Səfalət-Cəhalət cütlüyü

Türkiyənin bugünkü şəriətçi, avtoritar təbiətli iqtidarı hər seçkidə səslərinin böyük hissəsini ölkənin təhsil səviyyəsinin aşağı, yoxsulluğun isə yüksək olduğu bölgələrindən alır. Bu nə deməkdir, bilirsinizmi? Bu,  avtoritarizmin səfalətdən və cəhalətdən su içdiyi, savadsızlıqdan və yoxsulluqdan qidalandığı deməkdir. Səfaləti nə qədər dərinləşdirərsən, cəhaləti nə qədər gücləndirərsən, nə qədər çox insanı qafası ilə deyil, qarnı ilə düşünməyə məcbur edərsən, iqtidarda qalmaq, “ömürlük prezident” olmaq lüksün də bir o qədər çox olar deməkdir.
Təbii, yaptokratlar da bunu bildiyindən Azərbaycanı elmsiz, təhsilsiz bir ölkəyə çevirmək üçün əllərindən gələni edirlər. Alimin, fikir, düşüncə adamlarının ağzından atdırıb, onları ölkədən didərgin salıb, məsələn, Aygün Kazımovaya mənzil üstünə mənzil, fəxri ad üstünə fəxri ad verirlər.
Əslində oğul Əliyevin tıpkı atası kimi xalqın qanı üzərindən adlayıb iqtidar başına keçməsindən aylar sonra bir elm adamını iclasdan qovması da çox simvolik idi. Bununla kral həzrətləri onun hakimiyyəti altındakı bir ölkədə elmə, biliyə, düşüncəyə heç bir yer olmayacağının mesajını göndərmişdi. Azərbaycanı elmlə yox, zülmlə idarə edəcəyinin siqnalını vermişdi.

***

Indi isə gəlin baxaq: bu idiotların bəyənmədiyi bir illik Cəbhə-Müsavat hakimiyyəti ölkəni dirçəltməyə hardan başladı? Təhsildən… O vurhavurda, o soxhasoxda TQDK kimi modern bir qurum yaradıldı, ilk dəfə içində rüşvətin, tapşırığın olmadığı, dürüst bir qəbul imtahanı keçirildi. Bu, əslində Elçibəy iqtidarının xalqa mesajı idi: “Azərbaycanı çağdaş, inkişaf etmiş, irəlidə gedən ölkəyə çevirməyin tək yolu elmdir, təhsildir”.
Sonra nə oldu? Yaptokratlar Cəbhə-Müsavat iqtidarını zor, zopa gücünə devirdilər, özləri iş başına keçdilər. Ilk gördükləri işi isə hər kəs bilir: “Əsrin müqaviləsi” kimi antimilli, antixalq sənədini qollamaq… Yəni, nefti – millətin sərvətini özləri ilə onları hakimiyyətin təpəsinə oturdan qaranlıq güclər arasında pay-püş etmək!
Bir illik Cəbhə-Müsavat hakimiyyəti ilə 18 illik Əliyev rejimi arasında fərq də budur zatən: biri milləti savadlandırmaq, bilgi sahibi etmək üçün gəlmişdi, digəri soymaq, sümürmək üçün. Biri milləti aydınlatmaq üçün gəlmişdi, digəri ölkəni qaranlığın dibinə gömmək üçün. Niyə?
Çünki ölkəni qaranlığın dibinə göməcəkdilər ki, onun sərvətlərini, nemətlərini, insanlarının səsini, gələcəyini də rahatca çırpışdıra bilsinlər, oğurlaya bilsinlər. Allah eşqinə, siz heç aydınlığı, işığı sevən oğru gördünüzmü indiyədək?

***

Indi qoy “Cəbhə-Müsavat cütlüyü” deyib gecə-gündüz gəvəzələyənlər, yalan-yanlış üyüdüb-tökənlər, çənə yoranlar, baş-beyin aparanlar bir də dönüb bu günə baxsınlar, bu gün hakimiyyətdə oturan Səfalət-Cəhalət cütlüyünün Azərbaycanı hansı rüsvayçı yerə gətirdiklərini görsünlər. Məmləkətin adının dünyanın ən geridə qalmış ölkələri ilə bir sırada hallanmasından utansınlar. “Azərbaycan” sözünün korrupsiya, monarxiya, feodalizm, despotizmlə assosiasiya olunmasından vicdan əzabı duysunlar.
Dünyanın ən yaxşı universitetlərinin arasında bir dənə də universitetimizin olmamasından xəcalət hissi keçirmək yerinə dünyanın ən uzun bayraq dirəyini tikməklə qürrələnməyin hansı əxlaqa, hansı mənəviyyata sığdığının hesabını versinlər.