Təzəlikcə Yazıçılar Birliyinin başbilənlərindən biri Yusif Vəzir Çəmənzəminlinin nəşinin Azərbaycana gətirilməsini təklif edib. AYB üzvlərində var belə şeylər. Ilin il boyu prezident təqaüdü, mənzil, büdcədən daha çox pul qamarlamaq davası edirlər, arada da belə təkliflər səsləndirib camaata şirin görünmək istəyirlər.
Keçənlərdə hansısa AYB üzvü Füzulinin, ondan sonra başqa biri Nəsiminin qəbrinin Azərbaycana gətirilməsini istəmişdi. Dirilər Azərbaycandan başını götürüb qaçır, təkcə son vaxtlar neçə-neçə şair-yazıçı bu ölkədə səfil, durğun həyata, bozluğa, təqibə və daha nələrə dözə bilməyib ölkədən gedib, heç bundan danışan, buna təpki göstərən yoxdur, əvəzində kimlərinsə ölüsünün ölkəyə qaytarılması haqqında müzakirə açıb baş girləyirlər. Çünki belə mövzular təhlükəsizdir, hürküsüzdür, hələ üstəlik, adamı dəhşət vətənpərvər-zad göstərir.
Ortada isə çox böyük absurdlar, məntiqsizliklər var. Məsələn, götürək elə Çəmənzəminli ilə bağlı bir məqamı. O, Stalin repressiyasının qurbanı olub. Demək artıqdır ki, 30-cu illərdə Azərbaycan şair və yazıçılarına qarşı repressiyaların mənəvi məsuliyyəti Yazıçılar Birliyinin üzərində olub; bu qurum o vaxtlar qələm adamlarını repressiya maşınının ağzına atmaqda mühüm rol oynayıb. Indi həmin birliyin bugünkü nümayəndələri üzərinə neçə-neçə yazıçı və şairin qanının dağıldığı divarların əhatəsində əyləşib, ədəbiyyatı partiya və hökumət işinin vintciyinə və təkərciyinə çevirmək üçün ayrılan büdcə pullarını xımır-xımır yeyib Çəmənzəminlinin nəşinin Azərbaycana qaytarılmasının vacibliyindən danışırlar. Nə qədər gülünc və ikrah səslənir. Bu gün AYB başbilənlərinin atacağı ilk addım 37-ci il repressiyalarında, Çəmənzəminli də daxil olmaqla çoxsayda aydının, qələm adamının fiziki məhvində təmsil etdikləri təşkilatın mənəvi məsuliyyətini, iştirakını etiraf etmək və üzr istəməkdir. Yoxsa gerisi filfilodur, zəvzəklikdir.
***
Ümumiyyətlə isə istənilən məşhur azərbaycanlının qəbrinin Azərbaycana qaytarılması ilə bağlı təkliflər mənə bu gün baş verənlər fonunda, bu günün reallıqları fonunda çox boğazdan yuxarı, hədsiz saxta görünür. Tutaq ki, Rəsulzadənin qəbrinin gətirilməsi ilə bağlı həftə səkkiz, mən doqquz müzakirə açmağın mənası nədir? Anlamı nədir?
Bu gün Azərbaycanda Rəsulzadə və silahdaşlarının arzuladığı dəyərlər məğlubdursa, “dəfn edilirsə”, onların nəşini guya ölkəyə gətirəndə qəbirlərində rahatmı uyuyacaqlar?
Axundovun qəbri Tiflisdədir, amma onun ruhu buna görə narahat deyil ki? Onun ruhu narahatdır ki, 21-ci əsrdə Azərbaycanda Axundovun mənəvi varislərindən saya biləcəyimiz Rafiq Tağı kimi bir yazıçı öldürüldü və bu qətlə qol qoyan hər kimdir, kimlərdirsə azadlıqda əlini-qolunu sallayaraq dolaşır.
Nəsiminin qəbri Hələbdədir, amma onun ruhu yəqin ona görə narahatdır ki, hələ də haqq sözə görə insanların dərisi boğazından çıxarılır, dili kəsilir, ağzı qıfıllanır.
Bax bunları danışmaq və dartışmaq yerinə kimlərinsə nəşini məzarından çıxarıb sümüklərini sızlatmaq çox anlamsız, qeyri-səmimi görünür. Dirilərin get-gedə özünü yad, ögey hiss etdiyidiyi, ilk fürsətdəcə baş götürüb qaçmağa, qürbətə sığınmağa çalışdığı vətəni kimlərinsə qəriblikdəki qəbirlərini geri gətirməklə doğmalaşdırmağa, ülviləşdirməyə çalışmaq yalnız dar ağlın məhsuludur.
***
Azərbaycanı, azərbaycanlıları “gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” kimi zərərli mental düşüncədən azad etməliyik. Azərbaycan təkcə ölməli deyil, gəzməli, yaşamalı da ölkə olmalıdır.
Bu, ilk hədəfə, ilk məqsədə çevrilməlidir. O hədəfə yetişmək, o məqsədə çatmaq üçün çalışmalıdır, çabalamalıdır hər bir döyünən ürək, düşünən beyin.
Azərbaycan elə bir ölkə olmalıdır ki, barı bundan sonra işıqlı, aydın, həqiqətpərvər, irəligörüşlü insanlarımız sürgünlərdə, mühacirətlərdə qəbirə getməsin. Nə vaxtsa onların da qəbirlərinin Azərbaycana qaytarılması kimi bir dərdimiz olmasın.
Əks halda özümüzü yormağa dəyməz, onsuz da bu “qəbir-qəbir oyunu” qiyamətədək bitməyəcək…