“Şərq Tərəfdaşlığı” Azərbaycana nə vəd edir?

Rəsmi Bakının qarşısını kəsən Qərbin demokratiya və insan haqları tələbləridir

YAP iqtidarı bu sahədə bir çox öhdəlikləri yerinə yetirməkdən açıq-aşkar yayınır
Bu ayın sonlarında Vilnüsda keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti yaxınlaşdıqca daha geniş müzakirə mövzusuna çevrilir. Ilk növbədə ona görə ki, bu məsələ Rusiya ilə Avropa Birliyi arasında toqquşma nöqtəsinə çevrilib. Hər iki tərəf “Şərq Tərəfdaşlığı” proqramına üzv olan keçmiş sovet respublikalarından birmənalı seçim tələb edir. Rusiya hətta müxtəlif təzyiq vasitələrindən istifadə etməkdən də çəkinmir.
Ermənistanın ardınca gözlənilmədən Ukraynanın da Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalamayacağını bəyan etməsi də Rusiyanın təzyiqlərinin ciddiliyindən xəbər verir.
Rəsmi Bakı isə Avropa Birliyi ilə iqtisadi sahədə əməkdaşlıq etmək niyyətini açıqlasa da, insan haqları və demokratiya ilə bağlı tələbləri yerinə yetirmək istəmir. Baxmayaraq ki, Azərbaycan Avropainteqrasiya yolu tutacağı halda dünyann ən böyük siyasi və hərbi gücü olan ABŞ və Avropa Birliyinin tam dəstəyinə ümid edə bilər.
Bəs “Şərq Tərəfdaşlığı” nədir və Azərbaycana nə vəd edir?
“Şərq Tərəfdaşlığı” – Polşa və Isveçin Avropa Birliyinin qonşuluq siyasəti çərçivəsində postsovet ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmiş təşəbbüsüdür. Viza rejiminin yumşaldılmasını, ticarət məhdudiyyətlərinin aradan qaldırılmasını və enerji əməkdaşlığını genişləndirməyi nəzərdə tutan bu proqram Avropa Birliyinin altı qonşu ölkəsini, Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanı əhatə edir.
“Şərq Tərəfdaşlığı” proqramına üzv olan ölkələr əvvəldən iki qrupa bölünüb. Birinci qrupa son nəticədə Avropa Birliyinə üzv olmaq niyyətini qarşısına qoyan Ukrayna, Moldova və Gürcüstan daxildir. Lakin Ukraynanın bir müddət əvvəl verdiyi qərar bu mənada müəyyən narahatlıq yaradıb. Ikinci qrupa Avropa Birliyinə can atmayan ölkələr, yəni Azərbaycan, Ermənistan və Belarus daxildir. Belarus və Ermənistanın mövqeyi aydındır.
Azərbaycan isə Avropa Birliyinə qoşulub-qoşulmayacağı barədə niyyətini tam açıqlamayıb. Müəyyən istiqamətlərdə danışıqlar davam edir və söhbət ticarət hissəsi olmadan assosiasiya sazişinin imzalanmasına gələndə, belə anlamaq olar ki, müsbət heç nə gözlənilmir. Bununla belə, Vilnüsda viza rejimi barədə sazişin imzalanacağını gözləmək olar. Viza sisteminin liberallaşdırılması o deməkdir ki, bir sıra qruplar, o cümlədən tələbələr və biznesmenlər üçün birdəfəlik və çoxdəfəlik vizaların alınması xeyli asanlaşacaq. Istər Bakı, istərsə Brüssel bu mərhələdə enerji təhlükəsizliyi sahəsində daha dərin əməkdaşlığa meyllidir. Avropa Birliyi özünün Rusiyadan enerji asılılığının aradan qaldırılmasında Azərbaycanı əsas oyunçulardan biri sayır.
“Şərq Tərəfdaşlığı” Azərbaycanın Avropaya inteqrasiyasına geniş imkanlar açsa da, geridə qalan müddətdə rəsmi Bakı demokratiya, bazar islahatları və üzərinə götürdüyü digər öhdəliklərlə bağlı heç bir addım atmayıb. “Şərq tərəfdaşlığı” çərçivəsində yaradılan parlament birliyinin rəsmi sənədində də deyilir ki, bu proqramın tərəfdaşları gələcəkdə Avropa Birliyinə üzv ola bilərlər. Amma bunun üçün gərək tərəfdaş ölkələr də tələb olunan islahatlardan boyun qaçırmasın. Azərbaycanın Avropa perspektivinə uyğun ola biləcək dəyişikliklərin böyük bir qismi siyasi və iqtisadi azadlıqlarla bağlıdır. Bu niyyətə doğru hərəkət Azərbaycanın özündən asılı olsa da, hərəkətlilik hiss olunmur. Rəsmi Bakı demokratiya və insan haqları ilə bağlı bir çox öhdəlikləri yerinə yetirməkdən açıq-aşkar yayınır.

Fizzə