Amerika şirkəti dünyanın istənilən nöqtəsində, o cümlədən Azərbaycanda da 1500 dollara rahat fərdi evlər təklif edir
Amerikanın “Idealab”şirkəti öz ucuz “WorldHaus” layihəsi ilə dünyanı evsizlik bəlasından xilas etmək istəyir. Şirkət dünya bazarına cəmi 10 günə tikilən və 1500 dollara başa gələn evlər təklif edir. Belə evləri inşa etmək üçün elə də xüsusi bacarıq lazım deyil, adi divar ustaları bu işin öhdəsindən gələ bilərlər. Tikintidə yalnız xüsusi konstruksiyalı kərpicdən, armaturdan, sement və qumdan, o cümlədən polistrol dam panelindən istifadə edilir.
20 kvadratmetr sahəsi olan ev həddindən praktikdir və 3-4 nəfərlik ailənin rahat yaşamasına imkan verir, qışda isti və yayda sərindir. Xüsusi konstruksiyalı kərpiclər və dam örtüyü nəmi içəri buraxmır və yanğına da davamlıdır. Hər 1 metrdən kərpic divarın içinə şaquli şəkildə salınmış armaturlar tikilini zəlzələyə qarşı davamlı edir. Yəni bu evlər kiçik olsalar da yaşamaq üçün həddindən rahatdırlar.
“WorldHaus”da yer almış göstəricilərə görə, hazırda dünyanın inkişaf etməkdə olan ölkələrində 1,5 milyard adam, yəni Yer kürəsinin əhalisinin 21 faizi əllərinə gələn hər şeydən – tullantı taxtalardan, tənəkədən, sellafon təbəqədən və s.-dən düzəldilmiş daxmalarda yaşayırlar. “Idealab” 2020-ci ilə kimi bu ev dəstindən bir neçə milyon satmaqla həmin insanların bir qismini ev sahibi eləməyə çalışır.
700 min ailənin, yəni ailə təsərrüfatlarının təxminən 30 faizinin mənzilsiz olduğu Azərbaycan üçün də bu layihə əlverişli görünür. Eni təxminən 4 metr və uzunu 5 metr olan bu ev layihəsinin en və uzunluğunu 7 metrə qaldırmaqla 3 otaqlı və Azərbaycan ailəsi üçün də rahat olan mənzillər inşa etmək olar. Belə mənzildə hər birinin sahəsi 10,2 kvadratmetr olan 2 yataq otağı, sahəsi 16 kvadratmetr olan zal-mətbəx, sahəsi 2,52 kvadaratmetr olan vanna otağı və sahəsi 1,68 kvadratmetr olan giriş dəhlizi yerləşdirmək mümkündür. Azərbaycanın regionlarında tikilən ənənəvi evlərə çox bənzəyən bu tikililəri qışda qızdırmaq da asan olar və bunun üçün bir soba da yetərlidir.
Lakin belə evlər “WorldHaus”dakına baxanda təxminən 2 dəfə baha başa gəlməlidir. Ən azından istifadə edilən kərpic sayı 2 dəfə və qapı-pəncərə sayı 3 dəfə artır. 3 otaqlı belə evi təxminən 1700 ədəd eni və hündürlüyü 20 sm, uzunluğu isə 40 sm olan xüsusi kərpiclə tikmək olar. ANS PRESS-in Bakıdakı kərpic zavodlarında apardığı araşdırmaya görə, bu tipli kərpici Azərbaycan bazarına 50 qəpiyə çıxarmaq mümkündür. Yəni belə bir ev tikmək təxminən 850 manatlıq kərpic tutar. Belə bir evdə pəncərə və qapıların sayı 9-a çatır ki, təxminən 900 manat da buna gedər. Ustalara 500 manat əl haqqı bəs edər, 250 manat da sement, çınqıl və qum üçün yetərlidir. 500 manat isə polistrol dam panelləri, artmaturlar və digər xərclər üçün kifayət edər. Beləliklə, Azərbaycanda 3 min manat vəsaitə istənilən ailəni ilkin yaşayış üçün bütün şəraiti olan rahat evə yerləşdirmək mümkündür. Ailə belə evdə yaşaya-yaşaya əlavə olaraq evə suvaq çəkdirə bilər, taxta döşəmə və şifer dam da vurdura bilər.
Təbii ki, bütün bunları etmək üçün boş torpaq sahəsi lazımdır və dövlət bunu bu yaxınlarda Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun parlamentdə səsləndirdiyi sosial mənzillər layihəsi ilə uzlaşdıra bilər.Yəni belə olan variantda dövlət vətəndaşlar üçün, tutaq ki, eni və uzunu 10 metr olan 1 sotluq torpaq sahələri ayırır, həmin sahələrdə planlaşdırma aparır, kommunikasiya xətlərinin çəkilişini təmin edir, daha sonra belə ucuz evlərin tikintisi təşkil edilir. Tikintiyə xərclənmiş 3 min manat isə 3-5 illik müddətə faizsiz kredit şəklində verilə bilər. Yəni dövlət indi sosial ipoteka üçün hər il ayırdığı 40 milyon manata 13 mindən çox ailəni mənzillə təmin edə bilər. Halbuki, indiki şərtlərlə həmin 40 milyon manatla heç min ailəni belə evlə təmin etmək olmur. Bu yolla ev alan “xoşbəxtlər” isə aldıqları pulu təxminən 2 dəfəyə qədər artıq ödəməli olurlar.
Şəhərsalma üzrə mütəxəssis Fuad Cəfərli ANS PRESS-lə söhbətində istənilən variantda ipotekanın sosial layihə deyil, kommersiya layihəsi olduğunu vurğulayır: “İpoteka imkanlı insanlar üçündür. Sosial mənzil isə daha geniş əhali kütləsini əhatə edir və bütün inkişaf etmiş dövlətlərin sosial siyasətində yer alır. Sovet dövründə də bu, geniş vüsət almışdı. Xruşşov dövründə SSRİ-də aparılan sosial mənzil layihəsi nəticəsində 75 milyon insan mənzillə təmin edildi. Hazırda Türkiyə geniş sosial mənzil siyasəti həyata keçirir, gecəqondular sökülərək yerində modern evlər tikilir. Bu çərçivədə 800 milyon kvarat metr mənzil istifadəyə veriləcək, bu, milyonlarla mənzil deməkdir”.
Fual Cəfərli Azərbaycanın sosial mənzil tikintisi üçün kənardan variant axtarmağa ehtiyac olmadığını və ölkənin bu məsələdə özünəməxsus ənənələrinin olduğunu bildirir: “Bizdə dövlət qaçqınlar üçün şəhərciklər salır, sosial mənzil sayılmasa da, əslində sosial layihədir. Bizdə bu ənənə davam etdirilərək əhalinin başqa ehtiyacı olan kateqoriyaları üçün də evlər tikmək olar”,- deyə ekspert vurğulayır.
Lakin onun sözlərinə görə, ilk öncə Azərbaycanda nə qədər ailənin sosial mənzilə ehtiyacı olduğu müəyyən edilməlidir: “Dövlət İpoteka Fondu Azərbaycanda 250 min ailənin mənzil şəratini yaxşılaşdırmaq istədiyini vurğulayır. Amma şəraitini yaxşılaşdırmaq istəyən heç də mənzilə ehtiyacı olan demək deyil. Bunun üçün ilk növbədə mənzilə ehtyacı olanlar müəyyən edilməlidir”,- deyə Fuad Cəfərli bildirir.
Şəhərsalma mütəxəssisi bu məsələdə haqlıdır. Bəzi mütəxəssislərin evsiz saydığı 700 min ailə təsərrüfatının əslində yarıdan çoxunun evi var, sadəcə onu qeydiyyata sada bilmirlər. Müxtəlif hesablamalara görə, ölkədə 500 minə yaxın fərdi ev sənədləşməsi başa çatmadığından texniki pasport və ünvan ala bilmir. Və burada əsas günahkar korrupsiyaya bulaşmış bəzi məmurlardır. Vəzifəsinin öhdəsindən gəlmək istəməyən bu dövlət qulluqçuları müəyyən qanunsuz təmənna güddüyündən özlərindən əvvəlki məmurların verdiyi sənədləri tanımaq və ya rəsmiləşdirməyə borclu olduqları sənədləri qəbul etmək istəmirlər. Buna görə də vətəndaşların illərlə tikdiyi fərdi evlər səndsizdir və əmlak vergisi nəzarətindən kənardadır. Həm də Azərbaycanda tikilmiş bu 500 min evin heç biri Amerikanın “Idealab” şirkətinin təqdim etdiyi 1500 dollarlıq ev kimi tələm-tələsik inşa edilməyib, əksəriyyəti 2000-ci ildə Bakıda baş vermiş 7,4 ballıq zəlzələyə dözdü, həmin zəlzələdə Bakıda bir kiçik ev də xəsarət almadı. Zəlzələdən sonra tikilən evlər isə daha möhkəm inşa edildi. Bu gerçəyi 3 milyonluq Bakıda hər kəs bilir. Sadəcə, bu faktı şəhərdə sadə insanlara problem yaradan bəzi mənəviyyatsız məmurlar qəbul etməlidir. Onları isə bu həqiqətlə razılaşmağa isə ancaq dövlətin sərt əli məcbur edə bilər.