Avropa Birliyi Liviyadan neft-qaz almağa qadağa qoydu

«Brüsselin qərarı Azərbaycan hakimiyyətinə də bir mesajdır»

Zəfər Quliyev: “Bizim hakimiyyət də bu amillərdən gen-boluna istifadə edirdi”

Brüsseldə keçirilən ikigünlük sammitdə iştirak edən Avropa Birliyinə üzv 27 ölkənin dövlət və hökumət başçıları Liviyadan neft və qaz idxalına qadağanı bəyəniblər.
Rusiya mediasının məlumatına görə, bunu Avropa Birliyinin prezidenti Herman van Rompey deyib. “Bu gün biz neft və qaz ixracından əldə olunan gəlirin Qəzzafi rejiminə çatmaması üçün yeni sanksiyalara səs vermdik”, – deyə Herman van Rompey bildirib.
Eyni zamanda qəbul olunan ümumi bəyanatda o da vurğulanıb ki, Avropa Birliyi Benqazi şəhərində qərar tutan müxalif Milli Şura ilə dialoqa hazırdır. Polkovnik Müəmmər Qəzzafiyə isə hakimiyyətdən çəkilmək təklif olunub.
Siyasi şərhçi Zəfər Quliyevin fikrincə, AB-nın son qərarı digər avtoritar rejimlərə bir mesajdır ki, Qərb demokratiya ilə bağlı dəyərlərini heç  nəyə o cümlədən neft, qaz maraqlarına güzəştə getmir. Hazırda Liviyanın timsalında dünyadakı avtoritar rejimlərə olduqca ciddi mesajların göndərildiyini deyən Z.Quliyev vurğuladı ki, bu mesajlar həm neftlə, həm də Qəzzafinin xalqına qarşı rəftarı ilə bağlıdır: «Qəzzafiyə qarşı sərt iqtisadi sanksiyalarla yanaşı, geniş beynəlxalq hərbi müdaxilə məsələnin yalnız Liviya ilə bitməyəcəyinə də işarədir. Bu, bütün avtoritar rejimlərə ciddi xəbərdarlıqdır. O cümlədən Azərbaycan hakimiyyətinə də bir mesajdır. Əvvəlki dövrlərdə Qərbin öz günahı nəticəsində elə bir şərait, dünyada elə bir siyasi iqlim yaranmışdı ki, neft hər şeydən üstün görünürdü.
Avtoritar rejimlər də bu məqamdan istifadə edirdilər. Elə düşünürdülər ki, onlara hər şeyi etmək olar, insan haqlarının pozulmasına, azad  mətbuatın boğulmasına Qərb həmişə göz yumacaq”.
Politoloq belə düşünənlərdən birinin də Azərbaycan hakimiyyəti olduğunu bildirdi: «Bizim hakimiyyət də bu amillərdən gen-boluna istifadə edirdi. Özü də təkcə Qərblə yox, Rusiya və İranla da münasibətlərdə neft-qaz amili əsas rol oynayırdı. Ərəb ölkələrində gedən proseslər, Liviya timsalında qurulan model, həm Qəzzafi rejiminin sonuna gətirib çıxaracaq, həm də başqa avtoritar, korrupsiyaya uğramış rejimlərə ciddi xəbərdarlıq olacaq. Düzdür, geosiyasi maraqlar, neft maraqları vacib olaraq qalır. Dünya birdəfəlik onlardan heç zaman imtina edə bilməz. Amma demokratiya və neft maraqları bir-birini tamamlamalıdır. Yəni elə rejimlər yaranmalıldır ki, həm insan haqları gözlənilsin, həm də müasir dünyanın tələblərinə riayət edilsin».
Bu baxımdan Z.Quliyev hesab edir ki, artıq Qərbin belə bir siyasi xətt yürütdüyü açıq görünür: avtoritar rejimlər demokratiyaya əngəl yaratmayan qurluşlarla əvəz olunmalıdır.

Xəyal