Azadlıqlar ölkəsində(FOTOLAR)

Gürcüstanda vəziyyət necədir?

Azərbaycan- Gürcüstan sərhədində “Qırmızı körpü”də yenə uzun bir növbə var. Bayramla əlaqədar Gürcüstana gedənlərin sayı 3-4 dəfə artıb. Azərbaycandakı 9 günlük tətildən istifadə edən azərbaycanlılar qonşu Tiflisə üz tutublar. Tiflis istirahət üçün çox sərfəlidir – həm gözəldir, həm də ucuz…
Biz də 4 günlük tətilimizi Tiflisdə keçirməyə qərar verdik. Növbəni 2 saata keçəndən sonra taksiylə Tiflisə yollanırıq. Bizi “Qırmızı körpü”dən Tiflisə gətirən azərbaycanlı taksi sürücüsü Səlim Gürcüstanda yol polisinin avtomobilləri saxlamadığını deyir. Əgər qayda pozmamısansa, polis heç vaxt səni saxlaya bilməz. Saxladıqda isə, heç bir halda rüşvət ala bilməz. Səlim deyir ki, arada Azərbaycan tərəfə də keçməli olur. Ancaq Gürcüstan gömrüyündən fərqli olaraq, Azərbaycan gömrüyündə onlardan rüşvət alırlar.

Lisenziyasız taksilər

Burada təhlükəsizlik kəmərinin bağlanması artıq məcburidir. Taksilərə oturan kimi sürücülər barmaqları ilə kəməri göstərirlər. Gürcüstanda benzinin qiyməti Azərbaycandan iki dəfə bahadır. Ancaq taksilərin qiyməti Bakıdan 2-3 dəfə ucuzdur. Burada avtomobilindən taksi kimi istifadə etmək istəyənlər heç bir yerdən lisenziya almırlar. Taksi işarəsini avtomobilin üstünə vurmaq yetərlidir. Sürücülər deyir ki, hökumət bunu işsizliyi azaltmaq üçün edib.

Tiflis bir Avropa şəhəridir

Azərbaycan mediasında Tiflisdən çox yazılıb. Azərbaycanlı oxucu buradakı vəziyyətdən xəbərdardır. Gürcüstanı təsəvvür etmək üçün yazılar bəs etmir. Mütləq Tiflisdə olub, oradakı dəyişiklikləri gözlərinizlə görməlisiniz.
Tiflisdə insan özünü hansısa bir Avropa şəhərindəki kimi hiss edir. Tiflis Avropa şəhərləri qədər təmiz, mədəni, gözəldir. Tiflis zəngin şəhər deyil, burada hündür mərtəbəli, görkəmli binalar, yaraşıqlı villalar, bahalı hotellər də yoxdur. Burada iri, bahal avtomobillər də yoxdur.

Tiflisin gözəlliyinin sirri Gürcüstanın azadlığındadır. Gürcü xalqı azadlığını əldə edib. Indi də demokratik ölkələrlə ayaqlaşmağa çalışırlar.

Azad gürcülər

Bir gürcünün azad olduğunu görmək üçün onunla danışmaq bəs edər. Əgər o, iqtidardan narazıdırsa, bu narazılığını ifadə etmək üçün heç nədən çəkinmir.
Georgi adlı marşrut sürücüsündən soruşuram ki, demokratik ölkədə yaşamaq necədir? Cavab verir ki, demokratiya yaxşıdır, ancaq öncə qarnımız tox olmalıdır. Georgi günə 15-20 lari (8-10 manat) qazandığını deyir. Tiflisdə ucuzluq olduğundan bu pula dolanmaq o qədər də çətin deyil. Bakıdan olduğumuzu biləndən sonra deyir ki, bizim neftimiz var, gürcülərdən yüz qat yaxşı yaşamalıyıq. Georgini başa salıram ki, neft azərbaycanlıların deyil, 2-3 ailənin arasında bölüşdürülüb.

 

Saakaşvilidən kimlər narazıdır?

Bir otaqlı evini 5 günlük bizim üçün kirayə verən Soso muzeydə işləyir. Sosonun Saakaşviliyə münasibəti yaxşıdır. Onun apardığı islahatları bəyənir. Soso deyir ki, prezidentdən narazı olan təbəqə əsasən yaşlı insanlardır. Onlar ingilis dilini, müasir texnologiyaları bilmədikləri, Avropa standartlarına uyğun təhsil almadıqları üçün işlərində problem yaranır. Gürcüstanda yeni nəsil özünü əsl avropalı kimi hiss edir. Onlar çalışırlar ki, Avropa standartlarına uyğun təhsil alsınlar, ingiliscə öyrənsinlər.

Gürcüstanda təhsil daha keyfiyyətlidir

Gürcüstanda təhsil bahadır. Amma Azərbaycandan fərqli olaraq oradakı ali məktəblərdə keyfiyyətli təhsil verilir. Gürcü ali məktəblərinin diplomları xarici ölkələrdə tanınır.
Qiymətləri yaxşı olan tələbələrə ödənişdə güzəştlər edilir. Universitetlərdə rüşvət yoxdur. Gürcüstan ordusu peşəkar – müqaviləli ordu olduğuna görə təhsil alan oğlanları gələcəkdə əsgərlik gözləmir. Onlar istədikləri pillələrə qədər təhsillərini davam etdirirlər.

Gürcüstan Ictimai Əlaqələr Institutunda (GIPA) Qafqaz Jurnalistika və Media Idarəçiliyi Məktəbində magistr təhsili alan Gülər Sadıqova 400 dollara yaxın təqaüd alır (Bu məktəbi ABŞ dövləti maliyyələşdirir). Gülər bu pulun 250 dollarını kirayəyə verir. Qaldığı ev şəhərin mərkəzində yeləşir, 2 otaqlıdır. Qalan pul isə 1 ay ərzində xərcləməyə bəs edir. Gülər deyir ki, Tiflisdə yaşamaq ona azadlığın nə olduğunu öyrədib. Tiflisə təzə gəldiyi vaxtlarda paytaxt meydanlarının birində aksiya ilə qarşılaşıb. Taksi sürücüləri meydana yığışaraq nəyəsə etiraz edirmişlər. Aksiyaya polisin müdaxilə etməməsi onu heyrətə gətirib.

Parlament önündə aksiya

Elə biz də belə bir aksiyanın şahidi olduq. Gürcüstan parlamentinin qarşısından keçəndə əllərində plakatlar tutmuş qadınlara rast gəldik. Onlar Gürcüstanda abortun qadağan olunmasını tələb edirdilər. Etirazçılar deyir ki, aksiya keçirmək üçün sadəcə meriyaya xəbərdarlıq məktubu göndəriblər. Meriyanın cavabında isə aksiya zamanı qanunları pozmamaq, insanların istirahətinə və avtomobillərin hərəkətinə mane olmamaq xahiş edilir. Qadınlar deyir ki, qanuna görə onlar xəbərdarlıq etmədən aksiya keçirməlidirlər. Polis qəti şəkildə aksiyaçılara müdaxilə etmir, heç onlar ətrafda da görsənmirdilər.

 

Biz də bacaracağıq

Beş günlük Gürcüstan səfərindən xoş ovqatda qayıtdım. Əgər oxşar kökləri və tarixi olan qonşu gürcü xalqı belə gözəl cəmiyyət qurmağı bacarıbsa, biz niyə bacarmayaq? Əlbəttə, biz də bacaracağıq.

 

Elmin Həsənli, Tbilisi-Bakı