“Bu, yalnız bir qəzet deyil, azadlıq ocağıdır”
Bir neçə gün çapını dayandırmağa məcbur olan və Azərbaycan ictimaiyyətinin yardımı ilə yenidən işıq üzü görə bilən “Azadlıq” qəzetinə Azərbaycanın Güneyindən də dəstək gəlib. Güneydə nəşr olunan və fəaliyyəti dayandırılan “Yarpaq” qəzetinin baş redaktoru Eyvaz Taha “Azadlıq”ın baş redaktoru Qənimət Zahidə dəstək məktubu göndərib. Məktubda deyilir:
“Sayın Qənimət Zahid və “Azadlıq” qəzetinin dəyərli əməkdaşları!
Sözsüz, “Azadlıq” qəzeti bütün Azərbaycan türk xalıqının qurtuluş mübarizəsinin danışan dilidir. Bu qəzet Azərbaycan xalqının səsidir. “Azadlıq” gerçək anlamda özgürlük ocağıdır.
Məncə “Azadlıq”ın probleminin kökündə təkcə siyasi motivləri axtarmaq düzgün olmazdı. Burada daha dəhşətli bir problemlə qarşı-qarşıyayıq – şou bizneslə, əyləncə ideologiyası ilə. Nə qədər ki, toplumsal qurumlar və qeyri-dövlət təşkilatları populizmə qapılaraq bu problemlərdən yan keçirlər, nə sosyal aktuallığı gücləndirmək arzusu doğrulacaq, nə də “Azadlıq” kimi prinsipal mövqeli yayım orqanlarını ayaqda saxlamaq mümükün olacaq.
Azərbaycan türk xalqı əyləncə idelogiyasından düşüncə və ictimai sorumluluq sahəsinə yayınmalıdır. Belə olmadıqda ictimai dəyişimlərin subyekti olan Azərbaycan insanı özünü bayıra tullamaqdansa öz içinə çəkilərək buxov qırmış kapital qarşısında sarsılacaq. Bu gedişə boyun qoymaq istəmiriksə “Azadlıq” kimi ocaqları qorumalıyıq.
“Azadlıq” qəzetinin yenidən yayım dünyasına qayıtmağı münasibəti ilə sizi və bütün xalıqımızı təbrik edirəm”.


