11 martın təşkilatçılarından 2 aprelə dəstək

Onlar 2 apreli «Böyük Qəzəb Günü» adlandırıblar

Azərbaycan müxalifətinin aprelin 2-nə təyin etdiyi mitinqə 11 mart aksiyasının təşkilatçılarından dəstək gəlib. Onlar Facebook sosial şəbəkəsində “2 aprel – Qəzəb günü” adlı qrup yaradıblar. Artıq 1000-ə yaxın şəbəkə istifadəçisi aksiyada iştirak edəcəyini göstərib. 11 martın təşkilatçılarından olan Elnur Məcidli “Azadlıq” qəzetinə açıqlamasında 2 aprel aksiyası ilə bağlı təbliğat işlərinin 11 martdan fərqlənmədiyini deyib:

“11 Mart – Böyük Xalq Günüylə Azərbaycanda baş verəcək böyük dəyişikliyin əsasını qoyduq. 11 Marta qədər bir çox insanın inamını qazandıq, insanlara özlərinə qarşı inam qazandırdıq. Bu xalq heç nə edə bilməz deyənlər, yanıldıqlarını etiraf etmək məcburiyyətində qaldılar. Kim nə deyir desin, qəbul etsin və ya etməsin, Azərbaycanda artıq yeni bir proses başlayıb. Etdiklərimizə inanmayanlar, qulp qoyanlar olub və olacaq. Azərbaycan xalqı ən yaxşısına layiqdir və bunu əldə etmək üçün də o cəsarətə, ləyaqətə sahibdir”. Elnur Məcidli deyib ki, 2 aprel – Böyük Qəzəb Günü isə bu prosesin daha mütəşəkkil şəkildə davamı olacaq: “2 Aprel eyni zamanda 11 Martdan etibarən silsilə aksiyalara başlandığını təsdiq edən tarixdir”. Bloger Həbib Müntəzir də 2 aprel aksiyasına dəstək verdiyini deyib. O deyib ki, internetdə yaratdığı Fərq TV vasitəsilə bu dəstəyi əsgirməyəcək: “Bütün gəncliyi, xalqın narazı təbəqəsini Əliyevlər rejiminə qarşı öz etirazını bildirməyə səsləyirəm. Bu rejim gedənə qədər təbliğatımız və mübarizəmiz davam edəcək”.

Elmin