“RUH” jurnalistləri müdafiə komitəsi” deyilən bir antijunalist qurumu var. Bütünlüklə bəlli Əli Həsənovun kurasiyasında olan bu qurum bir daha Ilham Əliyevə “jurnalistlərin dostu” ödülünü verib. Onun bildirdiyinə görə, sorğuya qatılanların 89 faizi I.Əliyevə səs verib. Inanmayan daşa dönsün: bunu Azərbaycan jurnalistikasının məzahir pənahovu deyir. Elə faizlər də oxşardır: seçkidə 85, sorğuda 89. Məncə, jurnalistikanın məzahir pənahovu faizi çox aşağı salıb; bu, Azərbaycan jurnalistikasının indiki gerçəkliyinə uyğun faiz göstəricisi deyil.
Doğrudan deyirəm. Ata-oğul Əliyevlərin dərin demokratiya axarda apardıqları repressiya-korrupsiya, qorxutma-satınaıma siyasətləri üzündən Azərbaycanda bu gün Ilham Əliyevə səs verməyəcək bircə faiz jurnalist qalıb. Bu, faktdır. Belədə jurnalistikanın məzahir pənahovundan soruşmaq gərəkir: niyə görə 99 faiz yox, 89 faiz? Saxtakar! Özünü gerçək junalistika yolçularına az da olsa doğru-düzgün adam kimi göstərmək istəyən saxtakar! Bu rejimdə jurnalistlərin 99 faizi faktiki olaraq Ilham Əliyevi “jurnalistlərin dostu” saymaq yolunda ikən sən niyə bunu 89 faiz göstərirsən? Məncə, bu, Ilham Əliyevə xəyanətdir, özü də böyük xəyanət! Bu yerdə istər-istəməz bir soru yaranır: Əli Həsənov hara baxır? Necə olur bütünlüklə onun kurasiyasındakı adam belə bir addım atır? Indiki görəvə görə Ə.Amaşaova Ə.həsənov özü indiyədək nələr qazandırmayıb! Indi budur: adam bir yandan illərlə rejimdən çoxlu-çoxlu qazanc əldə edir, o biri yandan… rejimə xəyanət yolu tutur! 99 faiz yerinə… 89 faiz. Bu, məzahir pənahovsayağı şişirtmə, ancaq tərsinə şişirtmədir. Istər tərsinə, istər düzünə – Adamın Allahı olar!
Bəlli olduğu kimi, ödülsunma törəninə, işlərinin dəhşətli dərəcədə çox olmasına baxmayaraq, ödülləndırilən özü də qatılıb. Qatılıb, üstəlik, işlərinin aşırı çoxluğuna baxmayaraq, çıxış da edib. “O, Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan danışıb, bugünkü bəzi problemlərə toxunub”. “Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu” deyəndə, söz yox, hamı “Azərbaycan”, “Xalq”, “Yeni Azərbaycan”, “Səs”, “Iki”, istəsəniz beş-altı “Sahil” qəzetlərini, bu serialları lap çox istəsəniz görkəmli buxalter Arif Alışanovun AzTV-sini də düşünə, göz önünə gətirə bilərsiz. “Mətbuatımızın” bugünkü “bəzi” problemlərinə gəlincə, Allahınız varsa, göz önünə yalnız… “Azadlıq” qəzetini gətirməlisiz. Sizi-məni yaradana and olsun: Ilham Əliyevin, Ramiz Mehdiyevin, Əli Həsənovun, bütövlükdə əliyevçi komandanın “mətbuat” adına bircə dənə problemi var: lənətə gəlmiş “Azadlıq” qəzeti.
Deyilənə görə, bu adamlar “Azadlıq”ın yalnız metrodan deyil, bütün Azərbaycan coğrafiyasından yoxa çıxması üçün min bir plan düzüb-qoşurlar. Dodaqaltı belə söyləməylə: “Gələndə ”Azadlıq” adı/ Qaçır yaşamağın dadı! Ödülalan çıxışında son çağlar aktuallıq qazanan bir fakta da toxunub: “Mediaya qarşı heç bir ayrı-seçkilik yoxdur. Ola da bilməz. Qəzet satışı ilə bağlı da heç bir məhdudiyyət yoxdur”. Bax belə. Inanmayan inanmasın. Azərbaycanda özgürlük, demokratiya fontan vurur. Mediaya qarşı da hər hansı ayrı-seçkilik yoxdur, ola da bilməz. Nə, “Azadlıq” qəzeti”? Kəs səsini, antimilli ünsür! “Azadlıq” qəzetdi? Qəzet “Azərbaycan”dı, “Xalq”dı, “Səs”di, AzTV-di, Lider televiziyasıdı. Ciddi şəkildə tapşırıq vermişəm: bütün neqativ hallar aradan qaldırılsın. Biz olduqca səmərəli islahatlar aparırıq. Bizim olduqca demokratik, yenilikçi hakimiyət komandamız var. Qəzet satışı üçün heç bir problem ola bilməz. Bu varsa da, Əli Həsənov demiş, demək, qəzeti alan yoxdur. Mən soruşuram: nə üçün “Səs” qəzetini hamı alır, “Azadlıq” qəzetini alan yoxdur. “Azadlıq” qəzeti nə yazır, hamısı yalandır buna görə onu almırlar.. Biz hakimiyət olaraq çox çalışsaq da, “Azadlıq” satılmır. Ona görə də yaşasın SATILAN qəzetlər!
Jurnalistlərin, jurnalistikanın düşməni!
•