Zahid Qaralovdan ilginç açıqlamalar

Qocaman YAP-çı Ziyad Səmədzadəni hədəfə aldı, Musa Musayevi müdafiə etdi, hakim partiyadan incik düşənlərin də olduğunu gizlətmədi

“Ziyad Səmədzadənin o vaxt yüksək vəzifəsi var idi, indi də bu adam Milli Məclisdə komitə sədridir.
Bu adam o dövrdə bizə yalandan deyirdi ki, Heydər Əliyev kabinetində yoxdur, telefonlar da işləmir və s. Amma biz sonradan Heydər Əliyevlə görüşəndə dedi ki, mən səhərədək öz kabinetimdə oturmuşam və telefonlar da işləyirdi. Bu adam o dövrdə bizi və Heydər Əliyevi aldadıb”. Bu sözləri YAP Siyasi Şurasının və Idarə Heyətinin üzvü, “91-lər”dən olan Zahid Qaralov publika.az saytına müsahibəsində deyib. Zahid Qaralov daha sonra əlavə edib ki, Heydər Əliyevin əleyhinə danışan adamlar var ki, indi yüksək vəzifə tutublar: “Hətta təkcə əleyhinə danışmırdılar, Heydər Əliyevə sui-qəsd hazırlayanlar vardı”.
Zahid Qaralov sabiq baş prokuror Əli Ömərovun Heydər Əliyevi müdafiə edə bilməyib: “O dövrdə Əli Ömərov Gəncədə dəmiryolu prokuroru idi. O da 91-lərə imza atıb. Heydər Əliyev də hakimiyyətə gələn zaman bu adamı baş prokuror təyin etdi. Ancaq sonralar Əli Ömərov baş prokuror kimi necə işlədi, nə baş verdi, bu məsələyə toxunmaq istəmirəm. Ancaq fakt o idi ki, Əli Ömərov Heydər Əliyevi müdafiə etməyi bacarmadı. Çünki xuliqanlar gəlib prokurorluğa doldular. Çox təəssüf ki, indi o adamlardan deputat olanı da var. Hətta həmin adamlar o dövrdə Əli Ömərovun özünü də az qala öldürürdülər”.
Qocaman YAP-çı hakim partiyadan incik düşənlərin olduğunu bildirib: “YAP-dan doğrudan da incik düşənlər var, özü də bunlar 91-lərdəndir. Bir neçə adam var ki, mənim kimi adamlardan incik düşüblər. Heydər Əliyev hər zaman 91-lərə böyük diqqət və qayğı göstərirdi. Tapşırmışdı ki, 91-lər ən azı icra başçısı və yaxud da partiyanın rayon təşkilatının sədri olmalıdır. Amma indi rayon və şəhərlərin icra hakimiyyəti başçılarının müavinləri həm də partiya təşkilatının sədridir.
Əli Ömərov 91-lərin nümayəndəsidir və bu adam işsiz qalmamalıdır. Bu adam baş prokurorluqdan azad olunubsa, ona əlavə iş verilməlidir. Əli Ömərov, Asya Manafova və 91-lərdən olan digər şəxslər var ki, bunlara xüsusi diqqət göstərilməlidir. Vaxtilə bu adamları şikəst edənlər, onlara hədə-qorxu gələnlər indi Milli Məclisdə və ya hər hansı vəzifədə oturublar. Ancaq Əli Ömərov sakit oturub”.
Zahid Qaralov keçmiş icra başçısı Musa Musayevi də müdafiə edib: “Bu adam sadiqdir, amma vəzifədən çıxarılıb. O, nə günahın sahibi idi? Sağ olsun prezidentimizi, bu yaxınlarda Musa Musayevi YAP Siyasi Şurasının üzvü kimi saxlatdırdı. Indi bu, bir az ona təskinlik verir. Axı niyə bu cür adamlar işsiz oturmalıdır? Bir tərəfdən deyirlər ki, ciddi və bacarıqlı kadrlarımız yoxdur. Axı niyə yoxdur? Bəs bu adamlar nədir? Bu cür adamlar artıq yetişib, 20 ildə sadiqliyini göstərib. Indi nə var ki, bu adamlar kiminsə haqqında hansısa məclisdə narazılıq bildirib?
Və ya Xeyrəddin Qoca niyə işsiz qalmalıdır? Bu adamın ailə üzvləri də işsizdir. Bu adamlara bir iş qəhətdir? Bu adamlar nazir olmaq, hökumət üzvü olmaq istəmir ki! Peşəsinə uyğun adi bir iş istəyir də. Ən azı bir stimul lazımdır. Mən bu yaxınlarda YAP-ın Idarə Heyətinin iclasında da bu məsələni qaldırmışam. Mən təşəkkür edirəm ki, Əli Əhmədov həmin adamlardan 5-6 nəfərini saxlayıb”.
Əli Ömərov Zahid Qaralovun fikirləri ilə bağlı “Azadlıq”a bildirib: “Mənə hücum etmişdilər. Özü də tanklı, tüfəngli. Onlara qarşı mübarizə aparmaq da qeyri-mümkün idi. Onlar bir dəstə orduyla gəlmişdilər. Qan tökülməsin deyə hətta mühafizəçilərə dedim ki, onlara atəş açmasınlar.
Qaldı sədaqət məsələsinə mən sona qədər sədaqətliyəm. Heç vaxt ona qarşı mövqeyim pis olmayıb, pis olmayacaq da”.
Ziyad Səmədzadənin isə mövqeyini öyrənmək mümkün olmayıb.
Zahid Qaralov AXC hakimiyyətini, konkret olaraq milli hakimiyyətin birinci şəxsi Əbülfəz Elçibəyi də ittiham edib. Onun iddialarına görə, həmin vaxt Əbülfəz Elçibəyin göstərişi ilə 91-lərə təzyiqlər edilib.
AXC hakimiyyətinin baş naziri olmuş Pənah Hüseyn Zahid Qaralovun bu ittihamlarına belə münasibət bildirib: “Yaşlı adamdır, onunla oturub polemika aparmağı aktual hesab etmirəm”.