Iki gün əvvəl gecə saatlarında “Mədəniyyət” kanalında gördüm ki, deputat Eldar Ibrahimov bir dəstə gənci qabağına alıb, onlara məruzə deyir.
Gənclər partalarda oturub, Eldar müəllim də öndə xitabət kürsüsündə.
Məruzə otağında divarda Eynşteynin, Nyutonun, Azad Mirzəcanzadənin portretləri vardı. Mövzu isə belə idi: YAP dünyaya niyə gəldi, necə gəldi?
Təsvir edilən mənzərənin özü anti-mədəniyyət hadisəsi idi, buna söz ola bilməz. Eldar müəllim YAP-ın bəşər tarixinə verdiyi töhfələri (?!) sadaladıqca, deyirdim: Allah, sən saxla, bu dəqiqə hirs-hikkədən Nyutonun portreti ortadan cırılacaq.
Eldar müəllim məruzəsinin bir yerində YAP-ın təsis konfransının nədən Bakıda yox, Naxçıvanda keçirildiyini də şok hadisə kimi izah etdi. Təxminən belə dedi ki, bilirsinizmi, ay uşaqlar, o dövrdə – Cəbhə-Müsavat hakimiyyəti zamanı Bakıda bizə göz açıb-yummağa imkan vermirdilər, Bakıda partiya işi aparmaq mümkün deyildi, ona görə yığışıb Naxçıvana getdik.
Əziz oxucular, burada Eldar müəllimi tərk edib, gedirik tarixin o müdhiş illərinə.
Mən o çıxışı izlədiyim gecənin ertəsi günü tam olaraq Axundov adına kitabxanada keçirdim. Eldar müəllimin yalan danışdığını, keçmişə iftira atdığını başqaları yox, elə onun öz dost-tanışı sübut edir.
Necə?
Mənim şahidlərim o vaxt dərc olunan və birmənalı olaraq Heydər Əliyevin siyasətini təbliğ edən qəzetlərdir: “Səs”, “Naxçıvan”, “Iki sahil”…
YAP-ın dünyaya gəlmə ərəfəsini (bu yerdə müəllif əmindir ki beyinlərdən “o günə daş düşəydi” fikri keçir) diqqətlə nəzərdən keçirdim.
YAP-ın Bakıda konfrans keçirmək istədiyi, amma respublika rəhbərliyinin buna imkan vermədiyi barədə bir məqalə, xəbər belə yoxdur. Təkrar edirəm, bircə fakt yoxdur.
Əksini isə sübut edən fakt kifayət qədərdir. Məsələn, onlardan ikisi ilə tanış olaq.
“Səs” qəzetinin baş redaktoru, “91-lər”dən biri olan Rizvan Cəbiyev qəzetin 1 dekabr sayındakı yazısında açıq-aşkar yazır ki, indi (o vaxt) ölkədə siyasi partiya qurmaqdan asan heç nə yoxdur. Ölkədə 12 partiya rəsmən qeydiyyatdan keçib, 20-si də qeydiyyat ərəfəsindədir.
Məqalədə partiya quruculuğu üçün hər hansı inzibatı-hüquqi, siyasi maneə olmasına eyham belə yoxdur. Müəllifin tənqidi qeydləri əsasən o konteksdədir ki, partiyalar asanlıqla yaradılır, ancaq iş görmürlər.
Yenə həmin qəzetin 8 dekabr sayında Heydər Əliyevlə müsahibə var. Müsahibədə müxbir eynilə belə bir sual verir: “Heydər müəllim, heç kimə sirr deyil ki, indi respublikada partiya yaratmaq su içmək qədər asandır…”
Heydər Əliyevin uzun-uzadı cavabında bu barədə bircə söz də yoxdur ki, ay bala, harası su içmək qədər asandı, filan-filan çətinliklər var.
Bütün bunları ümumiləşdirərək, Eldar müəllimdən soruşmaq istəyirəm: Niyə yalan danışırsınız? Niyə namuslu adamlara, tarixə iftira atırsınız? Niyə sizə belə gəlir ki, yalan danışacaqsınız və heç kim sizin cəfəngiyyatınızı ifşa etməyəcək? Xülasə, Eldar müəllim, təklif edirəm, çıxın camaatın qarşısına, üzr istəyin, “fikrim qarışıq olub” deyin, keçib getsin bu söhbət.
Yaxşı ki, bunlar müxalifətdə az qalıblar. Yoxsa müxalifətdə keçirdikləri hər gün üçün xalqımızın burnunda buz sındırar, boynumuza nə boyda minnət qoyardılar.
***
21 yaşını tamamlayan YAP…
Biz bu partiyanın adı çəkiləndə adətən hansı fikirləri xatırlayırıq: “Azərbaycan siyasi tarixinin ləkəsi”, “YAP yalan, yaltaqlıq, yağmalamaq deməkdir”, “Simasız quldurlar partiyası” və s.
Bu qədər mənfi epitetlərə baxmayaraq, YAP-ın 600 min üzvü var. Mən bu rəqəmə inanıram.
Bəli, bu da həqiqətdir ki, 600 minlik partiyanın heç bir siyasi gücü yoxdur. YAP-ın gücü polis dəyənəyidir, prokurorluqdur, məhkəmələrdir.
Bu, ağla, intellektə söykənən güc deyil, yırtıcı, zorakı gücdür.
Təsadüfi deyil ki, elə buna görə prezidentliyə namizədlərin debatında Cəmil Həsənlinin arqumentləri qarşısında aciz qalan YAP-ın qabaqda gedəni Əli Əhmədov demişdi: “Cəmil Həsənli, sizə hüquq-mühafizə orqanları lazımi cavabı verəcək!”
Bəzi insanlar var ki, qəlbləri qətiyyən YAP-la uyuşmasa da, çox rahatlıqla ona üzv olurlar. Onların özlərinə təsəllisi “mən nə edirəm ki; mən kiməm ki; heç kimlə işim yoxdu” formasındadır.
Belə deyil, dostlar!
Birincisi, unutmayaq ki, sıfır heç nə olsa da, birin arxasında durmaqla on, yüz, min əmələ gətirir.
Ikincisi, partiya kollektiv təşkilatdır. Siz heç bir şey etməsəniz də, YAP-ın etdiyi cinayətlərə, qazandığı söyüş və lənətlərə şəriksiniz.
Nəhayət, mən hələ eşitməmişəm ki, kiminsə başına tapança dirəyib YAP-a üzv yazdırıblar. Bu o deməkdir ki, YAP-dan uzaq durmaq üçün min bir yol, üsul var. Təki, sizin ürəyinizdə ona ürcah olmamaq üçün təpər, istək olsun.
P.S. YAP Dram Teatrında təsis olunub. Necə də simvolikdir.