radio-free-europe

Əliyev hakimiyyəti gündəmə yenə repressiyalarla gəldi

«Azad Avropa» radiosu Azərbaycanda seçkidən sonra yaşananlardan bəhs etdi

«Hakimiyyət məhkəmələr vasitəsilə «Azadlıq»ı müflis edib»

Azərbaycanda seçkidən sonra repressiyaların gücləndiyi beynəlxalq aləmin gözündən yayınmır. “Azad Avropa” radiosu ölkəmizdə yaşananlar barədə geniş material hazırlayıb. Məqalənin adı da belədir: “Azərbaycanda prezident seçkilərindən sonra repressiyalar başlayıb”.

Mediada fərqli fikirlərə qarşı amansız hücumlar

Azərbaycanda Ilham Əliyevin ardıcıl üçüncü dəfə prezident olmasından ötən beş həftə ərzində hakimiyyət nüfuzlu QHT-yə, müxalifət qəzetinə, bir neçə blogger, jurnalist və elm adamına qarşı repressiyalar həyata keçirir. Bu barədə məlumatlar “Amnesty International”ın “Mediada istənilən fərqli fikrə qarşı amansız hücumlar” adlı bəyanatında da öz əksini tapıb.
ABŞ Dövlət Departamenti, eləcə də ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun müşahidə missiyası Azərbaycandakı seçkinin beynəlxalq standartlara cavab vermədiyini bəyan etdi. Müşahidə Missiyasının ilkin bəyanatında bildirilirdi ki, “seçki zamanı çox ciddi nöqsanlar qeydə alınıb. ATƏT qarşısında öhdəliklərin yerinə yetirilməsi, həmçinin ölkədə həqiqi və demokratik seçkilərin keçirilməsi baxımından həmin nöqsanların aradan qaldırılması vacibdir”.
Avropa Parlamenti və ATƏT Parlament Assambleyasının müşahidəçiləri isə əksinə, bu seçkinin şəffaf, azad və ədalətli keçirildiyini iddia etdilər. Üstəlik, ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun legitimliyi və peşəkarlığını şübhə altına aldılar.
Gözlənildiyi kimi, Azərbaycan hakimiyyətinin təmsilçiləri seçkiyə müsbət rəy verənləri ehtiramla qarşıladı. Seçki ilə bağlı tənqidi fikirlərsə ən yaxşı halda, rədd edildi. Ən pis halda isə Azərbaycanın Mərkəzi Seçki Komissiyası deyilənləri seçicilərə qarşı “təhqir” kimi qiymətləndirdi.
Seçkidən sonra Ramiz Mehdiyev bir sıra KIV-lərə müsahibəsində ABŞ Dövlət Departamenti və Beynəlxalq Müşahidə Missiyasının qiymətləndirmələrinin qüsurlu və “ikili standartlarla yanaşmanın nəticəsi” olduğunu iddia edib. O bildirib ki, Cəmil Həsənlinin təmsil etdiyi Milli Şura seçkidə kütləvi saxtakarlıq barədə iddialarına baxmayaraq, bunu əsaslandırmaq üçün bircə saxta bülleten göstərə bilməz.
Mehdiyev müxalifəti səsvermə günü qanun pozuntularına və təxribatçı hərəkətlərə yol verməkdə ittiham edib. Amma konkret ad çəkməyib.
Mehdiyev bildirib ki, “bu seçki Azərbaycanda azad cəmiyyət, hüquqi dövlət və demokratiya quruculuğu istiqamətində irəliyə doğru böyük bir addımdır”.
Amma bu ölkədə seçkidən sonra yaşananlar tamamilə başqa mənzərəni ortaya qoyur.

Repressiyalar

Oktyabrın 31-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində ölkədə Qərbyönümlü ən nüfuzlu QHT-lərdən birinə – seçki müşahidəsilə bağlı 10 ildən artıq təcrübəyə malik Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə qarşı vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti ittihamları üzrə araşdırmalar başlayıb. Mərkəzin bütün maliyyə sənədləri müsadirə olunub, əməkdaşları isə prokurorluqda dindirilib.
“Mərkəz bütövlükdə seçki prosesinin monitorinqini aparıb. Təşkilat səsvermə günü 769 məntəqədə müşahidə aparıb və bunların 91 faizində çox ciddi qanun pozuntularının şahidi olub”, – deyə Mərkəzin rəhbəri Anar Məmmədli bildirib.
Eyni zamanda, hakimiyyət müxalif mediaya, müstəqil saytlara və bloggerlərə qarşı hücumları artırıb.
Ən çox yaşı olan müxalifət qəzeti “Azadlıq” (ilk dəfə 1989-cu ildə nəşr olunub) oktyabrın 25-də mülki iş üzrə məhkəmə qərarından sonra müflis olub. Məhkəmə qəzetin üzərinə 65 min manatlıq cərimə qoyub. Bundan başqa, Azərbaycan Nəşriyyatı “Azadlıq”dan 24 min 98 manatlıq borcu tələb edib. Həftənin 7 günü 10 min tirajla nəşr olunan “Azadlıq” qəzeti bu üzdən fəaliyyətini dayandırıb.
Eyni zamanda, “Yeni Müsavat” qəzetlərin satışına məhdudiyyətlər və satışdan əldə olunan gəlirlərin redaksiyalara verilməməsinə etiraz olaraq, noyabrın 9-da nəşrini dayandırıb. “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu bildirib ki, bu cür məhdudiyyətlər Ilham Əliyevin Azərbaycanda mətbuat azadlığının tam şəkildə mövcudluğu barədə dediklərilə ziddiyyət təşkil edir.
Bundan başqa, noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində blogger Rəşad Ramazanov narkotik alveri ittihamı ilə 9 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb. Ramazanov bu ittihamın yalan olduğunu bəyan edir. Bildirir ki, həbsi siyasi motivlidir. “Facebook” səhifəsində hakimiyyəti tənqid edən materiallar yaydığına görə bu yolla cəzalandırılıb.
Digər jurnalist – “azadxeber.org” saytının baş redaktoru Nicat Əliyev də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamıyla mühakimə olunur.
Eyni zamanda, noyabrın 13-də Bakıda rayon məhkəmələrindən birində “Nota-Bene” qəzetinin redaktoru Sərdar Əlibəyli xuliqanlıq ittihamı ilə 4 il azadlıqdan məhrum edildi. Əlibəyli keçmiş müdafiə naziri Rəhim Qazıyev və veteran siyasətçi Nemət Pənahlının müdafiəsi üçün kampaniya aparırdı.
“Amnesty International”ın bəyanatında qeyd olunur ki, Rəşad Ramazanov və Sərdar Əlibəyliyə qarşı ittihamlar saxtadır.
Noyabrın 5-də “NIDA” Gənclər Hərəkatının 7, “Azad Gənclik” təşkilatının da bir üzvünün (Ilkin Rüstəmzadə) işi üzrə məhkəmə başlayıb.
Mart və aprel aylarında həbs olunan 7 nəfərə qarşı narkotik və partlayıcı maddələrin saxlanılması, Ilkin Rüstəmzadəyə qarşı isə xuliqanlıq ittihamı irəli sürülmüşdü. Oktyabrın ortalarında isə onların səkkizinə də kütləvi ixtişaşların təşkilinə dair yeni ittiham elan olundu.
Bundan başqa, Müsavat başqanı Isa Qəmbərin müşaviri Yadigar Sadıqov da noyabrın 5-də Lənkəranda xuliqanlıq ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. O, iyun ayında Qarabağ müharibəsi veteranını təhqir etməkdə günahlandırılır.
Noyabrın 12-də tarixçi alim Altay Göyüşov sosial şəbəkələrdə fəallığına görə işlədiyi Bakı Dövlət Universitetindən çıxarılıb. Tələbələr onun işinə bərpası tələbilə aksiya keçiriblər.
Nəhayət, bu ilin yanvarında Ismayıllıda yerli məmurların qanunsuz və repressiv hərəkətlərinə qarşı etirazlara görə həbs olunan 18 nəfərin işi üzrə məhkəmə başlayıb. Təqsirləndirilənlər arasında Müsavat başqanının müavini Tofiq Yaqublu, REAL hərəkatının sədri Ilqar Məmmədov da var. Adıçəkilən şəxslərin hər ikisi bildirir ki, onlar Ismayıllıya orada nə baş verdiyini öyrənmək üçün getmişdilər.
Bu ilin fevralından həbsdə saxlanılan Ilqar Məmmədov prezident seçkisinə qatılmaq istəsə də, onun namizədliyi qeydə alınmayıb. Səbəb kimi isə, namizədin qeydə alınması üçün tələb olunan sayda etibarlı imzaların təqdim olunmaması göstərilib. Ilqar Məmmədov bu yaxınlarda bəyan edib ki, Ilham Əliyev beynəlxalq ictimaiyyətin gözündə legitimliyini itirib və istefa verməlidir.

Siyasət şöbəsi