Ramiz Mehdiyevlə bağlı tədbir boykot olundu

PA rəhbərinin müəllifi olduğu kitabın təqdimat mərasimi sönük keçdi

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabının təqdimat mərasimi boykot edilib. Redaksiyamıza daxil olan məlumata görə, dünən Dövlət Idarəçilik Akademiyasında düzənlənən  təqdimat mərasimi çox sönük keçib.
Hökumət təmsilçiləri və iqtidara yaxın olan ictimai-siyasi xadimlərin əhəmiyyətli hissəsi tədbirdə görünməyib. Ramiz Mehdiyevin adı ilə bağlı heç bir tədbir  dünənki təqdimat mərasimi kimi sönük keçməyib.
Iddia olunur ki, PA rəhbərinin kitabının təqdimat mərasiminə bu cür münasibət göstərilməsi son vaxtlar onun mövqelərində zəifləməsilə izah edilir. 9 oktyabrda keçirilən prezident seçkisindən sonra hakimiyyətdəki Paşayevlər qruplaşmasının daha da güclənməsi barədə məlumatlar var. Ramiz Mehdiyevə əks cəbhədə dayanan bu qruplaşmanın güclənməsi isə PA rəhbərinin mövqelərinin zəifləməsilə nəticələnib. Hətta belə iddialar var ki, Paşayevlər Ramiz Mehdiyevin vəzifədən kənarlaşdırılması istiqamətində ciddi səylər göstərirlər və bu PA rəhbərinin komandasında panikaya səbəb olub. Yəni, artıq Ramiz Mehdiyevin komandası belə onun perspektivinə inanmır.