekabrında başlayıb və inteqrasiya üzrə tədbirlər planına əsasən 2013-cü ildə yekunlaşdırılmalıdır. Sənəd bazarların tədricən liberallaşması, AB normaları əsasında mülki aviasiya sahəsindəki qaydaların unifikasiyası, sənaye əməkdaşlığına dəstək göstərilməsini nəzərdə tutur. Saziş AB və Ukraynaya aviasiya sahəsində tərəfdaş olmağa və Ukraynanın Avropa hava məkanına inteqrasiya olunmasına imkan yaradacaq. Bunun baş tutması üçün Ukrayna öz qanunvericiliyini AB standartlarına uyğunlaşdırmalı və aviasiya təhlükəsizliyi, hava daşımalarının idarə olunması, ətraf mühitin mühafizəsi, rəqabətlik və istehlakçı hüquqlarının müdafiəsinə dair tələbləri yerinə yetirməlidir. Tərəflər həmçinin təyyarələrin sertifikatlaşdırılması qaydalarının uyğunlaşdırılmasına dair razılığa gəliblər.
AB ilə Gürcüstan və Moldova arasında saziş rəsmən paraflandı
Gürcüstan və Moldova “Şərq tərəfdaşlığı”nın Vilnüs sammiti çərçivəsində Avropa Birliyi ilə assosiasiya sazişini paraflayıblar. Texniki paraflanma srağagün olsa da, rəsmi imzalar dünən atılıb. Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili qısa çıxış edərək bu imzanın tarixi əhəmiyyətindən danışıb. Moldova baş naziri Yuri Lyanke də ölkəsi üçün çox önəmli an olduğunu vurğulayıb: “Moldova Avropa ölkəsidir və Avropa ilə eyni tarixə malikdir. Biz bir ailənin mənsublarıyıq”. Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton Gürcüstanın böhran vəziyyətlərinin idarə olunmasında iştirakına dair çərçivə sazişi də imzalayıblar.
Azərbaycanla AB arasında viza sazişi imzalandı
Vilnüsdəki zirvə toplantısı çərçivəsində Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb. Sənədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, AB tərəfindən isə Litva xarici işlər naziri Linas Linkyaviçyus ilə AB-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle imza atıblar.
Saziş tərəflər arasında bu ilin iyulunda paraflanıb.
Sənədə əsasən müəyyən kateqoriyadan olan şəxslərin viza alması proseduru sadələşdirilir, viza üçün rüsum və tələb olunan sənədlərin sayı azaldılır. Sənəd gələn il Azərbaycanla AB arasında readmissiya haqda saziş imzalandıqdan sonra qüvvəyə minəcək.
Sammit yekun bəyannamə qəbul etdi
Sonda zirvə toplantısının yekun Bəyannaməsi qəbul olunub.
Sənəddə son 2 ildə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində viza rejiminin liberallaşdırılması, nəqliyyat, enerji, təhsil, gənclik siyasəti, ətraf mühit, vətəndaş cəmiyyətinin inkişafı sahələrində əldə olunmuş tərəqqi qeyd edilir və bu istiqamətlərdə əməkdaşlığın davam etdiriləcəyi bildirilir.
AB və tərəfdaş ölkələr strateji baxımdan vacib sahələrdə sıx əməkdaşlığı bundan sonra da inkişaf etdirəcəklərini vurğulayıblar. Yaxın illər üçün qarşıya qoyulan məqsədlərə demokratiyanın inkişafı, insan haqlarına hörmətin təmin olunması və hüquq sahəsində islahatların davam etdirilməsi daxildir. Əsas diqqət müvafiq ölkələrlə assosiasiya sazişinin həyata keçirilməsinə yönələcək. Liberal viza rejiminin ciddi şəkildə inkişafı da proqramın gündəmində ön sıralarda qalacaq. Enerji təhlükəsizliyi qarşılıqlı olaraq gücləndiriləcək və qarşılıqlı enerji əlaqələri yenidən düzənlənəcək ki, şərq tərəfdaşları tədricən AB-nin enerji bazarına inteqrasiya olsunlar(APA). Qeyd edək ki, “Şərq tərəfdaşlığı”nın növbəti sammiti 2015-ci ilin ilk yarısında Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək.