ABŞ Əliyevə yol göstərdi

Seçki saxtakarlığını Qarabağ məsələsinin arxasında gizlətmək mümkün olmayacaq

Ölkə bir-birinə dəyir. Ilham Əliyev and-aman eləsə də, onun prezidentlik məsələsi barədə mübahisəli fikirlər qurtarmır. Ilham Əliyevə səs verməmiş böyük əksəriyyət dünyanın bu despotu necə dəstəklədiyinə dair lupa araşdırması aparır. Dünya ictimaiyyəti isə Cənmil Həsənlinin və bütövlükdə Milli Şuranın qələbəsini tam etiraf etməsə də, Ilham Əliyevin məğlub olduğunu da gizləmir.

Azərbaycanda seçkilərin saxtalaşdırıldığını etiraf etmək dünya üçün ləyaqət testi oldu və göründü ki, hələ qiyamət əlaməti ola biləcək dərəcədə kor-koranəlik hökmran deyil. Hakimiyyətə yaxın dairələr və siyasətçilər indi Milli Şuraya qarşı hansısa hücumlar planlayır, bunu müəyyən dolayı yollarla həyata keçirmək istəyirlər. Amma fakt budur ki, iqtidar çox böyük pərtliklə uduzub və ifşa olunub, bunu isə Milli Şura edib. Ilham Əliyevin prezident kürsüsündə arxayın otura bilməməsinin iki səbəbindən biri on minlərlə insanın saxta seçkidən sonra etiraza çıxması idisə, ikincisi, ABŞ kimi nəhəng bir dövlətin hələ də Əliyevi prezident seçilmiş saymamasıdır.

Ilham Əliyev bir rəhbər kimi, bütün mühüm məsələləri gözdən keçirmək qabiliyyətində olmadığından, sadəcə, yaratdığı problemlərin nəticələrindən təsirlənir. Bu nəticələrdən biri də ABŞ-la yaranmış kritik diplomatik münasibətlərdir. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın müsahibəsi isə bu mənada xeyli mətləblərdən xəbər verir. Vaşinqton Ilham Əliyevə demək istədiklərini anlada bilməyib. Bu, ondan bəlli olur ki, səfir bir daha izahedici danışır. Demək istəyir ki, əslində, nə baş verib. Beləliklə ABŞ səfiri nəyin altını cızdı və nəyin üstündən xətt çəkdi?

Demokratiya və insan haqları prioritetdir

Morninqstar açıq deyir ki, Azərbaycanla münasibətlərdə bir çox meyarlar həlledicidir, amma demokratiya və insan haqları, ifadə və toplaşmaq azadlığı məsələsi çox önəmlidir. Bu mesaj birbaşa Obamanın Ilham Əliyevə məktubunda əksini tapıb. Səfir də gizlətmir ki, bu, adi protokol məktubu deyildi, yaxşı hazırlanmış bir sənəd idi. Bu mənada, səfir həm də demək istəyir ki, bu təkcə prezdent Obamanın Ilham Əliyevə birbaşa şəxsi tövsiyəsi deyil, açıq şəkildə ABŞ-da Azərbaycana dair komanda işinin nəticəsidir.

Ilham Əliyev bu mesajı necə qəbul edəcək, biz bunu görəcəyik. Amma indidən görünən odur ki, Vaşinqton bu reallıqla barışmaq fikrində deyil. Bu reallığı yaradan amil isə Azərbaycandakı müxalifətin və onun namizədinin yüksək performansıdır.

Diqqəti çəkən odur ki, hələ motivləri tam bəlli olmayan səbəblərdən Ilham Əliyevin biabırçı məğlubiyyəti və saxtakarlığı, dünyanın bu məsələyə sərt mövqeyi deyil, Milli Şurada lupa ilə səhv axtarmaq düşərgə daxilində görünən kimlərisə daha maraqlı sahə kimi cəlb edir. Ilham Əliyevin saxtakarlığı hələ dünyanın gündəmindən (o cümlədən ABŞ-ın) düşməmiş Azərbaycanda başqa iş axtaranların məqsədi böyük bir sual olaraq qalır. Bu mənada, ABŞ səfirinin bir daha diqqəti Ilham Əliyevin üzərinə çəkməsi ciddi siqnaldır. Bunu anlamaq problem deyil, amma özünü görməzliyə vurmaq başqadır.

Ramiz Mehdiyev yalan deyirsə…

“ABŞ səfirinin səslərin bölüşdürülməsinə dair təklifi” haqda Ramiz Mehdiyevin dediklərini Morninqstarın yenidən gündəmə gətirməsi və bir daha təkzib etməsi o deməkdir ki, Vaşinqton bu cür halları unutmadığı mesajını verir. Üstəlik, seçkidə rəqəmlərin belə biabırçı olması ABŞ üçün ciddi reviziya imkanı yaradıb. ABŞ administrasiyası Ilham Əliyevin siyasi ideoloqu sayılan şəxsi ona görə hədəfə alıb ki, saxta seçki təkcə inzibati problem yaratmır, həm də dürüst münasibətləri istisna edir.

Hakimiyyət savaş açıb…

Rəsmi Bakının seçkidən sonra siyasi və ictimai fəallara basqısı ATƏT-in hesabatına cavabdır. Bu həm də o deməkdir ki, ABŞ ATƏT-in müvafiq hesabatını dəstəklədiyi üçün elə Vaşinqtonun da mövqeyinə cavabdır. Dolayısıyla və ya birbaşa Ilham Əliyevin siyasi radikallığı dünyanın onun seçilmədiyinə şəhadət gətirməsindən doğan addımdır. Bu, dünya ilə Əliyevin qarşıdurmada, yəni, iki ayrı və üz-üzə cəbhədə olduğunun etirafıdır.

Təzyiq yolverilməzdir

Səfir deyir ki, nəinki Azərbaycanda, dünyanın heç  bir yerində zorakılıq yolverilən deyil. Bu həm də Ilham Əliyevə davranış cizgilərini göstərməkdir. Güman etmək olar ki, seçkidən sonra hakimiyyətin bəzi rəsmi orqanlarının Qərb dairələri adından spekulyasiya cəhdləri ciddi narahatlıq yaradıb və onlar artıq dinc prosesin önünün açılmasını həyati məsələ kimi görürlər.

Ortaq maraq – Qarabağ

ABŞ səfiri Qarabağ məsələsi barədə də danışır. Deyir ki, Azərbaycanla ortaq maraqlarımız var. Məsələn, Qarabağ bizim ortaq marağımızdır. Bu isə Bakıya Rusiyaya doğru getməyin nə demək olduğunu xatırlatmaqdır. Ramiz Mehdiyev seçkiyə mənfi rəy verən Avropa Parlamentini tənqid edərkən deyirdi ki, onların yeganə müsbət addımı Qarabağ məsələsindəki mövqeləridir. Səfir isə “ortaq marağımız” ifadəsilə tam açıq mövqe ortaya qoyur. Bu isə Ilham Əliyevin əlindən seçki saxtakarlığını Qarabağ məsələsinin arxasında gizlətmək arqumentini alır. Yəni, bığın baramaya dəxli yoxdur. Bu arada, demokratiya olmalıdır və olacaq…