Avropa İttifaqının liderləri Vilnüs sammiti haqda yazdı

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu və Avropa İttifaqının Hökumət və Dövlət Başçıları Şurasının prezidenti Herman van Rompey noyabrın 27-də birgə məqalə yayıb:

– Sabah Avropa İttifaqı liderləri Şərqi Avropadan olan həmkarları ilə Şərq tərəfdaşlığı sammitinin keçiriləcəyi Vilnüsdə toplanacaq. Vilnüs sammiti birgə niyyətimizin daha geniş Avropa qitəsini birgə dəyərlər və məqsədlər ətrafında bir az da yaxınlaşdırmaq olduğunu sübut edəcək.

Şərq tərəfdaşlığı Şərqdəki qonşuluğumuzda olan ölkələrlə daha yaxın siyasi assosiasiya və iqtisadi inteqrasiya təşviq etmək üçün Avropa İttifaqının əsas siyasi alətidir. Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna bu tərəfdaşlıqda iştirak edir.

Məqsədimiz qanunun aliliyi əsasında demokratik, perspektiv və sabit qonşuluğun addım-addım qurulması üçün regiondakı tərəfdaşlarımızla birgə işləməkdir. Çoxpartiyalı sistemlərin və əsas azadlıqların dəstəkləndiyi, müstəqilliyə hörmət bəslənən, şüarı rəqabət deyil, əməkdaşlıq olan demokratik qonşuluq məkanı. Həm Avropa İttifaqı, həm də tərəfdaş ölkələrdən olan sahibkarlara fayda qazandıran daha çox iş və biznes imkanlarının olduğu, nəqliyyat bağlantılarının gücləndiyi, eləcə də səfər və tələbə mübadilələrinin artdığı çiçəklənən qonşuluq məkanı. Açıq münaqişə riskinin yox olduğu, insanlar öz ölkələrindən kənarda daha yaxşı həyat axtarmaq məcburiyyətində qalmadığı üçün miqrasiya təzyiqlərinin azaldığı sabit qonşuluq məkanı.

Vilnüsdə ittifaqın qonşuluq siyasətinin ilk onilliyinin başa çatdığı və 2009-cu ildə Şərq tərəfdaşlığının işə salındığı vaxtdan sonra ötmüş ilk dörd ili qeyd ediləcək. Biz öz tərəfdaşlarımızla Dərin və Hərtərəfli Azad Ticarət Məkanları daxil olmaqla iddialı Assosiasiya Sazişləri üzərində çalışmağa davam edir, ittifaqla region arasında səfərlərin yüngülləşdirilməsi və liberallaşdırılması istiqamətində olan meyarlara və tədbirlərə cavab veririk.

Bu sazişlər ancaq müştərilərinin sayı yarım milyard nəfərdən artıq olan dünyanın ən iri bazarına çıxış təklif etmir, eləcə də öz iqtisadiyyatlarında islahatlar aparmaq və onu yenidən formalaşdırmaqda və öz cəmiyyətlərini müasirləşdirməkdə tərəfdaşlarımıza yardım edir.

Danışıqları yeni bitirdiyimiz Gürcüstan və Moldova üçün sammitdə böyük tərəqqi əldə ediləcək və sazişlərimiz paraflana biləcək.

Şübhəsiz ki, Dərin və Hərtərəfli Azad Ticarət məkanı da daxil olmaqla Assosiasiya Sazişi ətrafında danışıqlar apardığımız və sazişi paraflandırdığımız Ukraynaya daha çox diqqət ayrılacaq. Sazişin Vilnüsdə imzalanmasına dair təklifimiz hələ də qüvvədədir. Bunun üçün Ukrayna rəhbərliyinin zəruri siyasi iradəsinin olması, 2012-ci ilin dekabr ayında müəyyən edilmiş şərtlər istiqamətində qəti tədbirlərin görülməsi və gözəçarpan tərəqqinin əldə edilməsi tələb olunur. Əminik ki, sazişin imzalanması ilə bütün Ukraynalıların çiçəklənən və sabit gələcəyinin qurulması baxımından Ukraynanın iqtisadi vəziyyəti, islahat kursu və müasirləşdirməsi istiqamətində mümkün olan ən yaxşı şəkildə yardım göstəriləcək. Ukrayna vətəndaşları bu son günlərdə bir daha Avropa assosiasiyasının tarixi mahiyyətini tam şəkildə başa düşdüklərini və onu qəbul etdiklərini nümayiş etdiriblər.