Cəmil Həsənli ABŞ səfrinə dair mətbuat konfransı keçirdi və ölkə gündəmini dəyərləndirdi
«Dövlət Departamentində, Konqresdə, Senatda, Pentaqonda mühüm görüşlərimiz oldu»
«Enerji layihələri, boru kəmərləri hara gedirsə, siyasət də ora inteqrasiya etməlidir»
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ABŞ səfərinin yekunları ilə bağlı dünən RATİ-nin ofisində mətbuat konfransı keçirib. Noyabrın 14-dən 24-nə qədər davam edən səfəri zamanı görüşdüyü şəxslər və müzakirə etdiyi mövzular barəsində məlumat verən C.Həsənli vurğuladı ki, Vaşinqtondakı təmaslarında əsas müzakirə mövzusu Azərbaycan reallıqları, ölkədəki insan haqları və demokratiyanın durumu olub: «Konqresdə, Senatda, Dövlət Departamentində, Amerika İnkişaf Agentliyində (USAİD), müxtəlif insan hüquqları təşkilatlarında və Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu beyin mərkəzlərində görüşlərimiz oldu. Konqresdə noyabrın 15-ə ilk görüşümüz insan hüquqları ilə məşğul olan Lantos qrupu ilə oldu. Bu qrup konqresmen Lantosun adı ilə bağlıdır və onun xatirəsinə yaradılıb. Bu qrupun üzvləri fəaliyyətlərində insan hüquqlarının qorunması istiqamətini əsas götürüblər. Bu qrupun rəhbəri Ceyms Moranla görüşümüz oldu. O, ötən həftə Azərbaycana səfər edən konqress üzvlərinin sırasında idi. Biz Azərbaycandakı siyasi vəziyyəti, insan haqlarının durumunu, demokratiya və seçkilərlə bağlı məsələləri ətraflı müzakirə etdik. Xüsusilə siyasi məhbuslar mövzusuna toxunuldu. Qeyd edildi ki, son 20 ildə elə hal olmayıb ki, Azərbaycan nə prezident, nə də parlament seçkilərinə bu qədər siyasi məhbusla getmiş olsun. Siyasi məhbusların içərisində mətbuat nümayəndələrinin olması xüsusi narahatçılıq doğurdu. Siyasi məhbuslar içərisində İlqar Məmmədovun, Tofiq Yaqublunun, Yadigar Sadıxlının, Qurban Məmmədovun, «NİDA»çı dostlarımızın, dini kəsimlə bağlı olan şəxslərin adları daha geniş vurğulanır. Lantos qrupu hazırda həm Obama administrasiyasına, həm də Azərbaycan hakimiyyətinə siyasi məhbuslarla bağlı müraciət ünvanlamağı planlaşdırır.

«Azərbaycandakı durum narahatçılıq doğurur»
C.Həsənli həmçinin “Freedom House” İnsan hüquqları təşkilatında da olub, qurumun rəhbəri Devid Kremerlə görüşüb. C.Həsənli bildirdi ki, bu təşkilatda da Azərbaycanda insan haqları və demokratiya ilə bağlı problemlər üzündən ciddi narahatçılıq keçirdirlər. C.Həsənlinin növbəti maraqlı görüşü ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən hesab olunan Karnegi Fondunda baş tutub: “Bu fonda Azərbaycanda seçkilərin doğurduğu sosial, siyasi nəticələr haqqında məruzəmiz oldu. Bu tip məruzələrin təqdimatı zamanı orada Vaşinqtonda fəaliyyət göstərən ən nüfuzlu dövlət qrumları dəvət olunur. Dövlət Departamentinin, Konqresin, Senatın, Pentaqonun, həmçinin müxtəlif nazirliklərin və digər vacib qurumların nümayənədələri də bu dəyərləndirmələrdə iştirak etdilər. Görüş bir saat vaxt nəzərdə tutulsa da, sualların çoxluğundan, görüş saat yarım davam etdi». C.Həsənlinin həmçinin Senatın xarici əlaqələr komitəsində, Konqresin təhlükəsizlik komissiyasında görüşləri olub. Hər iki görüşdə prezident seçkiləri, seçkilərdən sonra Azərbaycandakı vəziyyət, regionda gedən proseslər, demokratiyanın durumu və demokratik inkişafın mümkün istiqamətləri barədə fikir mübadiləsi oldu: «Xarici əlaqələr komitəsində olan görüşdə senator Feberin ofisinin rəhbərliyi iştirak edirdi. Senator Feber belə bir açıqlama ilə çıxış edib ki, Azərbaycanda seçkilər saxta keçirilib. Heç olmasa bunun müqabilində siyasi məhbuslar azad edilməlidir. Ölkədə siyasi məhbuslar saxta ittihamlarla həbs olunublar. Sanki hakimiyyət bu vətəndaşlarını öz girovuna çevirir ki, beynəlxalq təşkilatlarla bu istiqamətdə alver etmiş olsun. Hansısa güzəştlərin edilməsinə nail olsunlar”.
«Söz azadlığına verilən qiymət»
C.Həsənli “Amerkanın səsi” radiosunda da görüş keçirib. C.Həsənlinin sözlərinə görə, bu görüş Amerikada söz və mətbuat azadlığına verilən önəmi bir daha sübut edib: “Amerikanın səsi” bu gün də Amerika siyasətinin dünyada təbliği istiqamətində fəaliyyət göstərən ən böyük informasiya mərkəzi olaraq fəaliyyətini davam etdirir. Radionun rəhbəri ilə görüşümüz maraqlı bir mənzərə ilə başladı. O, məni otaqda pəncərənin qarşısına dəvət etdi və buradan Amerika Konqresinin əzəmətli binası görsənirdi. O dedi ki, “Biz onların müəyyən etdiyi siyasəti həyata keçiririk. Ancaq onlar bizə heç vaxt göstəriş vermirlər ki, biz nəyi necə yazaq və nədən yazaq”. Bu, mətbuat, söz azadlığının bir nümunəsi idi. Biz onunla Azərbaycan mətbuatının vəziyyəti barədə danışdıq”.
Səfərin sonuncu günü isə C.Həsənli keçmiş səfir Riçard Kozlariç, insan hüquqları müdafiəçisi İrina Losota ilə görüşüb. Həmçinin Vilson mərkəzində alim həmkarlarla görüşüb: “Amerika Adminstrasiyasının önəmli şəxslərindən olan Tomas Melia ilə də görüşüm oldu. Ümumiyyətlə, Mili Şuranın uğurlu bir model olduğu Amerika siyasi dairələri tərəfindən də qeyd edildi. Qurumun əldə etdiyi mənəvi qələbənin Azərbaycan cəmiyyəti üçün əhəmiyyəti qeyd edildi”.
C.Həsənli ABŞ-da həmçinin Amerika Azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkilatının üzvləri ilə də görüşüb. Həmin tədbirdə də Vaşinqtondakı siyasi dairələrin böyük marağı olub. C.Həsənli onu da vurğuladı ki, ABŞ-da keçirdiyi görüşlərdə diqqət çəkən məqam Amerikanın siyasi dairələrinin Azərbaycandakı durumdan müfəssər məlumatlarının olması idi. Xüsusilə seçki pozuntuları, demokratiyanın vəziyyəti ilə bağlı ABŞ rəsmiləri kifayət qədər məlumatlıdırlar.
Daha sonra C.Həsənli jurnalistləri maraqlandıran suallara cavab verdi:
«Postsovet məkanının tarixində dönüş məqamı»
Avropa İttifaqının Vilnüsdə keçirilən Şərq tərəfdaşlığı sammiti və Azərbaycanın Aİ ilə əlaqələri mövzusunda suala cavabında C.Həsənli deyib ki, indiki vəziyyətdə Avropaya inteqrasiya siyasətini dərinləşdirmək əslində Azərbaycan üçün şans yaradar, Qarabağ münaqişəsinin ədalətli həllinə kömək edər: “Avropa və postsovet məkanının taleyində bir dönüş məqamı başlayır. Ukraynanın siyasi dairələri açıq etiraf etdilər ki, Rusiyanın təkidi ilə onlar Şərq Tərəfdaşlığına qoşulmağı dayandırıblar. Azərbaycana gəlincə isə, bizim yanaşma belədir ki, ölkəmiz Şərq Tərəfdaşlığı proqramına qoşulmalıdır, öz oriyentasiyasını müəyyən etməlidir. Əslində Azərbaycan bu seçimi çoxdan edib. Hələ 1918-ci ildə Xalq Jumhuriyyəti yaranan zaman Azərbaycanın Avropaya inteqrasiya kursu seçdiyi bəyan edilib. Yenidən müstəqillik qazananda da Azərbaycan Qərb dəyərlərinə qoşulmaq istiqamətində kurs seçdiyini elan edib. Bu məsələdə iqtisadi amil mühüm rol oynayır. Enerji layihələri, boru kəmərləri hara gedirsə, siyasət də ora inteqrasiya etməlidir. Milli Şuranın təssisi zamanı onun rəhbərliiyi tərəfindən edilən çıxışlarda da Azərbaycanın Avropaya inteqrasiyası mühüm istiqamət kimi göstərilib. Ölkəmizin ərazisinin bir hissəsi işğal altındadır və bu narahatlıq doğurur. Ermənistan Gömrük İttifaqına daxil olandan sonra ilk dəfədir ki, Azərbaycanın qarşısında uğurlu perspektiv açılır. Azərbaycanın yolu Avropadan, Qarabağın yolu isə Azərbaycandan keçə bilər. Azərbaycan Vilnüsdə sənədləri imzalamalıdır. Bunu mən Milli Şuranın üzvü kimi bəyan edirəm. Azərbaycan hakimiyyəti buna getməsə Milli Şura bütün Konstitusiyon imkanlarla buna etiraz edəcək».
«Mətbuat yırtıcısı onun dostu necə ola bilər?»
C.Həsənli İlham Əliyevə “mətbuatın dostu” mükafatının verilməsini ədalətli saymadığını da deyib. Bildirib ki, ölkədə demokratiya, insan hüquqları sahəsində vəziyyət bərbaddırsa, 140-a yaxın siyasi məhbus varsa mətbuat nümayəndələrinin bu addımı başa düşülən deyil.
Daha sonra o, həmin görüşdə hansı məsələlər qaldırılmalıydı xüsusunda fikrini bildirib: “Əgər ölkə rəhbəri son on ildə nəhayət ki, ölkədə fəaliyyət göstərən jurnalistlərlə görüşübsə, bu görüşdə müəyyən vədlər veribsə, bu Azərbaycandakı mövcud siyasi vəziyyətin aydın göstəricisidir. Mən demişəm 9 oktyabrdan sonrakı Azərbaycan 9 oktyabra qədər ki, Azərbaycan olmayacaq. İyunda YAP-ın qurultayında cənab İlham Əliyevin çıxşına diqqət yetirin. Həmin çıxışda İlham Əliyev müxalifəti düşmən, xayin, satqın elan etmişdi. Bildirmişdi ki, bu qüvvələrə cəmiyyətdə heç bir yer yoxdur. Nə baş verdi ki, İlham Əliyev belə qısa zamanda belə kəskin dönüş etdi. Bu 9 oktyabrda baş verənlərin göstəricisidir. İlham Əliyevə «mətbuatın dostu» nominasiyasının verilməsi ədalətli deyildi. İlham Əliyev dəfələrlə beynməlxalq təşkilatlar tərəfindən “Mətbuatın yırtıcısı” adlandırılıb. Əgər ölkə söz azadlığının vəziyyətinə görə bu durumdadırsa bu mükafatın təqdimatı başa düşülən deyil. Belə bir mükafatın verilməsi Vilnüs sammiti ərəfəsində hakimiyyətə mətbuatın etimad etdiyi görüntüsünü yaratmaq məqsədi daşıyır. Yerli və xarici mətbuatda hakimiyyətin korrupsiya fəaliyyəti ilə bağlı xeyli sayda məlumatlar dərc olunub. Əgər dövlət başçısı mətbuatın nümayəndələri ilə görüşürsə, mətbuatın verdiyi bu məlumatların araşdırılması istiqamətində də addımlar atılmalıdır. Mətbuat rüşvət və korrupsiya ilə bağlı kifayət qədər məlumatlar verir”.
«Milli Şuranın sessiyası keçiriləcək»
Cəmil Həsənli tədbirdə Milli Şuranın gələcək fəaliyyəti ilə bağlı da danışdı: “Milli Şura seçki ərəfəsində demokratik müxalifətin birlik modeli kimi formalaşmışdı. Azərbaycanın gerçək müxalifətinin birlik modeli idi. Milli Şuranın yaranmasında Rüstəm İbrahimbəyovun böyük rolu var idi. Zaman-zaman ictimai fikiirdə belə bir tendensiya var idi ki, müxalifət birləşmək imkanına malik deyil. Ancaq bunun əksi sübut edildi. Seçki dövründə bu model yarandı, işlədi. İlk dəfə olaraq seçki monitorinqinə bilavasitə mandatı olan ATƏT-in Varşava bürosu seçkilərə mənfi rəy verdi. Milli Şura qısa müddətdə ictimai rəyi dəyişdi. Bundan sonra necə fəaliyyət göstərəcəyini ABŞ və Avropa görüşlərində müzakirə etmişik. Güclənəcək, müxalifətin və müxalif fikrin birliyi kimi öz fəaliyyətini davam etdirəcək. Bütövlükdə Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayacaq. Yaxın bir həftə ərzində qurumun sessiyası çağırılacaq və bu məsələlər müzakirə ediləcək”.
Milli Şuranın rəhbərliyində dəyişikliklərlə bağlı mətbuatda səslənən təklifələrə isə C.Həsənlinin münasibəti belə oldu: «Milli Şuranın adına diqqət yetirin. Bu təşkilat Demokratik Qüvvələrin Milli Şurası adlanır. Demokratiya olan yerdə fikir azadlığı, fikir müxtəlifliyi olmalıdır. Bundan da narahat olmağa dəyməz. Bu müzakirələr tamamilə normaldır. İnsanlar siyasi qurumlar taleyini Milli Şura ilə bağlayırlarsa, bu cür müzakirələr də olmalıdır. Müzakirələr Milli Şuranı daha demokratik və işlək edəcək. Yaxın vaxtlarda Milli Şuranın sessiyasında müəyyən məsələlərə münasibət bildiriləcək. Milli Şura böyük təşkilatdır və böyük potensialı var. Xalqımı, millətimiz üçün doğru olanları Milli Şura müzakirə edəcək və qəbul ediləcək».
«Sistemin xalqların millətlərin həyatında mühüm rolu var»
Sual-cavab zamanı C.Həsənli hakimiyyətin son kadr siyasətinə də toxunub. Azərbaycanın hazırkı durumu düşməsində günahkarın idarəçilik sistemi olduğunu deyən C.Həsənli vurğuladı ki, məhz sistem neqativ tendensiyaların geniş vüsət almasına imkan yaradır«İdarəçilik sistemi dəyişməlidir. İdarəçilik sistemini dəyişmədən kadrları əvəz etmək heç nəyi dəyişmir. Azərbaycanda korrupsioner şəbəkə saxlanılıb və bu şəbəkə seçkidən sonra təşkil olunan hökumətdə də mövqelərin qoruyub. Sistemin xalqların millətlərin həyatında mühüm rolu var. Ötən əsrin 50-ci illərinə qədər Koreya bir millət idi. Koreya müharibəsindən sonra ölkədə iki fərqli sistem oldu. Bir sistem xalqın bir hissəsini xoşbəxt, aryı bir sistem onun yarı hissəsini bədbəxt etdi. Aparıcı, mütərrəqi sistem öz rolunu Koreya xalqının nümunəsində göstərir».
Rəsulzadənin 130 illiyinin qeyd edilməsi ilə bağlı prezident sərəncamına dair suala da cavab verən C.Həsənli bildirib ki, bu, prezidentin borcudur. “Çünki başımızın üzərindəki bayraq, yaşadığımız bu dövlət” məhz Rəsulzadə və mübarizə yoldaşlarının əməyinin nəticəsidir. Bununla belə, C.Həsənli həmin sərəncamın sadəcə kağız üzərində qalacağından narahatdır. O, bir müddət əvvəl Əlimərdan bəy Topçubaşovla bağlı da oxşar sərəncam verildiyini, amma heç bir tədbir görülmədiyini deyib.
Xəyal



