…Heç olmasa bir dəfə də olsun axirət dünyası haqda fikirləşmisinizmi? Yəqin ki, bu sadəlövh sualı oxuyan oxucuların əksəriyyəti öz-özünə deyəcək ki, bu nə qəribə sualdır, ən azı gündə bir neçə dəfə o dünya haqqında fikirləşirik.
Deməsək də etiraf edək ki, bizi o dünyaya getməkdən çox, bu əbədi haqq dünyasındakı yerimiz maraqlandırır. Kəsəsi, anlayacağınız cənnət-cəhənnəm məsələsi bu gün hər kəsin yaralı yeridir, məsciddəki imamdan tutmuş, ta “sobes” işçisinədək…
Maraqlısı budur ki, hər kəsin könlündən təbii ki, cənnət keçir, hətta mən deyərdim ki, hamının oraya düşməsinə haqq qazandıra biləcək alibisi mövcuddur. Yəni hər kəs zənn edir ki, onu orada, mütləq başa düşəcəklər. Deyəcəklər ki, ay kişi, dərinə getmə, bilirik bunları qəsdən etməmisən, müdirin məcbur edib, sən də balalarının xatirəsinə bu yolun yolçusu olmusan, sil gözlərinin yaşını, ayıbdır, indi mələklər dalınca gələcək.
…Babam rəhmətə gedəndə evdə tək idim, o yadımdadır ki, onu sorğu-sual edirlərmiş kimi, cavablar verirdi. Gənc yaşında rəhmətə getmiş oğlunun və tanımadığım insanların adını tez-tez təkrarlayırdı, hətta hansısa əhvalatı danışmağa vaxtı da oldu belə…
7 yaşım var idi və babamın son cümləsini indi də xatırlayıram. Öz-özünə (otaqda kimsə gözə dəymirdi – X.Ə.) “day gəlmisimiz, də” dedi və susdu. Sonradan bildim ki, o rəhmətə gedib. O gündən axirət dünyasına inanıram…
Yəqin xatırlayarsınız, vaxtilə Azərbaycanda da yayımlanan Türkiyənin Samanyolu telekanalı ilə insanları haqq yoluna dəvət edən, bu yoldan sapanları isə cəhənnəm alovu ilə qorxudan rəvayət – seriallar gedirdi. Insanlardan son anadək səbirli olmaları tələb olunur, qalan şeyləri isə müqəddəslərin ixtiyarına buraxmağa çağırırdılar. Hər bölüm haqq-ədalətin zəfəri ilə başa çatırdı və günah işlədənlər cəhənnəm alovu olan qapıdan içəri atılırdı. Onların günahı ucbatından ömrə vida edənlər isə, nurlu bir işıq selinin uzandığı istiqamətə, yəni cənnətə doğru aparılırdı. Yəni fani dünyada çəkdiyin əziyyətlər, sənə edilən haqsızlıqlar bu cür ödülləndiriləcək, heç narahat olma. Əlqərəz başını aşağı sal, heç sənə təpik vurana belə baxma, onun cəzasını verəcəklər…
Mən müsəlmanların müqəddəs kitabı olan mübarək “Qurani-Kərim”dən bu cür müti yanaşmanı alt-üst edən saysız-hesabsız hədislər, ayələr misal gətirə bilərəm, lakin buna ehtiyac görmürəm.
Nəzərinizə çatdırım ki, “Samanyolu” kanalı və orada təbliğ edilən dəyərlər son 20 ildə Azərbaycanda geniş yayılmış nurçuluq təriqətinə aiddir. Hazırda bu təriqətin Azərbaycanda təhsil, biznes və tibb başda olmaqla geniş bir imperiyası var. Bundan başqa, telekanal, radio və qəzetləri var. Necə oldu ki, Azərbaycanda olan yerli inanclı kəsimi rejim təqib edir, onların cibindən narkotik, evlərindən silah “çıxarır”, amma lideri tolerant bir ölkə olan Türkiyədən qaçaq düşmüş bir təriqət Azərbaycanda atını “dörd nala” çapır. Maraqlıdır, deyilmi?..
…Ötənlərdə bir yazı yazmışdım, orada Qafqaz Universiteti tərəfindən ARDNŞ-in prezidenti Rövnəq Abdullayevi “ilin idman adamı” elan edilməsinə toxunmuşdum. Fələstin, Lüksemburq və Lixtenşteyn kimi dünya futbolunda qələbə üzünə həsrət qalan komandalara bu sevinci yaşadana(!) ilin idman adamı adı verilməsi, klassik bir Samanyolu rəvayəti idi. Yəni biz vermədik, aldı, günah bizdən getdi…
Rejimin ən yüksək çinli məmurlarının nurçulara açıq dəstək verməsi təsadüfi deyil. Onlar yerlilərə nisbətən daha gözüaçıq və müti olmaqla bərabər, həm də çox soyuqqanlıdırlar. Əməyindən istifadə etdikləri insanları bir göz qırpımında silib atmağa qadirdirlər. Mən dəfələrlə öz yaxınlarımın timsalında bunun şahidi olmuşam. Son dəfə özəl klinikalardan birinin Ibrahim adlı nurçu baş həkimi, çox ədəb-ərkanla dedi: “Respublikada öz sahəsini bilən üç-beş mütəxəssisdən biri ilə vidalaşmaq ağır olsa da, buna məcburuq…”. Yəni “həkim nə qədər savadlı olsa da, nurçu ola bilmədi”…
Məncə, əlavə şərhə ehtiyac yoxdur. YAP hakimiyyəti və kənardan gəlmə təriqətlərin əsas missiyası insanları qəbirə qədər mütiliyə söykənən bir təlimə uyğunlaşdırmaqdır.
Ölməz Azərbaycan ədibi Cəlil Məmmədquluzadənin “Ölülər”i yazmasından isə bir əsr keçir…