Roza Rəfiyeva: «Polislərdən Səbuhi Ağayev deyib ki, məni DIN-in hospitalına aparın, yoxsa işimiz pis olacaq»
Polislərin yanvarın 13-də öldürdüyü iddia edilən Elvin Əsgərovun işi ilə bağlı yeni məlumatlar var. Belə ki, Roza Rəfiyevanın oğlunun qətli ilə bağlı aidiyyəti qurumlara ünvanladığı şikayət məktublarına eyni məzmunlu cavablar verilir: “Elvin Əsgərov yanvarın 13-də gecə saat 01 radələrində dostları ilə “Neon Palace” restoranından sərxoş halda çıxaraq, ictimai asayişi pozub, polis nəfərlərinin əmrlərinə tabe olmayaraq hadisə yerindən qaçmaq istəyib, nəticədə E.Əsgərov bir neçə dəfə yıxılıb-durub. Bundan sonra onu Nizami rayon 24-cü polis bölməsinə gətiriblər. Orada halı pisləşib, təcili surətdə Bakı şəhər 3 saylı Klinik Xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, həmin gün saat 18 radələrində dünyasını dəyişib”.
“Oğlumu 24-ün rəis müavini Rasim Əmirov öldürüb!”
R.Rəfiyeva verilən cavabların həqiqətə uyğun olmadığını deyir. Qeyd edir ki, onu Çevik Polis Alayının 5-ci polis bölüyünün əməkdaşları və 24-cü polis bölməsinin rəis müavini Rasim Əmirov işgəncə verərək öldürüb. Əlində kifayət qədər sübutların olduğunu bildirən xanım Rəfiyeva söyləyir ki, oğlunun qətli ilə bağlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi açılıb: “Kənardan kimsə bu maddənin adını eşidəndə elə düşünər ki, hüquq-mühafizə orqanları yaxşı işləyir, cinayət işi qaldırıblar. Amma bu maddə öldürülənə qarşıdır. Dünyanın heç bir yerində belə örnək yoxdur”.
R.Rəfiyevanı dəhşətə gətirən isə DIN-in daxili təhqiqatlar idarəsinin rəisi Möhübbət Hüseynovun göndərdiyi cavab məktubudur. Məktub həm də polislərin savad səviyyəsinin göstəricisi kimi diqqət çəkir.
Məktubda yazılıb: “13.01.2011-ci il tarixdə saat 01 radələrində Nizami rayon ərazisində yerləşən ”Neon Palace” şadlıq sarayının yaxınlığında Bakı şəhər sakinləri E.Əsgərov, M.Cəfərov, Ə.Cəfərov, F.Hacıyev və A.Qəniyev sərxoş halda mübahisə etməklə ictimai qaydanı pozmaları, həmin ərazidə ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar xidməti vəzifələri yerinə yetirən DIN-in Çevik Polis Alayının 5-ci polis bölüyünün polis nəfərləri T.Heydərov, Z.Süleymanov və E.Mütəllimov onlara yaxınlaşaraq intizama dəvət etmələri və şəxsiyyətlərini təsdiq edən sənədləri yoxlamaq istəmişlər. Onlar polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən qaçmağa başlayanda vətəndaş E.Əsgərov onu təqib edən polis nəfərləri Z.Süleymanovu və E.Mütəllimovu özündə olan açılıb-qatlanan bıçaqla vuraraq bədən xəsarətləri yetirmişdir. Sonradan hadisə yerinə gələn digər polis əməkdaşlarının köməkliyi ilə vətəndaş A.Qəniyev və qeyriləri ərazi aidiyyatı üzrə Nizami RPI 24-cü PB-yə gətirilməsi, raportla növbətçi hissəyə təhvil verilməsi, səhhəti pisləşdiyindən vətəndaş E.Əsgərov saat 01:15-də Bakı şəhər 3 saylı Klinik Xəstəxanasına yerləşdirilərək ona davamlı şəkildə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq həmin gün saat 18 radələrində vəfat etmişdir”.
Elvin Əsgərov neçə polis əməkdaşını bıçaqlayıb?
Məktubda sonra yazılır: “Polis nəfərləri S.Ağayevin ”Sağ bazu oynağının ön səthinin kəsilmiş-deşilmiş yarası”, Z.Süleymanovun “Sağ qulaq arxası nahiyəsinin və seyvanın kəsilmiş yaraları”, E.Mütəllimovun “Ənsə nahiyəsinin kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə DIN-in A.Heydərov adına Respublika Hospitalına, vətəndaş E.Əsgərovun isə “kəllə-beyin travması” diaqnozu ilə Bakı şəhər 3 saylı Klinik Xəstəxanasına aparılması ilə bağlı Nizami RPI 24-cü PB-də toplanmış material 13.01.2011-ci il tarixdə aidiyyatı üzrə Nizami rayon prokurorluğuna göndərilmişdi… Aparılmış xidməti təhqiqat nəticəsində polis əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinin pozulması və vətəndaş E.Əsgərova qarşı qeyri-qanuni hərəkətlərə yol verilməsi müəyyən edilməmişdir”.
R.Rəfiyeva bu cavabın da həqiqəti əks etdirmədiyini deyir: “Məktubun bir hissəsində oğlum onu təqib edən Z.Süleymanovu və E.Mütəllimovu açılıb-qatlanan bıçaqla vurub. Başqa yerində isə yazılıb ki, S.Ağayev, Z.Süleymanov və E.Mütəllimov DIN-in hospitalına aparılıb. Bu necə ola bilər? Elvin ikisini bıçaqlayıb, yoxsa üçünü? Əvvəldən deyiblər ki, oğlum iksini bıçaqlayıb. Nədən üçüncünü bıçaqlayan şəxs ortalıqda yoxdur? DIN niyə üçüncü polislə bağlı məlumat yaymır? Deməli, sərf etmir”.
Roza xanım deyir ki, oğlunu restoranın qarşısından 6 saylı TTYS-in həyətinə gətiriblər: “Orada Elvini 8-10 polis əməkdaşı döyüb. Polislərdən yalnız Səbuhi Ağayevi TTYS-ə aparıblar. O da orada deyib ki, məni DIN-in hospitalına aparın, yoxsa işimiz pis olacaq”.
Məktubda E.Əsgərovun saat 18 radələrində vəfat etməsi ilə bağlı yazılanlarla razılaşmayan ana bildirir ki, oğlu yanvarın 13-də gecə saat 3-də dünyasını dəyişib: “Xəstəxanaya aparılanda artıq yarımcan halda olub. Bir neçə saatdan sonra keçinib”.
R.Rəfiyeva məktubda yazılan başqa bir hissə ilə də razılaşmır: “Yazılır ki, oğlum iki polis əməkdaşını bıçaqlayıb. Sonra bölməyə aparılanda halı pisləşib. Əgər Elvin adam bıçaqlayıbsa, niyə halı pisləşir? Istərdim ki, bu suala da aydınlıq gətirilsin”.
DIN-in və başqa qurumların təxminən eyni məzmunlu cavablarına diqqət yetirən R.Rəfiyeva qeyd edir ki, oğlunun qanını batırmaq istəyirlər: “Hadisələrin gedişi buna istiqamətlənib. Ancaq həqiqətin qarşısını kəsmək mümkün olmayacaq. Yalan ayaq tutar, yeriməz”.
***
Roza xanım söhbət əsnasında çoxlu suallar verdi. Biz o sualların bir qismini yazdıq. Istərdik ki, bir ananın ünvanladığı sualları aidiyyəti qurumlar cavablandırsın.
Qalan suallarlasa növbəti yazımızda tanış ola bilərsiniz…
Ramin DEKO