Heydər Əsədov Samir Şərifovu məğlub etdi

Hesablama Palatasının yeni sədri kənd təsərrüfatı nazirinin adamı oldu

Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının yeni sədri seçilib. Yeni sədr gözlənildiyi kimi, Vüqar Gülməmmədov olub.

***

Milli Məclisin Iqtisadi siyasət Komitəsinin dünənki iclasında Hesablama Palatasına yeni sədrin seçilməsi məsələsi müzakirə olunub. Nəticədə Hesablama Palatası Aparatının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri Vüqar Gülməmmədovun namizədliyi irəli sürülüb.
Modern.az-ın məlumatına görə, iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Vüqar Gülməmmədov uzun illərdir maliyyə sektorunda çalışıb və Hesablama Palatasında təcrübəyə malikdir.

Müzakirələrdən sonra millət vəkilləri Vüqar Gülməmmədovun namizədliyini dəstəkləyiblər. Namizədin məsələsinədə Milli Məclisin bu gün keçiriləcək plenar iclasında baxılacaq.
Məlumata görə, Hesablama Palatasının sədri vəzifəsinə Vüqar Gülməmmədovla yanaşı maliyyə nazirinin birinci müavini vəzifəsində çalışan Ilqar Fətizadənin namizədliyinin irəli sürülməsi də müzakirə mövzusu olub. Lakin son anda Vüqar Gülməmmədova üstünlük verilib.
Xatırladaq ki, “Azadlıq”ın ötən saylarında maliyyə naziri Samir Şərifovla Hesablama Palatasının sabiq sədri, kənd təsərrüfatı naziri Heydər Əsədov arasında bu qurum uğrunda mübarizə getdiyi haqda məlumat vermişdik. Adıçəkilən məmurlar Hesablama Palatasının rəhbərliyinə öz kadrlarının təyin olunmasına çalışırlar. Qurumun rəhbərliyinə Ilqar Fətizadə ilə Vüqar Gülməmmədovun namizədliyinin irəli sürülməsi üzərində dayanılması dediklərimizi təsdiq edir. Son anda Vüqar Gülməmmədovun namizədliyinin irəli sürülməsi bu məsələdə Samir Şərifovun məblubiyyəti kimi dəyərləndirilə bilər.