“Azərbaycanda insan haqlarından yazacaqdım”

İndependentin Bakıya buraxılmayan əməkdaşı danışdı

 

Simon Usborne-un sözlərinə görə o, dəvətnaməsi ləğv olunan yeganə jurnalistdir

 Bakıda keçirilən Baku World Challenge avtomobil yarışını işıqlandırmaq üçün Azərbaycana dəvət alan, amma daha sonra dəvətnaməsi ləğv olunan jurnalist deyir ki, azərbaycanlı biznesmenin dəvət etdiyi 100 jurnalist siyahısından çıxarılıb, amma bunun üçün ona səbəb göstərilməyib.

Britaniyanın Independent qəzeti üçün yazan Simon Usborne BBC Azərbaycancaya deyib ki, o, Azərbaycana dəvətnaməsi ləğv olunan yeganə jurnalistdir.

“Viza və uçuş məsələlərini həll edərkən Londondakı PR şirkətindən mənə yazdılar: “Təəssüf ki, pis xəbər çatdırmalıyam, amma görünür ki, azərbaycanlılar Independent-in nə yazmaq istədiyi barədə xəbər alıblar. Görünür ki, Bakı səfərinə qoşulmayacaqsan”,” – cənab Usborne aldığı e-maildan sitat gətirib.

Simon Usborne noyabrın 20-də Independent qəzeti üçün yazdığı məqalədə, Azərbaycanın “marketinq təbliğatından kənara baxmaq istədiyinə görə” ölkəyə buraxılmadığını bildirib.

İnsan haqları

“Mən bu səyahətdən istifadə edərək Bakının artıq bir neçə ildir ki, böyük coşğunluqla həyata keçirdiyi PR kampaniyası barədə yazmaq istəyirdim. Mən bu həftəsonu keçiriləcək avtomobil yarışından daha geniş kontekstdə yazacaqdım. İnsan haqlarının pozulması barədə iddialar, mətbuat azadlığına qarşı görülən sərt tədbirlər, vəziyyətin seçkilərdən sonra pisləşməsi…”, jurnalist deyir.

Daha əvvəl yarışın prezident seçkilərindən bir həftə sonra, 18-20 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulmuşdu. “Amma heç bir səbəb verilmədən tarix dəyişildi”, cənab Usborne belə deyib.

O həmçinin bildirib ki, əvvəl onun maşınlarla maraqlanan həmkarı dəvət olunmuşdu. “Amma o, oktyabrda gedə bilməyəcəkdi və məsləhət gördü ki, məqaləyə mənim dediyim kimi yanaşaq. Və mən gedəsi oldum.”

Jurnalist digər Independent jurnalistinin buraxılıb-buraxılmayacağı barədə əmin olmadığını deyib.

O həmçinin qeyd edib ki, MDF (orta sıxlığa malik taxtalifli lövhə) ilə məşğul olan şirkətin rəhbəri olan biznesmenin dəvət etdiyi jurnalistlər arasında Huffington Post kimi, tənqidi material yaza biləcək qəzetlər də vardı. “Ona görə daha da qəribədir ki, niyə məhz Independent qəzetini istəmədilər”.

Jurnalistin dəvətini ləğv etdiyi güman edilən şirkətlə BBC Azərbaycancanın əlaqə saxlamaq cəhdləri baş tutmayıb.

Baku World Challenge yarışı 23-24 noyabrda Bakıda keçiriləcək.