Öz vətəndaşları qaçıb gedən tolerant ölkə

Iqtidar mətbuatının sevincdən ürəyi gedib. Şadyanalıq edirlər ki, Azərbaycan dünyanın tolerant ölkələrinin beşliyinə daxil olub. Reytinq cədvəlinə tam baxmaq və buradakı başqa ölkələrlə maraqlanmaq üçün istinad edilən veb-səhifəyə daxil oldum. Bəlli oldu ki, venividi.ru adlı saytda bir məqalə yazılıb və orada Azərbaycan dünyanın ən tolerant ölkələrindən sayılır. Cəmi beş öndə gedən ölkənin adı var yazıda. Bu da ölkələr, şəhərlər və yerlər barədə təəssüratları bölüşmək üçün bir saytdır. Bu reytinqin mötəbərlik məsələsini kənara qoyuram. Azərbaycan xalqı və cəmiyyəti doğrudan da özgə mədəniyyətlərə və dinlərə çox tolerantdır. Özgə mədəniyyətə, soya və dinə görə ayrı-seçkilik, basqı bizim üçün xarakterik sayıla bilməz. Bu sahədə vəziyyət kifayət qədər yaxşıdır.

Bizim hakimiyyətə gəldikdə isə, bir prinsip olaraq, onun özgələrlə işi yoxdur, özgələrdən hətta çəkinir, özgələrə təbəssüm və xoş üz göstərir. Deməli, neçənci yerə layiq bilinməyimizdən asılı olmayaraq, biz tolerant ölkə sayıla bilərik. Buna şəxsən mən şübhə etmirəm. Yalnız əcnəbilər deyil, ölkədəki çoxluğun soyundan və dinindən olmayan vətəndaşlarımız da məhz başqa soydan və dindən olduğuna görə basqı görməzlər. Amma bu da bizim hakimiyyətin mənəvi keyfiyyətlərindən yox, hiyləgər siyasətindən doğur. Əslində, tolerantlıq cildinə girmiş bir hakimiyyətdir, çünki insan haqları və seçkilərlə bağlı problemləri yazan və dilə gətirən müstəqil qəzetçilərin, hüquq müdafiəçilərinin, avropalı məruzəçilərin ölkəyə buraxılmadığı halları nəzərə alanda, asanca bilinir bu. Hətta qəzetçilərin ölkədən deportasiya edildiyi hallar olub – sərf etməyəndə qonaqpərvərlik və dözüm dərhal yoxa çıxır.

Ümumilikdə isə, bizim hakimiyyətin pisliyi özümüzədir. Ölkə vətəndaşlarınadır. Xaricilər də yalnız bizim halımıza yananda, dərdimizi dilə gətirəndə qara siyahıya düşürlər. “Kürü diplomatiyası” göstərdi ki, bunlar bütün dünyada pul paylayırlar ki, bizə edilən zülmləri dilə gətirməsinlər. Danışanın ağzını “kürü” ilə doldurmağa hazırdırlar.

Keşkə bizə də tolerant olaydılar. Venividi saytında gedən məqalənin altında bir nəfər həmyerlimiz şərh yazaraq, ölkəmizin qonaqpərvərliyindən və tolerantlığından söhbət açıb. Amma başqa bir nəfər ona yazıb ki, nə əcəb öz ölkəndə deyilsən? Bəlkə də bizim ölkəyə nifrət edən bir kimsə yazıb bu şərhi. Amma həqiqət danılmazdır. Bu tolerant ölkədən öz vətəndaşları qaçıb gedirlər, yaşaya bilmirlər burada. 

Onda təzad adamı düşündürür. Nə əcəb dünyanın ən tolerant ölkəsini öz vətəndaşları tərk edir və hətta tolerant olmayan ölkələrə sığınırlar?

Iqtidar mətbuatı Venividi saytında gedən məqalədən sitat gətirərək yazır: “Dözümlülük səviyyəsinə görə, Asiya və Avropa dövlətlərinin əksəriyyətini qabaqlayan Azərbaycan dini tolerantlıq nümunəsi sayıla bilər. Əhalisinin 95 faizini müsəlmanlar təşkil etdiyi ölkə digər din və millətlərin sülh və rahat yaşamasını təmin edərək həm də Avropa Parlamentinin vitse-prezidentindən tərif qazanıb”.

Fikir verin, Avropa Parlamentinin vitse-prezidentinin bu sahədə Azərbaycanı tərifləməsi böyük uğur kimi qeyd edilir. Amma Avropa Parlamentinin özünün və ya prezidentinin insan haqları və demokratiya ilə bağlı tənqidlərini düşmənçilik kimi qəbul edir, qərəz sayırlar. Belə çıxır ki, tərifləyəndə yaxşıdırlar, pisləyəndə yox? 

Azərbaycanın adı bir çox mötəbər reytinqlərdə ən arxalarda dayanır. Ən pis yerlərdə. Belə hesabatlar açıqlananda iqtidar mətbuatı həmin hesabatları yayan təşkilatları dərhal ermənipərəst çıxarırlar. Tolerantlıqdan isə əsər-əlamət qalmır.