Cinayətkarlar necə ruhi xəstə olur?

Əyyub Kərimov: «Bəzən ekspertlər satın alınır və cinayət törətmiş şəxslər müalicə müəssisəsinə göndərilir»

Elçin Behbudov: «Bu ruhi dispanser mühafizə olunur və qaçış üçün bu adamlara kimsə şərait yaratmalıdır»

DIN-in saytının noyabrın 15-də yaydığı xəbərdə bildirilirdi ki, Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Tural Abbasov, Elvin Nəsrullayev, Razim Hacıyev və Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə Idarəsinin əməkdaşları, polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar.
APA-nın məlumatına görə, polis həmin şəxslərin əvvəllər müxtəlif cinayətlər törətməkdə təqsirləndirildiklərini əsas gətirərək, onların təhlükəli olduğunu nəzərə almaqla əhalidən kömək istəyir.ÿ
Baş verən hadisə bir çox məqamlara diqqət yetirməyi zəruri edir. Cəmiyyətdə ruhi dispanserlər haqqında hər zaman müxtəlif söz-söhbətlər dolaşır və bu dispanserlər vasitəsilə cinayətkarların özlərini sığortaladığı bildirilir. Yəni ağır cəzalardan yayınmaq üçün ruhi dispanserlər vasitə rolunu oynaya bilir. Hansısa cinayətdə təqsirli bilinən adama xəstəlik kağızı düzəldilir və bu adam həbsxanada cəza çəkmək əvəzinə, dispanserdə “müalicə” alır.
Son olaylar zamanı da müşahidə edildi ki, dispanserdən qaçan şəxslər Cinayət Məcəlləsinin müxtəlif maddələriylə məsuliyyətə cəlb olunmuş adamlardı. Maraqlı budur ki, bu adamlar oğurluq, dələduzluq, quldurluq, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə həbs olunublar.
Dələduzluq etmək, kiminsə vəzifəsini mənimsəmək üçün normal düşüncə, ağıl tələb olunur.
Bu maddələrlə həbs olunmuş adamlar necə ruhi xəstə ola bilər?

Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bildirdi ki, bu adamlar ekspert rəyi ilə həmin müəssisəyə yerləşdirilir və cinayət törətmiş xəstələrin sayı tez-tez dəyişir: “Mən bu dispanserdə baş həkimin kadrlar üzrə müavini işləmişəm. Bura gətirilən cinayətkarlar barəsində ekspertizanın rəyi olur və məhkəmənin qərarı ilə bu adamlar məcburi müalicəyə cəlb olunur. Əsasən quldurluq maddəsiylə həbs olunanlar üstünlük təşkil edir. Məcburi müalicə müəssisəsi xəstəxananın ərazisində yerləşir və mühafizə polisin nəzarətində olur. Əvvəllər də bu müəssisədən qaçışlar olurdu. Əgər saxta rəy verən ekspertlər varsa, bu adamlar məsuliyyətə cəlb olunmalıdır. Əvvəllər bu müəssisədə saxlanma şəraiti çox bərbad vəziyyətdə idi. Indi vəziyyət xeyli yaxşılığa doğru dəyişib. Əslində, bu müəssisədən qaçmaq çox çətindir. Çünki müəssisənin hər tərəfi dəmir barmaqlıqlarla əhatə olunub və ərazi mühafizə olunur. Yəni bu adamlar qaça bilibsə, deməli, buna şərait yaradılıb. Cinayət törətmiş şəxslərin sayına gəlincə, konkret rəqəm demək çətindir və bu rəqəmlər tez-tez dəyişir. Biz bu hadisə ilə bağlı araşdırma aparırıq və araşdırmanın nəticəsi  haqqında məlumat verəcəyik”.

Baş verən hadisəyə münasibətində hüquqşünas Əyyub Kərimov  bildirdi ki, bu məsələlərlə bağlı statistika açıqlanmır və bu kimi hallar gizli saxlanılır: “Bütün hallarda məhkəmə ekspertiza təyin edir. Cinayət törətmiş şəxslərin cinayət baş verən zaman anlaqlı və anlaqsız olması müəyyən edilir. Ancaq belə hallar da olur ki, ekspertlər satın alınır və bu adamlar saxta rəylə müalicə müəssisəsinə göndərilir. Belə hallar sovet dövründə daha kütləvi idi. Indiki dövrdə də pullu, vəzifəli adamlar yaxınları üçün ”anlaqsız” rəyləri alırlar. Bəzən bu hərbi xidmətdən yayınmaq, bəzən cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədilə həyata keçirilir. Əgər təkrar ekspertiza keçirilərsə və ekspert rəyinin saxta olması sübuta yetirilərsə, həmin həkim məsuliyyətə cəlb olunmalıdır. Nə qədər ki, bu adamlar haqqında təkrar ekspertiza keçirilməyib, əvvəlki ekspertizanın rəyi məhkəmə üçün qüvvədə olan sənəd sayılır”.

Ilham Hüseyn