Növbəti stansiya haradı?

Yeraltı həyatımızın sürətli təminatçısı olan metropoliten son günlər xoşagəlməz həqiqətlərlə gündəmi zəbt edib. Əvvəlcə məlum oldu ki, “Azadlıq” qəzeti Metropoliten şefinə 30000 manat ödəməlidir. Sonra isə qatarxanada qəzet satışına qadağa qoyuldu. Ulu hakimiyyətimizin, müdrik başbilənləri belə qərara gəliblər ki, metroda insanları həyəcanlandıran xəbərlərlə zəngin olan qəzetlərin satışı yolverilməzdir. Artıq bu ölkədə qəzet də məhkumluq həyatı yaşayır. Çünki qəzetlər qeyri-qanuni amildir. Bunu mən demirəm, PA rəsmisi Əli Həsənov deyir. Bəli, Əli müəllim “Metro insanların qəzet, kitab ticarəti fəaliyyətilə məşğul olması üçün heç də münasib yer deyil. Indiyə qədər metroda mətbuat yayımı və yaxud buna oxşar fəaliyyət olubsa, bu da qeyri-qanuni olub” deyir. 

Mən addımbaşı qanunsuzluqla mübarizə aparan bir hakimiyyəti necə sevməyim? Yerin üstünü qanuniləşdirən hakimiyyət, yerin altını da yaddan çıxarmır. Əli müəllim hətta bildirib ki, metro insanların bir yerdən başqa yerə getməsi üçündür. Bu fikir sadəcə olaraq dahiyanədir, maarifləndiricidir, mükəmməldir. Biz savadsız ağlımızla elə bilirdik ki, metro qatarda oturub dincəlmək, yerində addımlamaq üçündür. Sən demə, bu təsisat başqa yerə getməyi təmin edirmiş. Yaşa, Əli müəllim. “Yaşa ey sevgili məmur, yaşa var ol”.

Qəribə burasıdır ki, metrolardan qəzetlərlə yanaşı qələm, dəftər, kitab da yığışdırılıb. Amma pal-paltar, aksessuarlar, qoz-fındıq ləpəsi hələ də satışdadır və qatarlara bu məhsullarla daxil olmaq qanunidir. Bir sözlə, metroda türk tarixindən bəhs edən kitabın satışı qadağan edilsə də, Türkiyə istehsalı olan “Aşkı Memnu” serialının disklərinin satışına qadağa yoxdur. Yəqin baş verənlərin fəlsəfi izahı var, sadəcə biz anlamırıq.

Bir halda ki, Əli müəllim metronun özəlliyindən bizi xəbərdar edib və bu yeraltı nəqliyyatın funksiyasının nədən ibarət olduğunu açıqlayıb, könül istər ki, bir neçə suala Əli müəllim vasitəsilə cavab tapsın.

Əli müəllim, xəstəxanalar insanlara şəfa vermək üçün, məktəblər elm öyrətmək üçün, məscidlər Allaha ibadəti təbliğ etmək üçün olduğu halda niyə bütün bu məkanlarda Heydər Əliyev və Ilham Əliyevin şəkilləri asılıb, guşəsi yaradılıb? Mən bu şəkil və guşələrin olduğu məkanların adını konkretləşdirdim. Əslində bu fakt bütün sahələrə aiddir. 

Niyə bu ölkənin metrosunda hansısa oliqarxın şirkətinin məhsulu reklam oluna bilər, ancaq qəzet satıla bilməz?

Deyəsən, biz həqiqətən də yaşadığımız ölkənin “qanun”larını bilmirik.

Axı, bu ölkədə çoxdandır ki, qatarlar bir məntəqədən başqa məntəqəyə aparmır. Indi bu ölkədə bütün qatarlar “zaman qatarı”na çevrilib. Uzun illərdir ki, hakimiyyətin qatarı cəmiyyəti keçmişə, cəhalətə, səfalətə aparır. Cahillik dövründə isə qəzet, kitab oxumaq uğursuz məşğuliyyətdir.

Volter deyirdi ki, vəhşilər xaric bütün insanlar kitabların hökmü altındadır. Görünür, bu ölkədə insanları yaltaqlığın, yalanın, rüşvətin hökmü altında saxlamaq “ali” siyasətdir.

Bəli, bu ölkədə dəftəri, qələmi, kitabı da siyasətin alətinə çeviriblər və bu alət sağlam təfəkkürün soyqırımını həyata keçirir.

Əslində baş verənlər cəmiyyəti dəyərlərdən məhrum etməyin növbəti mərhələsidir. Yəni bizi təkcə azadlıqdan deyil, adamlıqdan da məhrum etmək istəyirlər.

Əli müəllimə son olaraq bir sual vermək istəyirəm.

Növbəti stansiya haradı, daha hansı “məntəqə”yə səfər edəcəyik?