Əliyevi Türkiyədən niyə vurdular?

Zahid Oruc: «Azərbaycan-Türkiyə münasibətlərini informasiya müstəvisində zədələmək istəkləri var»

 

Elxan Şahinoğlu: «Türkiyə demokratik ölkədir və mətbuat istənilən mövzunu işıqlandıra bilər»

Türkiyənin nüfuzlu “Hürriyet” qəzeti Azərbaycanın dövlət başçısı Ilham Əliyevin ailəsi ilə bağlı “Müasir dövrün Evitaları: Mehriban Əliyeva və qızları” başlığı altında ifşaedici material dərc edib. Məlumat üçün deyək ki, Evita (Maria Eva Duaret de Peron) Argentina diktatoru Xuan Peronun xanımı olub.

“Hürriyet” Mehriban Əliyeva və qızlarını “Xəzərin sultanları” adlandırıb. Qəzet Bakıda fəaliyyət göstərən “Tifanni”, “Gucci”, “Bottega Veneta”, “Dior”, “Burberri” və s. bu kimi brend dükanların onlara xidmət etdiyini vurğulayıb. Qısası, materialda hakim ailənin dünyaca məşhur firmaların məhsullarından istifadə etmələrindən tutmuş, hakim ailəyə məxsus Dubaydakı 75 milyonluq villalara, Vircin adalarındakı şirkətlərə qədər bütün detallar yer alıb.

“Hürriyet” qəzeti Türkiyənin siyasi dairələrinə yaxınlığı ilə tanınır. Ona görə də bu qəzetdə Ilham Əliyevin ailəsi haqqında belə bir materialın dərc olunması sıradan bir hadisə sayıla bilməz.ÿ

Həm də bu materialın Ilham Əliyevin Türkiyə səfərindən dərhal sonra dərc olunması təsadüf kimi görünmür. Bəzi ekspertlər hesab edir ki, iki ölkə arasında uzun illərdir həllini tapmayan məsələlər, Ankaranın Ilham Əliyev haqqında kompromatlar yaymasına səbəb olub.

Bəs, əslində belə bir məqalənin dərc olunmasının səbəbi nədir?

Hillət vəkili Zahid Oruc bildirdi ki, məqalədə yazılanlar həqiqəti əks etdirmir və iki ölkə arasındakı münasibətlərə xələl gətirmək cəhdidir: “Burda məqsəd yalnız ölkə başçısını deyil, Azərbaycanı hədəf etməkdir. Görünür, Türkiyənin ən yüksək elitasında ölkələrimiz arasında strateji dostluğu zəruri edən sənədlər üzərində iş aparıldığı zaman digər qrupların da ”hazırlıq”ları olub. Ancaq bunu Türkiyə hakimiyyətinin mövqeyi kimi təqdim etmək düzgün deyil. Əksinə, bu, Türkiyə-Azərbaycan dostluğuna zərbə vurmaq istəyənlərin ssenarisidir. Digər tərəfdən, bu məqalədə yer alan adlar, tanınmış brendlər süni şəkildə hakim ailənin adına çıxarılıb və türk insanında yanlış təsəvvür yaratmağa xidmət edir. Bu qəzetlər bu və ya digər formada iqtidarın mövqeyini müdafiə etsələr də dərc olunmuş məqaləni Türkiyə hakimiyyətinin sifarişi kimi qiymətləndirmək düzgün deyil. Azərbaycan-Türkiyə münasibətlərini informasiya müstəvisində zədələmək istəkləri var və bu birinci hadisə deyil. Bu hadisədə Azərbaycanda öz istəyini həyata keçirmək istəyən kəşfiyyat, iqtisadi-siyasi maraqlı dairələrin niyyətini daha çox qabardardım. Mən “Hürriyət”in mövqeyini yanlış sayıram və hesab edirəm ki, bu kimi hallarla iki ölkə arasındakı münasibətləri soyutmaq mümkün deyil. Ona görə də bu səfəri hansısa məqalənin konteksində qiymətləndirməyi yanlış sayıram”.

Siyasi ekspert Elxan Şahinoğlunun fikrincə, bu hadisəyə siyasi rəng vermək düzgün deyil. “Belə materiallar tez-tez Qərb mətbuatında da dərc olunur. Ilham Əliyev hansı ölkəyə səfər edirsə, həmin ölkənin mətbu orqanları dərhal sensasiyalı materiallar yayır. Əslində hakimiyyət bu cür hallara öyrəşməlidir. Əgər Ilham Əliyevi Türkiyədə yüksək səviyyədə qarşılayıb tərifləyirlərsə, təbrik edirlərsə, bu o demək deyil ki, ölkənin bütün qəzetləri eyni mövqedən çıxış etməlidir. Türkiyə demokratik ölkədir, hakimiyyətdən asılı olmayan mətbuat var və bu mətbuat istənilən adamı tənqid edə bilər. Ancaq bu məqaləni siyasi proseslərlə əlaqələndirməzdim. Düzdür, ”Hürriyet” kimi qəzetlərin öz patronları olur və bu patronların da müəyyən maraqları ola bilər. Indiki məqamda da bu mövzunu seçiblər və işıqlandırıblar”.

Ilham Hüseyn