Maştağa “psixuşka”sının “uğur centlmenləri”

Bəşəriyyət illər, bəlkə də əsrlər boyu “ruhi xəstəxana və korrupsiya” kimi qorxunc ifadəni yaxına buraxmasa da, Əliyevlərin ikinci dəfə hakimiyyətə gəlməsi nəticəsində bu “bakirəlik” də pozuldu. Rüşvətin buna qədər açmdığı nadir qapılardan biri də rejimə xidmət etməyə başladı.  

…Sövet dövründə ruhi-əsəb dispanserlərində müalicə alan xəstələri asanlıqla ayırd etmək olurdu. Məhz bu səbəbdən  oradan “ayrı düşmüş” (hazırda “qaçmış” hesab olunurlar – X.Ə.) xəstələri nəinki qohumları, hətta sadə vətəndaşlar da tutub geri qaytara bilirdi.  

Dispanserlərin mühafizəsi də onların səviyyəsinə görə qurulurdu, elə qapılar var idi ki, açıq qalırdı, amma bir dəfə də olsun heç bir xəstənin oradan keçib çıxmaq ağlına belə gəlmirdi. Çünki həqiqətən ruhi xəstə idilər. Çox şey dəyişib indi…  

…Təxminən 5 il il əvvəl, tələbəlik illərindən tanıdığım bir tanışımla təsadüfən rastlaşdıq. Başqa-başqa fakültələrdə oxusaq da, bir-birimizi yaxşı tanıyırdıq. Universitetdə çox nadir hallarda görüşsək də, kitabxanalarda tez-tez qarşılaşırdıq. Məlum oldu ki, dostum vəzifə sahibidir və hakim partiyanın rayon səviyyəsində sayılıb-seçilən üzvlərindən biridir. Hobbisi də var idi, – özünün müəllifi (!) olduğu atalar sözləri və aforizmləri toplayıb, gələcək nəsillərə çatdırmaq istəyirdi. Eyni zamanda onaqədərkiləri(!) araşdırırdı. Ona bu mövzuda bir neçə kitab bağışlayacağıma söz verdim və ayrıldıq…

Cəmi bir neçə aydan sonra dostum mənə zəng edərək kitabları istədi. Özü də kitabları özünə yox, qohumuna çatdırmağı xahiş edirdi. Israrla görüşmək istəyimi isə, geri çevirirdi. Sonradan mənə məlum oldu ki, dostum Maştağadakı ruhi dispanserdə “müalicə” olunur. Bunu qaynı mənə soylədi, dedi ki, bu yolla həbsxanadan çıxardıq, məlum kağızı alandan sonra azad etməyə çalışacağıq. Həbs səbəbi də YAP hakimiyyəti üçün ənənəvi idi – vəzifəsindən sui-istifadə etmişdi. Yəni oğurladığının bir hissəsini “özündə saxlayırmış”… 

Tanışım vaxtının boş keçməməsi üçün kitabını orada yazmağa (!) qərar vermişdi. Mən göndərdiyim kitabları alandan sonra zəng vurub təşəkkür edən “dəli” dostum , məndən Viktor Hüqonun “Gülən adam” romanını istədi. Kitabı ona göndərməmişdən qabaq oxudum və bir daha ona “qibtə” etdim. Oradakı iqlimə uyğunlaşmaq üçün başqa nəsə fikirləşmək çox çətin idi…

Əliyevlər ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkədəki ruhi dispanserlərində “inkişaf dövrü” başladı. Məsuliyyətdən qaçmaq üçün verilən kağıza (el arasında buna “devit-be” deyirlər – X.Ə.) tələbat başladı. Rejimin qəzəbinə gəlmiş dələduz və fırıldaqçıların, eləcə də cinayətkarların əksəriyyətinin cibində bu kağızdan var. Cibində bu kağızı gəzdirənlərin çoxu üçün yeni cinayətə yönəlmiş bir stimuldur. Sovet dövründə onalara edilən “güzəştlər” hələ də bizim qanunvericilikdə qalmaqdadır. Belə ki, hökm oxunanda əlində ruhi dispanserin verdiyi bu “kağız” bir çox hallarda cinayətkarların dadına çatır. 

Bu günlərdə Maştağadan qaçmış dörd “ruhi” xəstələr də əvvəllər cinayət törətmiş şəxslər idi. Fikir verdinizsə, hüquq mühafizə orqanları bir nömrəli hazırlıq vəziyyətinə gətirildi və onlar ruhi xəstə kimi yox, cinayətkar kimi yaxalandılar. Onlar haqqında televiziya və mətbuatda gedən xəbərlərdə törətdikləri cinayətlər haqqında məlumatlar verilməsə də, hansı maddələr üzrə məhkum olunduqları bildirildi. Dələduzluq, vəzifədən sui-istifadə, xuliqanlıq, dövlət əmlakının talan edilməsi maddələri sübut edir ki, bunlar sonradan “dəli” olublar. Şəkilləri də bunu sübut edirdi – onlarda ənənəvi “ruhi xəstə” obrazından əsər-əlamət belə yox idi, hətta qalstuk taxanları da var idi. Xatırlayırsınızsa, hələ 2007-ci ildə həmin dispanserdən on nəfər qaçmışdı. Bir neçəsini hələ də “axtarırlar”, tapa bilmirlər…

…Sonda bu sahədən çörəyi çıxanlara üzümü tuturam:

“Əgər maraqlı deyilsinizsə(!), ruhi xəstələrə görə qurulan köhnə mühafizə sistemindən imtina edin… 

Görmürsünüz, dəlilər “ağıllanır”…