Yəqin mənim kimi bir çoxunuz qızılaxtaranlar haqqında filmlərə maraqla baxmısınız. Diqqət etmisinizsə, həyəcanlı macəralar üzərində qurulan bu ssenarilərin əksəriyyətində “böyük arzu”nun uğursuzluğu var. Bu, xalq arasında oturuşmuş bir məsəlin özünütəsdiqi kimi də görünə bilər: “Qızıl mirasdır, sahibinə qalmaz”. Amma mən “qızılaxtaranlar” dedikdə, təkcə macəra filmlərini deyil, həm də “sarı ilahi” adıyla dəyərə minmiş bu metal uğrunda gedən savaşların insanlıq tarixinə yazdığı acı dramları nəzərdə tuturam. Nümunə olaraq, hamının baxdığı “Zorro” filmini xatırlada bilərəm…
Bunu niyə xatırladım?.. Illər öncə burada səfir olmuş Amerika diplomatının ölkəsinin demokratiyanı neftə qurban verməyəcəyi haqqında səsləndirdiyi bəyanata görə… Bilirsiniz, insan eyni vədlərin təkrar-təkrar iflasa uğradığını görəndə, onda həmin vədi səsləndirənlərə qarşı mənfi qıcıq oyanır. Bu bəyanat da məndə belə bir təsir yaratdı və yaxınlarda Taner Tatarın koloniyaçılıq tarixi haqqındakı məqaləsindən oxuduqlarımı bölüşmək istədim…
Əslində, bizim taleyimizi “sarı ilahi”nin bəlasına düçar olan qara qitədə – Afrikada yaşayanlardan bircə rəng çaları ayırır. Fərq bizdə qitənin rənginin ağ, bəlanın rənginin qara olmasındadır. Ola bilsin, bu torpaqlardakı neftin “qara qızıl” adını alması da elə “sarı ilahi” deyimindən qaynaqlanıb. Qara qitənin qara günləri əsasən XV əsrdən ağların “sarı ilahi” ovuna çıxması ilə başlanmışdı. Bu o zamandı ki, Avropada qızıl çox az idi və pul qıtlığı yaranmışdı. Qızıla aclıq və susuzluq dərəcəsində ehtiyac duyulurdu. Beləliklə, zənginlik qaynağı olan yerlər aranmağa başlandı və bu arayışda hətta kilsə də yer aldı. O dövrdə Xristofor Kolumb yazırdı: “Qızıl möhtəşəm bir şeydir! Ona sahib olan istədiyi hər şeyin sahibidir! Qızıl sayəsində ruhlara cənnətin qapıları belə açıla bilər…” Amma tarixdən məlum olduğu kimi, onun da aqibəti bu qızıl hərisliyi üzündən acı sonluqla nəticələnib və o yoxsulluq içində ölüb.
Qara qitəyə yol alan “yürüşlər”, sözün əsl anlamında bir insanlıq dramı idi. Mənbələrdə yazılırdı ki, Guaxaca qızıl mədənində çalışma şərtləri öldürücüdür. Mədənin çevrəsində iki kilometrlik bir sahədə skeletlərin və cəsədlərin üzərində yerimək lazım gəlir. Buradakı qətliam təbiətdə canlı nə varsa, hamısını əhatə etmişdi, insanları da, heyvanları da, bitki və ağacları da. Bu faciəni “qara maral” adlı qızıldərili belə anlatmışdı:
“O zaman neçə nəfərin öldüyünü anlaya bilməmişdim. Indi qocalığın bu yüksək təpəsindən geri baxdıqda, yerdə bir-biri üzərinə yıxılmış qadınları və uşaqları görə bilirəm. Və orada, o qanlı çamurun içində bir şeyin daha öldüyünü və o qar fırtınasına gömüldüyünü görə bilirəm. Bəli, bir xalqın xəyalı öldü orada. Gözəl bir xəyaldı, bəli… sonra bir millətin ümidi qırılıb paramparça oldu. Artıq yer üzünün mərkəzi yox, ölüb getdi o müqəddəs ağac”.
Bu insanlıq dramları dünyanın çeşidli yerlərində “qara qızıl” kəşfindən sonra da amansızlıqla davam etdi. Azərbaycanın qara taleyi də bu tarixin içində yazıldı. Yaşadığımız günün o acı hekayətləri bu gün də yazılmağa davam edir. Bəlkə, zaman o hekayətlərin baş qəhrəmanları sırasına yeni yerli və əcnəbi ağalar daxil edib, amma istismarçılığın mahiyyəti çox da dəyişməyib. Bu dramların içində nə qədər puç olan insan taleləri, qırılan xəyallar və öldürülən ümidlər var. Indi “neft lənəti”ndən əzab çəkən bütün ölkələrdə insanların taleyinin böyük dövlətlərin “qara qızıl” maraqlarına qurban verildiyi kimsəyə sirr deyil. Bir də, daha qurban veriləcək nə qalıb ki?..
Öldürülən müqəddəs ağaclar…
•