Yaşasın tənqid!

Gəlin əvvəlcədən bir fikirdə birləşək: tənqidi heç kim sevmir. Amma bu, “tərifi hamı sevir” anlamına da gəlməz. Mən, layiq olduğu olduğu halda belə, ünvanına səslənən üç-beş xoş sözdən qulağının dibinədək qızaran, bu təriflərin müəllifinin sözlərini yarıda kəsən insanlar görmüşəm. Özünə hörmət edən insan başqa cür davrana bilməz. Və Az.TV-yə 20 il nədi, heç 20 dəqiqədən də artıq dözməz. Anara, Zəlimxana, “Xalq qəzeti”nə, Aşıq Əhlimana da həmçinin.

***

Bəli, tənqidi heç kim sevmir. Amma tənqidi sevməyənlərin özləri də iki yerə ayrılır. 

Bir tərəfdə tənqidi sevməyən, amma tənqidə dözümlü, səbrli yanaşanlar dayanır. Onlar tənqidin həm də tərəqqinin açarı olduğuna inananlardır. Onlar inkişafı, yüksəlişin yalnız fərqliliklər, müxtəlifliklər sayəsində mümkün olduğuna iman gətirənlərdir. Onlar tənqidi sevməyə bilərlər. Amma eyni zamanda tərifi də durğunluqla, tənəzzüllə eyniləşdirənlərdir.

Digər tərəfdə dayananlar tənqidi sevməyən, üstəlik də bunu düşmənçilik, xəyanət kimi görənlərdir. Özlərinə toxunulmaz statusu biçənlər, özlərini əvəzolunmaz sayanlardır.

Bu iki tərəfin mübarizəsi həm də Xeyirlə Şərin mübarizəsidir. Tərəqqi ilə tənəzzülün, gələcəklə keçmişin, yaxşı ilə pisin, yalanla doğrunun, ağla qaranın mübarizəsidir. 

Bəşəriyyət o vaxt xoşbəxt olacaq, bəşəri dəyərlər o vaxt qələbə çalacaq ki, bu mübarizədən birincilər qalib çıxacaqlar. Eyniliklərin deyil, müxtəlifliklərin tərəfdarları dünyanın hər ölkəsində, hər toplumunda, hər coğrafiyasında üstünlük qazanacaqlar. 

Əlbəttə, insanlıq var olduğu müddətcə məddahlıq da olacaq. Amma məddahlıq, yaltaqlıq, tərifbazlıq Azərbaycan kimi ölkələrdə idarəetmə tərzi, həyat norması olaraq qaldıqca dünya heç vaxt rahat nəfəs ala bilməz. Sülhə, tərəqqiyə, rifaha, ədalətə qarşı qorxunc təhlükə heç zaman aradan qalxa bilməz.

***

Platon deyirdi ki, “tərif əsl fikirlərini gizlədənlərin söylədikləri yalandır”. Hansı ki, biz bu gün həmin yalanları hər addımda eşidirik. Bəli, yaltaqlıq – yalanın növüdür. Tərifin nüvəsi yalandır. Bir italyan atalar sözündə deyildiyi kimi: “Yaltaqlıq edən səni ya aldadır, ya da aldatmaq istəyir”.

Tənqid isə həmişə haqlı olmaya bilər. Amma o həqiqəti ortaya çıxarmağa kömək edir. Ən haqsız tənqidin arxasında belə bir həqiqət dayanır. Həmin həqiqətin üzə çıxmasınə yardımçı olur.

Ona görə də tənqidə qarşı olmaq – həqiqətə qarşı olmaqdan başqa bir şey deyil. Həqiqətsiz isə tərəqqi yoxdur. Həqiqətsiz yerdə tərəqqinin sadəcə, görüntüsü, imitasiyası mövcuddur. Və sonda bu görüntünü, imitasiyanı yaradanların özlərini rüsvay edir.

Biz bunun ən parlaq nümunəsini Sovetlər Birliyinin çöküşündən sonra gördük. Cibində “allahsızlar bileti” gəzdirənlər bir gecənin içində hacıya, məşədiyə, kərbalayıya çevrildilər. Səhər evindən Kommunist Partiyasının bileti ilə çıxanlar axşam arvad-uşaqlarının yanına liberal, millətçi kimi döndülər.

Indi Azərbaycanda eyni əhval-ruhiyyəni qüvvətləndirmək istəyənlər, toplumu yalnız birsəsli, tək fikirli görmək istəyənlər bundan dərs almalıdırlar. Tərif, yaltaqlıq üzərində qurulan təntənənin acı və ağrılı sonunu aydın görməlidirlər.

Unutmamalıdırlar: bir gün gələcək, onların boynuna edam ipini bu gün hər vəchlə yummaq istədikləri…

Susdurmaq istədikləri…

Qıfıllamaq istədikləri tənqidçi ağızlar deyil, hər fürsətdə, hər tribunada şənlərinə mədhiyyələr oxuyan, təriflər yağdıran və bundan illah ki, bir qazanc, bir çıxar güdən yaltaqlar, məddahlar keçirəcəklər.

Tarix belə nümunələrlə doludur. Sadəcə, çevrilib keçmişə baxmaq kifayətdir.

***

Tənqidi heç kim sevmir. Amma ondan yalnız cahillər qorxa bilər. Tənqidə görə cəzalandırmaqdan pis, qəbuledilməz heç nə yoxdur.

Bir toplum, bir ölkə tabuları, toxunulmazları nə qədər azdırsa bir o qədər qüdrətlidir.

Bir toplum, bir ölkə o vaxt çox güclüdür ki, çoxsəslidir. Az qala hər ağızdan bir avaz gəlir. 

O ölkə, o toplum möhkəmlənir, bərkişir ki, o ölkədə insanlar çəkişir. Dartışır. Toqquşur. Razılaşmır. Barışmır. Hər şeyə, hər kəsə bir qulp qoyur.    

Hamının xoşuna gəlmək, hamıdan da özü haqqında xoş sözlər eşitmək istəyənlər həm özlərini, həm öz ölkələrini, öz toplumlarını, bütövlükdə isə bəşəriyyəti uçuruma yuvarlatmaq istəyənlərdir. Belələrinə artıq çağdaş dünyada yer olmadığı şəksiz və şübhəsizdir.