Ziya Məmmədovdan Rusiyaya ittiham

Azərbaycan Rusiyanın beynəlxalq gömrük tranzit sistemindən imtinasını etirazla qarşıladı

Rusiyanın beynəlxalq gömrük tranzit sistemindən imtina etməsi TIR (Transports Internationaux Routiers) Beynəlxalq Konvensiyasının pozulması deməkdir. Trend-in məlumatına görə, bunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov polşalı həmkarı Slavimir Novakla keçirdiyi görüşdə deyib.
Qeyd edək ki, Rusiya daha əvvəl qüvvədə olan TIR kitabçalarının əvəzinə Gömrük Ittifaqında öz tranzit sisteminin hazırlanması təşəbbüsü ilə çıxış edib.
Z.Məmmədovun sözlərinə görə, rəhbərlik etdiyi qurum bu məsələyə aydınlıq gətirmək üçün Rusiya Nəqliyyat Nazirliyinə yazılı müraciət göndərib: “Azərbaycan beynəlxalq qanunların icrasının təmin edilməsində maraqlıdır. Beynəlxalq səviyyəli istənilən hüquqi sənəd daxili hüquq aktlarından üstün tutulur. Buna görə də hər hansı ölkədə qəbul edilən qərar beynəlxalq sənədə ziddirsə, son söz çox vaxt beynəlxalq hüquqi sənədin tərəfində olur”.
Nazir hesab edir ki, yükdaşımalara maksimum şərait yaratmaq lazımdır ki, sərhədyanı zonalarda problemlərlə üzləşməsinlər: “Söhbət sürücülərdən və onların daşıdığı yüklərdən, habelə yükün təyinat məntəqəsinə tez çatdırılmasından gedir”.
Onun fikrincə, Rusiyanın qəbul etdiyi mövcud qərar Beynəlxalq Konvensiyanın pozulması anlamına gəlir və Rusiya bu addımı birtərəfli qaydada ata bilməz: “Bu məsələ Azərbaycan və Rusiya Nəqliyyat nazirliyinin əməkdaşlarının yaxın vaxtlarda keçirəcəkləri görüşün gündəliyinə daxil edilib”.
Rusiyanın bu qərarı reallaşması Azərbaycana ciddi zərbə olacaq. Ziya Məmmədovun Kremlə qarşı açıqlamalarında bulunması da bu səbəbdəndir. Rusiyanın bu təşəbbüsü postsovet ölkələrini, xüsusilə Azərbaycanı Avrasiya Ittifaqına cəlb etmək planından irəli gəlir. Kreml Azərbaycanda bu qurumda görmək üçün Bakıya müxtəlif təzyiq üsullarından istifadə edir. Bu sırada Rusiyada miqrantlara qarşı açılan savaşı xüsusi qeyd etmək lazımdır. Lakin maraqlıdır ki, indiyə qədər Azərbaycan rəsmiləri baş verənləri “adi məsələ” adlandırıblar. Ziya Məmmədovun Rusiyanı ittiham etməsi ilk sayıla bilər. Bu açıqlama Kremllə Bakı arasında münasibətlərin təqdim edildiyi kimi “dostluq” səviyyəsində olmadığını bir daha ortaya qoyur.