Bizə İctimai televiziya gərəkdir

İTV-də nələr dəyişib, niyə dəyişib?

Hesablama Palatası ITV-dəki yoxlamalarla bağlı hesabatı yekunlaşdırıb. Telekanalda aparılan yoxlamalarda kobud pozuntuların, ciddi maliyyə mənimsəmələrinin olmadığı sonucuna gəlinib. Bu yaxşı xəbərdir, ya pis – zaman göstərəcək. Yoxlamalar efirdə tamaşaçının görə bilmədiyi, əli yetmədiyi məsələlər üzrə aparılıb, nəticələrlə razılaşmaq, ya da düzgünlüyünə sadəcə şübhə ilə yanaşmaq olar. Amma tamaşaçının gördüyü və bəyənmədiyi məsələlər var ki, orda nə şübhənin yeri var, nə də sualın.
Ictimai televiziyanın efirində görünən əsas dəyişiklik onun AzTV-ləşməsidir. Informasiya, analitik proqramları eyni, verilişləri oxşar, reklamları bərabər, filmləri təkrar. “Carçı” əvvəldən axıra “Xəbərlər”in təkrarıdır. Mövzular eyni, obyektlər eyni, adamlar eyni, mətnlər eyni, çəkilişlər eyni, təqdimat eyni – Azərbaycan tamaşaçısının yarım saat fərqi ilə iki eyni xəbər proqramına ehtiyacı yoxdur. Bu proqramlar telekanal rəhbərləri üçündür. Bir yandan qazanc gəlir, o biri yandan yuxarılar razı qalır. Azərbaycan teleməkanına ekiz dövlət televiziyaları gərək deyil. Iki televiziya bir sədrə xidmət edir (izahı növbəti yazıda).  Əslində vətəndaş olaraq bizə iki nədir, heç bir dövlət televiziyası da gərək deyil. Ikisinin yerinə bir gerçək Ictimai televiziya yetərlidir. Elə televiziya ki, orda hakimiyyəti yox, özümüzü görək. Amma hardan, A.Alışanov-C.Quliyev cütlüyü “iki qoçun başını bir qazanda qaynatmaq”da israrlıdırlar. Onda “bulyon” dadlı alınır. Əgər bu televiziya rəhbərləri bizim gördüyümüz geriləməni görmürlərsə, günah onlarda yox, onları ora təyin edənlərdədir. Yox, görürlər amma belə sərf edir deyə görməzliyə vurularsa, yenə günah onlarda yox, hər iki kanalda baş verənləri görməzlikdən gələnlərdədir. Kor-kor, gör-gördür – ITV-dəki “Yekun” AzTV-dəki “Həftə”nin daha zəif formada təkrarıdır. Biz bu fikri ANS-in, ATV-nin, Space-nin həftəsonu verilişlərinə aid edə bilərikmi? Əsla! Mümkün deyil. Məzmun bəlkə də eynidir, amma orda mövzuya yanaşma fərqlidir, təqdimat fərqlidir, aparıcılar yerindədir. “Yekun”un aparıcısı Şaiq Məmmədov isə onların hamısından, hətta “Həftə”nin yorucu və üzücü aparıcısından daha hazırlıqsız, səriştəsiz görünür. Analitik proqramda mətni monitordan “robot” kimi oxumaqla tamaşaçı rəğbəti qazanmaq mümkün deyil. ITV üçün ən salamtı Ibrahim Məmmədovun təqdimatında “Həftə”ni paralel göstərməkdir. Çünki “Həftə”də ictimaiyyət üçün maraqlı bir şey olmasa da, yaradıcılıq, zövq var. Təzəlikcə AzTV-dən ITV direktoruna müavin gətirilən Ş.Məmmədovun başı yerini möhkəmlətməyə, əməkdaşlara “yerini göstərməyə” elə qarışıb ki, efirin məsuliyyətini, verilişə ciddi yanaşmaq gərək olduğunu da unudub. Adama elə gəlir, oxuduğu mətndən əsla xəbəri yoxdur. Dayandırıb sual versən son cümləsini belə xatırlamaz. Deyilənə dörə, Ş.Məmmədov AzTV sədri Arif Alışanovun ailəsinə (onun xanımının və qızlarının ingilis dili müəllimi olub) yaxınlığı ilə tabeçiliyində olan departamentlərdə təkhakimiyyətliliyə nail olub, efiri ələ keçirib. Departament rəhbərləri Füzuli Ismayılovu, Mehparə Quliyevanı faktiki olaraq arxa plana, adi icraçıya çevirib. ITV-dəki mənbənin dediyinə görə, F.Ismayılovun ekrandan, rəhbərlikdən uzaqlaşdırılması, adının ITV-nin saytında Direktorlar Şurasının siyahısından çıxarılması həm də prezident seçkilərindəki debatlarda bacarıqsızlığı üzündəndir. M.Quliyevanın isə təyin olunduğu vəzifədə özünü doğrultmadığı, işçilərlərlə qeyri-etik rəftarının cəzasını çəkdiyi bildirilir. Bu durumdan yaralanan Ş.Məmmədov olsa da M.Quliyevanın “rəhbərliyi” ona da dərs olmalıdır. Əməkdaşlar onun da işçilərlə münasibətindən narazıdırlar.
Qaydaları rəhbərlik dəyişir
Ictimainin efirində görünən daha bir dəyişiklik ötən illərdə çəkilən bədii-sənədli filmlərin ekrandan yığışdırılmasıdır. Onların yerini AzTV-də illər boyu təkrarlanan köhnə filmlər, qanuni lisenziya ilə alınıb-alınmadığı bilinməyən xarici filmlər tutub. “Carçı” filmin səkkiz ildə çəkdiyi filmlər göstərilmir. Çünki o filmlərin müəllifləri televiziyanın köhnə rəhbərliyidir. Onları xatırlatmaq olmaz. Təzə filmlər çəkilmir. Ölkə teleməkanı üçün ciddi iş sayıla biləcək “Qarabağnamə”ləri çəkməyə vəsait ayrılmır. Ən biabırçısı, tamaşaçıların dəfələrlə baxdığı köhnə verilişlərin sonluğundan yaradıcı qrupun adı, verilişin hazırlanma tarixi çıxarılır. Indiki baş direktor keçmiş baş direktor Ismayıl Ömərova və komandasına qarşı belə “mübarizə aparır”. Bu bir yandan tarixin saxtalaşdırılması, müəlliflik hüququnun pozulması, o biri yandan tamaşaçını aldatmaqdır. Tamaşaçı isə aldanan, gördüyünə göz yuman deyil. O yaxşı bilir ki, Ictimai televiziya tibb klinika deyil. Amma burda “Laçın”, “Bioloji təbabət”, “Güvən” klinikalarının, “Fransız silueti” kosmetika mərkəzinin adına addımbaşı rast gəlmək mümkündür. Özəl klinikaların bu qədər reklamı haqlı sual doğurur: bunca “genişürəklilik” insanların qorunmasına, yoxsa reklamdan gələn qazanca xidmət edir? Əslində tibb mövzusunu tək “Eskulap”la əhatə etmək olar.
Yeri gəlmişkən, itv-çiləri “Dobromed” tibb mərkəzinin reklamlarının efirdən yığışdırılması çox narahat edir. Əldə etdiyimiz məlumata görə, bu mərkəzlə televiziya arasında bağlaşma var: “Dobromed” reklamın qarşılığında televiziya əməkdaşlarını tibbi sığorta edibmiş. ITV-də direktor dəyişikliyindən sonra şərtlər də dəyişib. Işçilərin sığortası ləğv olunub, mərkəzə pullu reklam təklif edilib. Təbii ki, arada haqqı tapdanan, uduzan sıravi əməkdaşlar olub. Əməkdaşlarsa uduza-uduza gedirlər; Quba istirahət mərkəzində keyfiyyətin aşağı düşməsindən, şirkətdəki yeraltı qarajın başqa təyinatla istifadəsindən, qısamüddətli əmək müqavilələrindən, qonorarların “heçə” endirilməsindən, daha nələrdən. Uduzmaq varsa, udmaq da var. Bu yerdə uduzan tərəf işçilərdisə, udan tərəf telekanal rəhbərliyidir. Siyasi proqramların dəyərini heçə endirən, sosial problemləri işıqlandırmayan, Ictimai yayımın təməl prinsipləri olan balanslılığı, müxtəlifliyi gözləməyən ITV rəhbərliyi “Yeni stil”, “Müasir ev” kimi kommersiya xarakterli verilişlərlə də çox şey udur. Əgər Ictimai AzTV və özəl televiziyalrın standartlarıyla işləyəcəkdisə, adamlar əziyyət çəkib “Ictimai Televiziya və Radio yayımı haqqında” qanunu niyə işləyirdilər, Yayım Şurasını niyə yaradırdılar.
Yayım Şurası, heyyy…
Yayım Şurası demiş… Çoxdandır Ictimai Yayım Şurasının sədri Cahangir Məmmədlinin səsi eşidilmir. Qabaqlar arada efirə çıxıb ITV-nin uğurlarından danışardı. Uğurlarmı tükənib, deməyəmi söz qalmayıb, ya Cahangir müəllimə efir qadağası qoyublar, bəlkə də adam efir xatirinə danışamaqdan bezib, Arif Alışanovun mərhəmətindənmi keçə bilmir, hər nədirsə Yayım Şurasından xəbər-ətər yoxdur. Olsaydı ictimailəşmədən AzTV-ləşməyə keçidin qarşısını alardılar. Səsi, özü efirə layiq olmayan, “Yeni gün” proqramını, konsert proqramlarını rüsvayçılıq həddinə çatdıran müğənnilərin efirə təmənnalı çıxışlarına qadağa qoyardılar. Verilişlər arasında klip adına hər cür səviyyəsizliyin qarşısını alardılar. Efiri ucuzlaşdıran şübhəli yolları qapadardılar. Bir də soruşardılar ki, ay Cəmil müəllim, yeddi ayda ITV-də yaxşılığa doğru nə dəyişib? Niyə dəyişməyib? Öyrənərdilər ki, AzTV-dən ITV-yə kadr axını nə vaxt bitəcək? Bu biabırçılığa nə zaman son qoyulacaq? Amma hardan, Cəmil müəllim odur ey, Kiyevdə – uşaq Eurovisionunda. Baş direktor mayda Eurovisiondakı səsvermə ilə bağlı bəyanatın xəcalətindən çıxmağa gedib. Baş direktor qayıtmalıdır ki, Cahangir müəllim də onu tapa bilsin, sorusunu sora bilsin.

A.Türkoğlu

P.S. AzTV ilə bağlı yazı sabahkı sayımızda.