kiv-df

Azərbaycanda papaqçılıq sənəti…

Bu xalqın ən populyar baş geyimi

 

Azərbaycanda papaqçılıq sənəti yüz illər boyu xalqın tarixi, məişəti və mədəniyyət səviyyəsi ilə sıx əlaqədə inkişaf etmişdir. Bu ərazidə yaşayan xalqların əsas baş geyimi sayılan papaq qədimdən cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunur. Bir zamanlar bir kişinin papağının oğurlanması onun sahibinə qarşı düşmən hücumu kimi qiymətləndirilirdi. Tarixi yüz illərlə ölçülən milli baş geyimlərinin forması həm də onun daşıyıcısının sosial vəziyyətinin göstəricisi sayılırdı. Keçmiş zamanlarda kişilər istənilən halda papağı başlarından çıxarmırdılar. Ictimai yerlərdə baş geyimi olmadan görünmək rüsvayçılıq kimi dəyərləndirilirdi. Bu baş geyimi Azərbaycanda öz populyarlığını XX əsrin əvvəllərinədək qoruyub saxlaya bilib.
Qədim dövrlərdə kişinin başında börk olması əsas şərt idi. Oğlan uşaqlarının da özünəməxsus papaqları olurdu. Bu papaqlara “tərlik” deyərdilər. Ancaq tərlik papaq qədər qalın olmazdı, bir qat toxunan açıq qırmızı forması olardı. Bu papaq formasının Səfəvi hökmdarlarının “qızılbaş” ordusundan qalması zənn edilir.
Ölkəmizdə papaq əsasən qoyun xəzi və ya qaragüldən hazırlanırdı. Onların müxtəlif formaları və yerli adları mövcud idi. Araqçını kənddən kənarda papaqsız taxmaq ədəbsizlik hesab olunur, yalnız uşaqlara araqçında gəzməyə icazə verilirdi.
Növlərinə görə də fərqləndirilən papaqlar arasında ən çox populyar olan motal papağını əsas etibarilə yoxsul təbəqə, çoban papağını bu peşə sahibləri taxırdı.
Bəy zümrəsinin nümayəndələri və varlı təbəqə isə Buxara papaq geyinirdi. Onları Buxaradan gətirilmiş dəridən konus şəklində və ya iti uclu hazırlayırdılar. Belə papaqlar şəhər aristokratiyası üçün də xarakterik idi. Buxara papağa “Şiş papaq” və ya “bəy papaqları” da deyilirdi.
Papaq ənənəsi milli geyim tarixində elə dərin izlərlə kök salıb ki, ondan istifadə bu gün də aktualdır. Ən maraqlı nüans isə gənclərin hansı papaq növlərinə üstünlük verməsidir.
Milli atributların daha bir nümunəsi olan papaqlar tariximizin də müəyyən mərhələsinin əksidir. Onları nəinki qoruyub saxlamaq, papaqçılıq ənənəsini incəsənətin bir qolu kimi inkişaf etdirmək də lazımdır.

Yaxşı papaqçını barmaqla göstəriblər

Bakının mərkəzi küçələrinin birində 45 ilə yaxındır ki,  papaqçılıqla məşğul olan Nazim Nəcəfov: “1933-cü ildə Irəvanda anadan olmuşam. Elə bilməyin ki, anadan elə papaqçı doğulmuşam. Gəncliyimdə güləşlə məşğul olurdum. Bu istəklə də Bədən Tərbiyəsi Institutunu bitirdim. Amma sonda babam Cəfərdən miras qalan papaqçılıq sənətini özümə sənət seçdim. Odur, budur papaq tikirəm. Necə tikirəm, bunu müştərilərdən soruşun.
…Kim deyir ki, dəbdən düşdü, papaq həmişə dəbdədir. Mən gözümü açandan papaqlı, papaqsız adamlar görmüşəm. Qədimdə deyirdilər ki, kişi papaqsız gəzməz. Sonra dövran dəyişdi, amma dövranın küləyinə uymayıb ömrü boyu başında papaq gəzdirən kişilər oldu. Belə bir söz var, deyir, hər adam başında papaq saxlaya bilmir.
Başqalarını deyə bilmərəm, azərbaycanlılara papaq yaraşır. Özü də yaxşı yaraşır. Son illər papaq alanların sayı artır. Bu da bizi sevindirir.
Qədimdə dövlətlilər bahalı Buxara dərisindən papaq qoyardılar. Ancaq papağın formasına gəldikdə kim hansı formada istəyərdi, başına da elə papaq qoyardı. Indi də elədi, kim necə istəyir, hansı rəngdə istəyir o cür də papaq sifariş verir…”.

Şəkili papaqçı Aqil Kərimov:

“Mən papaqçılıq sənətini babamdan, atamdan öyrənmişəm. Azərbaycanda qədimdə 650 papaqçı olub ki, onların 250-si Şəkidə olub. Ancaq indi Şəkidə papaqçı atam və mənəm. Papaq-mənim anlamımda qeyrət rəmzidir və bunu bütün kişilər başına qoymalıdır. Şəkidə papaq həm yerli əhali, həm də xaricilər tərəfindən alınır. Əsasən bizdə gənclər deyil, yaşlı insanlar alırlar, ancaq keçmişdə olduğu kimi həvəs yoxdur. Papaqları əsasən qaragül quzularının dərisindən hazırlayırıq ki, bunlar da Özbəkistandan gətirilir. Həmin qoyun növü ölkəmizdə yoxdur və bir vaxt gətirilsə də, bu növ qoyunlar inkişaf etmədi. Bu qoyunların əti yeyilmir, onun ancaq dərisindən istifadə edilir. Hətta elə quzular var ki, dərisini almaq üçün ana bətnində boğulur. Qiymətlərə gəldikdə isə, məsələn, qara rəngli papaqlar 60-70 manat, ən bahalı gümüşü rəngli əntiq adlanan papaqlar 150-180 manatdır. Çoban papaqları adlanan ağ rəngli bu papaqlar əsasən çobanlar, rəqqaslar üçün nəzərdə tutulur. Ancaq daha çox xaricilər alırlar. Onu da qeyd edim ki, hazırda bu papağı alan çoban yoxdur. Sadəcə, adı qədimdən belə saxlanılıb. Bu dərilər də bahalıdır və 60-70 manata satılır. Şəkidə dükanımız var və orada istehsal edib satırıq. Mən istəmərəm ki, babam, atam məşğul olduğu bu qədim sənət unudulsun. Ancaq təəssüf ki, indi bu sənətlə heç bir gənc maraqlanmır. Ölkəmizdə keçirilən müxtəlif sərgilərdə iştirak etmişəm. Papaqçı olmaq üçün bu sənəti bacarmaq lazımdır. N.Gəncəvinin sözlərilə desək: ”Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Bu çətin sənət olduğu üçün hər insanın işləməyə səbri çatmır. Elə papaq var ki, 1-2 günə, eləsi də 1 həftəyə başa gəlir. Bir vaxtlar bölgələr üzrə ayrı-ayrı papaq növlərindən istifadə edilib, ancaq indi eyni formalardan istifadə edilir. Indi əsasən papağı ziyalılar alır. Əziyyəti qazancından daha çoxdur. Ancaq bu sənətə gəlməyimə peşman deyiləm”.

“Indi çox az adam papaq tikir…”

Kamil Məlikov 1955-ci ildən bu sənətlə məşğuldur.

Kamil kişi deyir ki, hər millətin öz milli geyimi var. O vaxt deyərdilər ki, papaq qeyrətdir. Indi isə, çoxusu başıaçıq gəzir. Özbəklər araxçından əl çəkmir, yəhudilər də adi adamlardan prezidentə kimi başlarına girdə araxçın qoyurlar. Bəs, nə üçün bizim millət gedib xaricdən pis-pis şeylər öyrənirlər? Papağı millətçiliklə əlaqələndirən Kamil dayı vurğuladı ki, bu papağı qoyan kişinin qəlbində millətçilik var. O, bununla əsl azərbaycanlı olduğunu göstərir.
Papaqçı onu da qeyd edir ki, papaq üçün əsasən, yaşlı kişilər müraciət edir. Cavanlarsa maraq göstərmir. Bundan başqa, övladlarına kiçik toy edən valideynlər də onlar üçün balaca ölçülü papaq sifariş edirlər. Getdikcə papaqçılıq sənətinin ölməsini dilə gətirən Kamil usta heç olmasa, kiçik toy şənliyində bu papaqlardan istifadə olunmasını sənət üçün böyük ümid çırağı hesab edir.
Indi çox az adam papaq tikir, çünki çox az adam papaq qoyur. Amma nə yaxşı olardı ki, milli adət-ənənələrimizi, qədim papaqçılıq sənətini yaşatmaq üçün hər kəs ömründə bir dəfə özünə papaq tikdirib həm qarderobunu zənginləşdirəydi, həm də babalarımızın ruhunu şad edəydi.
Papaqçılığı kişi sənəti hesab edənlər də yanılır. Bakıda papaqçılıqla məşğul olan Lyüdmila Cavanşirova da belə düşünür: “Mənə elə gəlir ki, bu sənət üçün doğulmuşam. Nə yaxşı ki, belə bir sənətim var. Düzdür, elə bir vaxt olub ki, hər şeyi atıb getmək istəmişəm. Sonra fikirləşmişəm ki, onsuz da papaqçılıqla məşğul olan adamlar barmaqla sayılacaq qədər az qalıb. Bu sənəti kimsə yaşatmalı, gələcək nəsillərə ötürməlidir. Axı papaq bizim milli dəyərlərimizdən biridir. Onu qorumaq lazımdır. Tikdiyim papaqlar mənim deyil, millətimin papağıdır. Bütün xalqların öz milli papaqları var. Ancaq iki millətdən başqa. Rusiya qaraçıları və ermənilərin özlərinə məxsus olan papaqları yoxdur. Bunun nə demək olduğu başa düşüləndir… Bu gün papaqlarımızı digər xalqların papaqlarından ayıra bilmirik. Hətta milli papaq kimi uzun illərdi başqa xalqların papaqlarından istifadə olunur. Bunun nəticəsi olaraq tez-tez telekanallarda ”Tərəkəmə” rəqsi oynayanların başlarında türkmən papaqlarını görmək olar. Etiraz etdikdə isə məlum olur ki, bundan onların xəbərləri yoxdur. Bundan başqa, din xadimlərimizin, xüsusilə mollaların istifadə etdikləri papaqlar bizimki deyil”.
Lyudmila xanım ölkədə papaq muzeyinin yaranmasının zəruri olduğunu bildirir. Gözəl təşəbbüsdür! Amma papaq muzeyi olsa da, milli dəyərimiz papaqların muzey eksponatı olaraq qalmasını kimsə arzulamaz. Yoxsa, böyük Mirzə Cəlilin bu sözləri ilə razılaşmalı olacağıq: “O vaxt sevindiyimizdən papağı göyəÿelə tullamışıq ki, hələ də qayıtmayıb”.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir