Dünən iqtisadçı dostumuz Natiq Cəfərli “facebook”da maraqlı bir status paylaşmışdı. Orada Ilham Əliyev və hökumətinin ölkədə qeyri-neft sektorunun və regionların inkişafı ilə bağlı söylədiklərinin həqiqətlə nə qədər səsləşdiyini (əslində, səsləşmədiyini!) göstərən rəqəmlər vardı.
Icazə verin, onlarla sizi də tanış edim:
1. 2003-cü ildə xarici ticarətdə qeyri-neft sektorunun payı 49 faiz idi, indi 4 faizdir (düzdür, bu həm də neft hasilatının kəskin artması ilə bağlıdır, amma hər halda, real və rəsmi rəqəmlər belədir);
2. Yenə rəsmi məlumata görə, bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında ciddi geriləmə baş verib. Məsələn, 2003-cü ildən sonra bal istehsalı 10 dəfədən çox, yaşıl çay yarpağının yığımı 2 dəfə, pambıq istehsalı 3 dəfə, barama istehsalı 10 dəfədən çox, tütün istehsalı 5 dəfədən çox azalıb.
Hələ bu harasıdır? Ölkədə rəsmi məlumatlara görə, 800 min fermer var, bunların xarici ticarətdə payı 2 faizi keçmir. 2012-ci ilin məlumatlarına görə, Azərbaycan xaricə 145 milyon dollarlıq meyvə-tərəvəz ixrac edib. Türkiyənin Aralıq dənizi bölgəsində isə 100 fermer keçən il işlərini birləşdirəndən sonra 102 milyon dollarlıq ixracat etmişdilər. Yəni, belə çıxır ki, türkiyəli 150-200 fermer, Azərbaycanın 800 min fermeri qədər məhsul ixrac edir.
Əslində, bu, ölkənin real durumunu gözlər önünə sərən faktlardan sadəcə, biridir. Azərbaycanda inkişafın əsl mahiyyətini, hətta rəqəmlərsiz belə, anlamaq mümkündür. Yetər ki, ətrafa diqqətlə, ayıq gözlə baxa biləsən. Möhtərəm isə özünə dost saydığı KIV rəhbərlərilə görüşdə dedi ki, “ola bilər, inkişafla bağlı fərqli fikirlərimiz olsun, lakin əsas amallar uğrunda biz bir yerdə olmalıyıq”. Mən burada iki məqama takıldım.
Bir: “inkişafla bağlı fərqli fikirlər” nə demək idi? Yəni, belə çıxırdı ki, hamı bir nəfər kimi qeyd-şərtsiz, istisnasız şəkildə ölkədə inkişafın olduğunu qəbul etməlidir, icazə isə ona verilir ki, hərə bu inkişaf barədə fərqli fikir yürütsün. Məsələn, biri deyə bilər ki, bu analoqsuz inkişafdır; digəri deyə bilər ki, davamlı inkişafdır, başqa birinə “inkişaf var, amma kifayət deyil, daha çox inkişaf lazımdır” deməyə icazə verilir. “Hanı inkişaf? Hardadır o?” sualı isə qadağandır, buna görə adamın ən balaca tikəsini qulağı boyda edirlər.
Iki: “əsas amallar uğrunda bir yerdə olmalıyıq” sözləri ilə də möhtərəmin nəyi qəsd etdiyi anlaşılmır. Aydın deyil ki, bu gün uyğar, mədəni, çağdaş dünya ölkələri, gəlişmiş, tərəqqipərvər toplumlar üçün vazkeçilməz olan, onların bu günədək qazandıqlarının təməlini təşkil edən azad seçki…
Milli iradənin üstünlüyü…
Ədalətli mühakimə…
Hüququn aliliyi…
Şəxsi həyatın toxunulmazlığı…
Söz, fikir, ifadə azadlığı…
Toplaşmaq, vicdan azadlıqları…
Şəffaflıq…
Hesabatlılıq kimi dəyər və anlayışlar da həmin amalların sırasına daxildirmi?
Əgər bu dəyərlər, bu anlayışlar o “əsas amallar”a daxildirsə və bizi birləşdirməlidirsə, onlar üçün “hamımız bir yerdə olmalıyıqsa”, bəs onda niyə Rəşadət kimi intellektual bir gənc oğlundan ayrıdır? Onun üzünü dəmir barmaqlıqlar ardından görür?
Niyə Səkinə xala oğlu Zaurdan ayrı düşüb aylardır?
Bəs niyə Azərbaycanın ən aydın insanlarından biri Yadigar Sadıqov bu gün ailəsi ilə bir yerdə deyil?
Yox, əgər yuxarıda sadalanan, gəlişmiş dünyanın təməl dəyər və prinsipləri həmin “əsas amallar” sırasında görülmürsə, onlara aid edilmirsə, biz necə bir yerdə ola bilərik? Biri dəmir barmaqlıqlar ardında, o biri saxta deputat kürsüsündə…
Biri mühacirətdə, bir başqası ofşor zonada…
Biri yoxsulluğun, səfalətin dibində, o biri dəbdəbənin, təmtərağın, komfortun zirvəsində.
Beləcə, ölkə bu qədər haqsızca, ədalətsizcə bölünmüşsə, ayrılmışsa, bir yerdə necə, nə cür olmaq olar axı?!
Bir yerdə… amma necə?
•
•