Vəkil təkrar ekspertiza tələb edir

Anar Qasımov: «Narkoloji Dispanserin ziddiyyətli rəyindən Cabbar Savalanlının əleyhinə istifadə oluna bilər»

Martın 28-də Sumqayıt Şəhər Məhkəməsində qanunsuz narkotik maddə saxlamaqda ittiham olunan AXCP gənclər təşkilatının üzvü Cabbar Savalanlının işi üzrə növbəti məhkəmə keçiriləcək. Bu barədə “Turan”a gənc fəalın vəkili Anar Qasımov məlumat verib.

Onun sözlərinə görə, Narkoloji Dispanserin ziddiyyətli rəyindən Savalanlının əleyhinə istifadə oluna bilər. Buna görə müdafiə tərəfi istintaqın rədd etdiyi alternativ, həmçinin təkrar ekspertizanın keçirilməsi, Narkoloji Dispanserin rəy verən həkimlərinin istintaqda şahid kimi dindirilməsi barədə vəsatət qaldırıb.
Xatırladaq ki, ekspertiza Savalanın narkotikadan fiziki və psixoloji asılılığını müəyyən etməyib və onun icbari müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı, ekspertlər gəncin narkotik maddədən istifadə etməsinin mümkünlüyünü istisna etməyiblər. Bu o deməkdir ki, Savalanlı narkotika istifadəçisi kimi tanına bilər. Necə ki, bu, Eynulla Fətullayevlə baş vermişdi.

Vəkil, həmçinin 1 saylı cəzaçəkmə müəssisəsində jurnalist Eynulla Fətullayevlə görüşüb. Həyatına təhlükə ilə əlaqədar jurnalist 20 gündən artıqdır ki, karserdə qalır.
Vəkilin sözlərinə görə, Fətullayev ombudsman Elmira Süleymanova ilə görüşə təkid edir. E.Fətullayev ombudsman aparatının martın 19-da yaydığı xəbərdən narazı qaldığını bildirib. Belə ki, daha çox onun səhhəti ilə maraqlanıblar, halbuki onun digər cəzaçəkmə müəssisəsinə köçürülməsi məsələsinə, həmçinin jurnalistə naməlum qara maskalılar tərəfindən hücuma toxunulmayıb.