“İndi seçim İlham Əliyevindir”

Əli Kərimli: “Buyurub, əməldə sübut etsin ki, onun üçün Qarabağın qaytarılması daha önəmlidir”

AXCP sədri Əli Kərimli özünün “Facebook” səhifəsində Qarabağ probleminin həlli üçün yeni imkanların yaranmasından yazıb. Yazını təqdim edirik:

“Qarabağ probleminin həlli üçün nəhayət, yeni imkanlar yaranır. Əlbəttə ki, bu imkanların Əliyev-Sarkisyan görüşünə heç bir dəxli yoxdur. Azərbaycanın və Ermənistanın dövlət başçıları bu görüşdən sadəcə olaraq düşdükləri təcrid vəziyyətindən çıxmaq üçün istifadə etdilər. Yeni imkanları isə Ermənistanın səhvi yaradıb. Bu səhvdən dərhal istifadə etmək lazımdır. Heç kimə sirr deyil ki, Ermənistanın xarici siyasəti çox vaxt bizimkindən güclü olub. Bir tərəfdən bu işğalçı dövlət bütün zamanlarda Rusiyadan hərbi, siyasi, iqtisadi dəstək alıb, digər tərəfdən də işğalçı və haqsız ola-ola ABŞ başda olmaqla Qərbin də özünə dəstəyini təmin edib. Yalnız 1993-cü ilin birinci yarısı istisnalıq təşkil edir. O zaman demokratik Azərbaycan Türkiyənin və Qərbin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın erməni işğalından dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələrinin qəbuluna nail olmuşdu.

İndi isə yeni və Azərbaycan üçün əlverişli situasiya yaranır. 

Rusiyanın təzyiqi ilə Ermənistan nəhayət, seçim etdi. Rusiyanın liderlik etdiyi Gömrük İttifaqına qoşulacağını bəyan etdi və ilk dəfə Qərbdən sərt reaksiya ilə üzləşdi. Avropa Birliyi (AB) açıq şəkildə bildirdi ki, Ermənistan Gömrük İttifaqına qoşulduğu üçün artıq AB ilə Assossasiya Sazişi imzalaya bilməz. Başqa sözlə, daha eyni vaxtda iki stulda oturmaq mümkün olmayacaq. Bu günlərdə isə AB parlamenti Azərbaycanın ərazi bütövlüyünə və BMT TŞ-nın Qarabağla bağlı qətnamələrinə növbəti dəfə öz dəstəyini ifadə etdi. Daha əvvəllər isə NATO sammiti Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etmişdi. Günümüzün reallığı isə ondan ibarətdir ki, ərazi münaqişələrində (regional güclərin də marağı nəzərə alınmaqla) son sözü ABŞ və AB deyir. Sübut üçün Kosova və digər münaqişələrin taleyini yada salmaq kifayətdir. Üstəlik Azərbaycanın İslam Təşkilatı Konfransından da tam dəstəyi var. Beləliklə, Azərbaycan Avropa Birliyinə inteqrasiya xətti seçməklə, Rusiya və onun peykləri istisna olmaqla, öz ərazi bütövlüyünə bütün dünyanın dəstəyini təmin edə bilər. Bu isə Ermənistanın təcridinə və bir gün bu reallıqla barışmasına gətirib çıxarar.

Amma bütün bunların baş verməsi üçün Qarabağın taleyi gərək Azərbaycan hökuməti üçün də önəmli olsun. Avropaya inteqrasiya üçün Azərbaycandan çox şey tələb olunmur. Öz əhalisinə vətəndaş kimi yanaşıb, onların hüquq və azadlıqlarına, seçimlərinə hörmət qoymaq tələb olunur. İndi seçim İlham Əliyevindir. Saxta, boğazdan yuxarı vətənpərvərlik təbliğatı ilə daha heç kimin gözünə kül üfürə bilməz. Buyurub, əməldə sübut etsin ki, onun üçün Qarabağın qaytarılması rəqiblərinə “müstəqil” divan tutmaq və hakimiyyətini daha bir müddət uzatmaq azadlığından daha önəmlidir. ATƏT və AB-nin demokratikləşmə paketini qəbul etsin, Azərbaycanın Avropaya, Qarabağın da Azərbaycana yolu açılsın. Bunu etmirsə, Qarabağdan danışmasın, inanan olmayacaq”.