Hələ də vaxtımız yoxdur?

Dünən yazmışdım ki, hörmətli oxucular, artıq məndən yeni yazı-zad gözləməsinlər, bir halda ki, 20 ildir ölkədə təzə heç nə baş vermir, dəyişən bir şey yoxdur, yeni nə yazasan, necə yazasan?

Əslində bunu bir az ironik yazmışdım, amma daha çox da vəziyyətin ağırlığını göstərmək üçün yazmışdım. Həqiqətən eyni gerçəkləri, eyni ağrıları, eyni dərdləri dönə-dönə yazmaq bəzən adamın özünə də yorucu, darıxdırıcı, cansıxıcı gəlir. 15 il əvvəlki bir yazını bu gün çox rahatlıqla, böyür-başına bir balaca əl gəzdirib təkrar çap etmək olar, axı o ağrıları ki, 15 il əvvəl yazmışdıq, hələ də qalırlar, hətta daha dözülməz, əzablı ağrılara çevriliblər.

Ona görə də şəxsən mənim üçün “yeni yazı” anlayışı çox şərtidir. Çünki hər yeni yazı köhnəlməyən dərdlərimizdən, onillərdir davam edən ağrılarımızdan yoğrulur, doğrulur.

Budur, Üzeyir Hacıbəyovun felyetonlarını oxuyuram, həm də allah bilir, neçənci dəfə. Və görürəm ki, məsələ son 10, 20 ilin davam edən bəlalarında, fəlakətlərində də deyil heç. Əslində 80, 90, 100 ildir bizi eyni yaralar sızladır, eyni dərdlər göynədir. 

Məsələn, “Vaxtımız yoxdur” adlı bir felyetonunda belə yazır Üzeyir bəy:

“- Indi nə deyirsiniz? Bu iş bizə lazımdır ya yox? 

– Əlbəttə, lazımdır. Biz gərək bu işi nə tövr olsa, əmələ gətirək.

– Deməli, hamınız razısınız və qol qoyursunuz.

– Əlbəttə, əlbəttə, bizim min cürə dərdlərimiz, min cürə əngəllərimiz var. Lazımdır ki, yığışıb danışaq lazım olan işləri görək. Çalışaq, vuruşaq, əlimizdən gələn qədər iş görək. Özgə millətlərə baxanda, onların hər işləri qayda ilə, özləri də yerli-yaraşıqlı olduğu halda, biz həmişə pozğunluq içində qalıb, işlərimizi düzəltməyə iqdam eləmirik. Odur ki, hər bir barədə pərişan olan bizik. Şübhəsizdir ki, bu iş bizim üçün vacibdir və onu əmələ gətirmək bizim borcumuzdur…

– Çox gözəl, çox əcəb. Indi işə başlayaq. Əvvəlcə, bir komissiya seçmək lazımdır ki, bu işin proqramını düzəltsin, belədirmi?

– Düzdür!

– Bu proqramı düzəltmək üçün bir beş-altı nəfər adam kifayətdir. Biri sən.

– Kim, mənə! Allah haqqı mənim vaxtım yoxdur. Məni yazma, Cəfəri yaz.

– Kimi, məniə Atamın goru haqqı mənim də vaxtım yoxdur. Təvəqqə edirəm ki, məni bağışlayasınız. Bu barədə Həsən cənabları yaxşıdır.

– Mənə Allah mənə lənət eləsin hərgah başımı qaşımağa macalım varsa. Bu iş üçün Mürsəl cənablarını yazın.

– Mənə! Getdiyim Xorasan belimi sındırsın əgər sutkada üç saat yatıramsa. Iş boğazıma qədər yığılıbdır, təvəqqə edirəm ki, məni əfv edəsiniz. Vaxtım yoxdur. Nə üçün Əhməd Əfəndini yazmırsınız?

– Həzərat, bilirəm inanmayacaqsız, amma siz öləsiniz, özüm ölüm ki, kəsrəti-şüğldən o qədər başım qarışıqdır, indiyə qədər obed eləməmişəm. Istər inanın, istər inanmayın, amma məni bağışlayın.

– Balam, bu hələ işin başıdır ki, siz hamınız qaçırsınız. Bəs sonra iş çoxalanda nə olacaq? Pəh, pəh, pəh! Hələ özümüzü də məzəmmət edirik ki, işlərimiz pərişandır, özgələri bizdən qabaqdadır. Görünür ki, sizin hünəriniz elə boşboş danışmaqdır.

– Indi biz nə edək? Nə çarə qılaq? Vaxtımız yoxdur.

– Xeyr, a, vaxtınız var, amma ruhunuz yoxdur, iş görməyə hünəriniz yoxdur. Ürəyinizdə təpər yoxdur….

Ravi belə rəvayət edir ki, bir kərə gecə saat beşdə bir evin yanından keçirdim. Gördüm ki, pəncərələrindən işıq gəlir. Dedim ki, aya, görəsən bu evdə nə vacib iş var ki, indiyə qədər yatmayıb, vaxt sərf ediblər. Başımı uzadıb qulaq verdim, amma bir şey başa düşə bilmədim. Ancaq qulağıma içəridən bu cürə səslər gəlirdi: “Verirəm … böyüyündən … xalı… Bir abbası…. Sabunçu. Kombinatsiya….”

Bu cürə sözlərdən bir şey başa düşə bilmədim. Istədim bir az da qulaq asam, amma, heyf ki, vaxtım yox idi…”.

Üzeyir bəyin bir zamanlar yazdığını niyə təkrar bu köşəyə köçürdüm deyə soruşursunuzsa, vallah, heç bir xüsusi səbəbi-zadı yoxdur, heç nəyə də işarə vurmuram, eyham-zad eləmirəm.

Sadəcə, dünən də mənim başım bərk qarışıq idi, özümün oturub nəsə yazmağa vaxtım yox idi…