Vəkil naziri ittiham edir

İsrail şirkəti ilə Vergilər Nazirliyi arasında nə baş verib?

“Yasavul” hüquq firmasının direktoru, hüquqşünas Əliabbas Rüstəmov ölkə başçısı Ilham Əliyevə, baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova, Israilin Azərbaycandakı səfiri Rafael Harpaza, vergilər naziri Fazil Məmmədova və “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanova sensasion müraciət ünvanlayıb. Eyni zamanda hüquqşünas bu müraciəti “facebook” sosial şəbəkəsində yayıb. Əlabbas Rüstəmov müraciətində vergilər naziri Fazil Məmmədovu ittiham edir.

Bakı-Ələt yolunun inşası ilə bağlı müəmma

Hüquqşünasın sözlərinə görə, vergilər nazirinin göstərişilə Israil şirkəti olan “Ashtrom Internationale LTD”nin Azərbaycan filialı ilə bağlı qondarma cinayət işi başlanıb: “Fazil Məmmədov bu şirkətlə anlaşa bilmədiyindən onlara qarşı 9 milyon vergi hesablanıb və lisenziyasız fəaliyyət göstərdiyinə görə 4 milyon manatdan artıq gəlirinin alınması qərarına gəlinib. Lakin Baş Prokurorluğun əməkdaşlarının iştirakı ilə keçirilən yoxlamalar zamanı vergi əməkdaşlarının qərəzli olduğu tam sübuta yetirilib. Bütün hesablamalar mübahisələndirilərək məhkəmə müstəvisinə çıxarılıb. Buna baxmayaraq vergi orqanının qərarı əsasında və Baş Prokurorluğun təqdimatı ilə Israil vətəndaşı Fərəcov Erik Yevgeniyeviç həbs edilib. Bu şəxs faktiki olaraq girov götürülüb.
Bu şirkətin hüquqlarını müdafiə etdiyimə vergi əməkdaşları mənə vətənpərvərlik dərsləri keçməyə cəhd göstəriblər. Onlar bildirib ki, Israil vətəndaşı Azərbaycan dövlətini aldadıb. 80 milyonluq işi (söhbət Bakı-Ələt yolu ilə bağlı layihədən gedir) 34 milyona tamamlayıb, qalan 46 milyonu isə mənimsəyib. Vergi əməkdaşlarının fikrincə, mən dövləti “aldadan” bu əcnəbi vətəndaşın hüquqlarını müdafiə etməməliyəm. Lakin mən onlara bildirmişəm ki, Bakı-Ələt yolunun tikintisi ilə bağlı müdafiə etdiyim şəxsin rəhbərlik etdiyi şirkətlə “Azəryolservis” ASC arasında müqavilə imzalanıb. Dövlət tərəfindən bu yolun inşasının qəbulu barədə akt tərtib olunub. Və nəhayət, dövlət başçısının iştirakı ilə bu yolun açılışı olub. Bu halda hansı cinayətdən söhbət gedə bilər? Vergi əməkdaşları isə buna cavab olaraq bildirib ki, Israil şirkəti “Azəryolservis” ASC ilə birgə 46 milyon ABŞ dolları məbləğində vəsaiti mənimsəyib. Əgər belədirsə, o zaman “Azəryolservis” barədə niyə tədbir görülməyib? Tədbir görülməyibsə deməli, bu iddiaların heç bir əsası yoxdur”.

Hüquqşünas nazirin istefasını tələb edir

Əliabbas Rüstəmov daha sonra müraciətində vergilər nazirinin istefasını tələb edir: “Cənab Prezident!
Hüquqlarını müdafiə etdiyim “Aştrom International LTD” şırkəti barədə başlanmış cinayət işi üzrə yol verilmış qanunsuz əməllər barədə tədbir görülməsi, bütün bunların başında dayanan Fazil Məmmədovun vəzifəsindən azad edilməsini tələb edirəm. Bu tələbimin cavabsız qalması məndə belə qənaət yaradacaq, vergilər nazirinin qanunsuz əməllərindən şəxsən xəbərdarsınız və ona toxunulmazlıq statusunu məhz siz vermisiniz”.

Vergilər Nazirliyi iddiaları qəbul etmir

Hüquqşünasın müraciəti ilə bağlı “Azadlıq” qəzeti Vergilər Nazirliyinə sorğu göndərib. Nazirliyin Analitik-informasiya şöbəsi isə bu məsələ ilə bağlı redaksiyamıza arayış təqdim edib. Arayışda qeyd olunur ki, Vergi Auditi Departamenti tərəfindən “Ashtrom International ltd” şirkətinin Azərbaycandakı filialında 1 iyun 2009-cu ildən 31 may 2012-ci ilədək olan dövr üzrə səyyar vergi yoxlaması aparılarkən bir sıra qanunsuzluqlar aşkar edilib: “Yoxlanılan dövr ərzində xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan 1-ci və 2-ci dərəcəli avtomobil yollarının çəkilişi işlərigörülərək külli miqdar təşkil edən 2 392 880,0 manat məbləğində gəlir əldə edilib.
Vergi orqanına təqdim olunmuş bəyannamələrə gəlir və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə, filialda 2009-2011-ci illər ərzində 2 165 764,76 (2 milyon 165 min 764, 76) manat əlavə dəyər vergisi, 1ÿ336ÿ818,66 (1 milyon 336 min 818, 66 manat) manat ödəmə mənbəyində vergi, həmçinin 575ÿ657,02 (575 min 657, 02 manat) manat mənfəət vergisi olmaqla, ümumulikdə külli miqdar təşkil edən 4ÿ078ÿ240,44 (4 milyon 078 min 240,44 manat) manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılıb”.

Cinayət işinə niyə xitam verilib?

Fakt üzrə Cinayət Məcəlləsinin CM-nin 192.2.2(qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə cinayət işi başlanıb. Məhkəmə-mühasibatlıq ekspertizasının 07.02.2013-cü il tarixli  rəyində isə göstərilir ki, yoxlanılan dövrdə müəssisə tərəfindən 552 271,04 (552 min 271, 04 manat) manat mənfəət vergisi, 1ÿ336ÿ818, 66 (1 milyon 336 min 818, 66 manat) manat ödəmə mənbəyində tutulan vergi, 2ÿ139ÿ152,45 (2 milyon 139 min 152,45 manat) manat məbləğində əlavə dəyər vergisi olmaqla, ümumilikdə 4ÿ028ÿ242,15 (4 mlyon 028 min 242,15 manat) manat vergilərin azaldılması və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 2ÿ416ÿ262,00 (2 milyon 416 min 262 manat) manat xalis gəlir əldə edildiyi edilib.
Moşe Şlamoviç və Erik Yevgeniyeviç 22 fevral 2013-ci il tarixdə 192.2.2(qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) təqsirləndirilən şəxs qismində cəlb olunub və barələrində axtarış elan edilib.
Aprelin 4-də isə Erik Yevgeniyeviç Gürcüstanda saxlanılaraq Azərbaycana təhvil verilib. Vergilər Nazirliyinin arayışına əsasən o, təqsirini etiraf edib və dövlətə olan borcunu könüllü şəkildə ödəyib.
Moşe Şlamoviç və Erik Yevgeniyeviçin əvvəllər məhkum olunmadığı və onların dövlət büdcəsinə olan borclarının tam həcmdə ödənildiyi nəzərə alınaraq cinayət işinə xitam verilib.
Nazirlik Əliabbas Rüstəmovun müraciətindəki ittihamların əsassız olduğunu bildirib.

Azad