Səlim Müslümovdan sələfini bitirəcək addım

Yeni nazir Füzuli Ələkbərovun məxfi saxladığı ünvanlı sosial yardım siyahısını açıqladı

2006-cı ildən ünvanlı sosial yardımların verilməsinə başlanmasına baxmayaraq yardım alan vətəndaşların adları açıqlanmırdı. Hətta bu məsələ ilə bağlı deputatların sorğularına belə cavab verilmirdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu vətəndaşların “şəxsi məlumatı” adlandıraraq bu barədə açınlama verilməsinin qanunazidd olduğunu iddia edirdi.
Bu isə ünvanlı sosial yardım verilməsində ciddi maxinasiyalara yol verildiyi barədə şübhələrin əsassız olmadığını göstərirdi. Mətbuatda bəzi hallarda özəl mənbələrə istinadən yardımın ehtiyacı olmayan vətəndaşlara da hansısa şərtlər daxilində verildiyi barədə məlumatlar dərc edilirdi. Lakin artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yardım alanların adlarını açıqlayıb. Bundan sonra kimin sosial yardım aldığını öyrənmək üçün nazirliyin internet səhifəsinə baxmaq kifayətdir.
Səlim Müslümovun bu addımı ünvanlı sosial yardımların verilməsilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yerli şöbələrinin müdirləri ilə vətəndaşlar arasında qalmaqaldan irəli gəlir. Bu qalmaqal barədə “Azadlıq”ın ötən saylarında məlumat vermişik. Həmin məlumatda deyilir ki, hansısa şərtlər müqabilində vətənlaşlara ünvanlı sosial yardım verilməsi mexanizmi iflasa uğrayıb. Mexanizm bundan ibarət olub ki, hansısa vətəndaş qanunsuz ünvanlı sosial yardım almaq istəyibsə, bunu təşkil edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul şəxsləri – əsasən şöbələrinin yerli idarələrinin müdirləri ilə belə razılaşma əldə edib ki, yardımın 6 ayı onlara veriləcək. Razılaşmaya görə yardım kartları da müdirdə saxlanılmalıdır. Səlim Müslümov nazir təyin ediləndən sonra bəzi müdirlər narahat olaraq özlərində saxladıqları vətəndaşlara məxsus yardım kartlarını geri qaytarıblar. Bu zaman isə bəlli olub ki, karta vətəndaşlara verilən məbləğdən çox yazılırmış. Bu vətəndaşlarla müdirlər arasında qalmaqala səbəb olub. Hazırda hüquq-mühafizə orqanlarının bununla bağlı araşdırma aparıldığı bildirilir.
Ünvanlı sosial yardım alanların siyahısının açıqlanması isə bu sahədəki korrupsiya faktlarının araşdırılmasını daha da asanlaşdıracaq. Güman ki, bu addım kütləvi həbslərlə nəticələnəcək.

İnformasiya şöbəsi