Siyasi don, siyasi palto

Bilirsiniz ki, dövlətə məxsus “Qasid” yayım şirkəti “Azadlıq” qəzetinə 50 min manat borcunu aylardır ödəmir. Bəs onda dövlət niyə mətbuata dəstəkdən danışır? KIV-ə Dövlət Dəstəyi Fondu niyə yaradılıb? Dövlət və onun Fondu qəzetə yardım əvəzinə, elə öz müəssisəsinin borcunu qaytarmağa nə üçün dəstək vermir? Məsələn, Fond “Qasid”ə vəsait ayıra bilər ki, qəzetə borcunu qaytarsın. Sözün qısası, dövlət müəssisəsi qəzetə borcunu vermirsə, dövlət niyə borc problemini həll etmək əvəzinə, yardım paylayır?
Deyəcəksiniz ki, axı yardım da dayanıb! Bəli, bugünlərdə KIV-ə Dövlət Dəstəyi Fondu “Azadlıq” qəzetinə bir məktub yolladı və yalnız ona yardımı dayandırdığını bəyan etdi. Amma biz əvvəldən deyirdik ki, o fond və onun yardımı qəzetləri dayandırmaq üçündür.
Birincisi, qəzetlər yardım alıb özləri müstəqilliklərini dayandırmalıdır.
Ikincisi, bu halda da müstəqilliyini qoruyanları zorla dayandırıb desinlər ki, biz mətbuata yardım edirik, dayandırmaqla nə işimiz var!
Elə belə də izah edirlər. “Azadlıq” qəzetinə başlayan yeni basqılar dalğasına hamısı bir ağızdan şərh verdi ki, bu işə siyasi don geyindirmək olmaz. Hətta yardımı dayandıran fond da deyir ki, buna siyasi don geyindirmək düz deyil. Siyasi don nədir, artıq siyasi palto oldu!
KIV-ə Dövlət Dəstəyi Fondunun məktubuna qayıdaq. Məktubun orfoqrafiyası, punktasiyası, qrammatikası tarix üçün qalsın, gələcəkdə görərlər ki, bu dövlətə və onun mətbuatla bağlı işlərinə kimlər rəhbərlik edib. Məktubun məzmunu da tam siyasi xarakter daşıyır. Açıqca deyirlər: məhkəmə sizin hesaba həbs qoyub, biz də daha pul vermirik ki, o pulu məhkəmə cəriməsinə tuta bilərlər.
Lap yaxşı, qoy tutsunlar. Bəlkə elə bununla da qəzet böhrandan çıxacaq, bağlanmayacaq, məhz sizin dəstəyiniz işə yarayacaq? Sizin fondun məqsədi razılaşdırdığınız səhifələrdir, yoxsa qəzetlərin davam etməsi? Bəs siz qəzetin vəziyyətdən çıxmasında maraqlı olmalı idiniz! Siyasət elə burada üzə çıxır. Məgər Fond məhkəməyə, “Qasid”ə, Tağıya, Kəbirəyə qoşulub qəzetin maliyyə sıxıntılarını artırmağa çalışmalı idi?
Bütün bu suallar pul davası çəkmək üçün deyil, hiyləni açmaqdır. Şəxsən mən şad oldum!
Işlədiyim qəzetə o yardımın dayandırılması məni çox sevindirdi. Çox yaxşı oldu! Mən əvvəldən o fonddan pul almağın əleyhinə idim, fikrimi dəfələrlə yazmışam, çıxışlarda söyləmişəm. Heç olmasa, həmin fondun hədəfə aldığı fırıldaq açıldı.
Yuxarıdakı fikrimi davam etdirim ki, bu fondun təkcə qəzetə yardımı dayandırması siyasi məqsəd daşımır, onun “Azadlıq”a pul ayırması da siyasi məqsəd güdürdü. Bu günlərə hazırlıq idi.
Icra hakimiyyətini təmsil edən prezidentin belə bir fond yaradıb mətbuata pul ayırması ölkə Konstitusiyasına, söz azadlığı standartlarına, demokratik ənənələrə ziddir. Ilham Əliyevin KIV-ə Dəstək Fondu yaradıb qəzetlərə pul paylaması, daha sonra ev tikdirib jurnalistlərə mənzil verməsi demokratik bir ölkədə rüşvət kimi qiymətləndirilərdi. Dövlət başçısının mətbuata verdiyi rüşvət kimi. Bu isə qanunla qadağan olunur, yenə də deyirəm, Konstitusiyanın prinsiplərinə, söz azadlığı standartlarına, demokratik ənənələrə ziddir.
Dünyanın heç bir yerində belə şey yoxdur. Mətbuata dəstək onun yemlənməsindən ibarət olmalı deyil, bunun əvəzinə normal dövlətlər bu sektorun infrastruktur inkişafına yardım edirlər. Mətbuatın fəaliyyətinə əngəl olan problemləri aradan qaldırılır. Üstəlik, bu sektoru inkişaf etdirən kampaniyalar keçirilir. Məsələn, bir çox ölkələrdə pulsuz abunə kampaniyası var. Mətbuata dəstəyin geniş təcrübəsi var dünyada. Təbii ki, əsl dəstəkdən, qanuni dəstəkdən söhbət gedir və bunu parlamentin qəbul etdiyi proqramla həyata keçirirlər.
Amma bizdə necədir? Hələ ötən dəfə Bəxtiyar Sadıqov “Azadlıq” radiosunun efirində beləcə də dedi: niyə prezidentin verdiyi pulu alırlar, amma onun “jurnalistlərin dostu” olmasına etiraz edirlər? Əflatun Amaşov hər dəfə bu mükafatın mənəvi əsaslandırılmasında prezidentin mətbuata və orada çalışanlara etdiklərindən söz açır. Yəni, pul ayırdılar, Ilham Əliyevi “mətbuatın dostu” elədilər. Indi də deyirlər, mətbuatın dostu niyə mətbuata təzyiq etsin ki?!