Dağıdılan Azərbaycan

Azərbaycan Xalq Hərəkatından doğulan “Azadlıq” bütün yaşı boyunca yeni dönəmin mayakına çevrildi. Azərbaycana düşmən güclərin yardımı ilə hakimiyətə gətirilən ata-oğul Əliyevlər “Azadlıq” mayakını söndürmək üçün nələrə əl atmadılar! Siyasi repressiyalardan tutmuş, ekonomik blokadayadək. Şər rejimi ilə barışmaz çarpışma aparan yenilməz, “Azadlıq” jurnalistlərini kütləvi terrordan bütün çatışmazlıqlarına baxmayaraq, yalnız demokratik dövlətlərin, dünyadakı demokratik qurumların varlığı qorudu. Yoxsa, davranışlarından göründüyü kimi, ata-oğul Əliyevlər Özgür, Demokratik jurnalistikanın, kökünü qazıyar, “Azadlıq” qəzetini çoxdan tarixin arxivinə göndərərdilər. Bunu ölkəni soyub-yazğmalamaq yoluyla milyardlara yiyələnmiş Əliyevlər ailəsinin aşıb-daşan PUL acgözlüyündən açıq görmək olar. 

80 min kvadrat kllometrlik, 9 milyonluq (gerçəkdə, ola bilsin, 5 milyonluq) bir ölkənin başında duran I.Əliyev bir çox uluslararası qurumların, o sıradan, B.Britaniya parlamentinə bağlı bəlli vergi qurumunun bilgisinə görə, dünyanın ən varlı prezidentidir – təkcə ofşor zonalarda onun 48 milyard dollar oğurluq pulu var. Ölkənin yeraltı-yerüstü var-yatırına Əliyevlər ailəsi TƏKBAŞINA yiyələnib. Ancaq… nə olsun?! Dövlətin puluna Almaniyadan, Fransadan fermer təsərüfatlarına satmaq üçün gətirilən keçilərə də “ailə” özü yiyələnib. Bu Xalq üçün onlar keçidən də keçməyiblər! Daşınıb Ağcabədiyə yığılmış o IMPORT keçilərin telekanallarda reklamı gedir. Çoxsaylı televiziya kanallarında ölkənin yaltaqlıq yolu tutmayan tanınmış adamlarına, müxalifətə, müxalifət liderlərinə illərlə yasaq qoyulurkən “ailə” keçilərinə, keçi fermasına geniş yer verilir. 

Bugünlərdə üç-dörd rayonda oldum. I.Əliyevin seçkiöncəsi açılışını etdiyi Qarayevkənd-Smadakənd (Saqatlı rayonu) yolundan keçib getdim. I.Əliyev avqustun sonlarında 21 km-lik bu yolun düzəlmiş 11 km-nin açılışını etmişdi. Yol dağılıb. Indidən. Açılışda özünün dediyinə görə, I.Əliyev bu yolun çəkilişinə qabaqca 3,5 milyon, ardınca 2 milyon manat pul ayırıb. Bir daha demək gərəkir: yol dağılıb – üstündən ay yarım keçmiş. I.Əliyevin açılış çıxışında dediyinə görə, bu yol “müasir tələblər səviyyəsində tamamilə yenidən qurulub”. Belədirsə, ay yarım sonra dağılma nə deməkdir? Sözsüz, bu, yüksək düzəydə yeyinti, mənimsəmə deməkdir. Indi soruşmaq gərəkir: 5 milyon yarım pul hara, kimin, kimlərin cibinə, ya hansı Fonda gedib? Bəlkə, Ziya Məmmədovun oğlunun seçkisonrası Vaşinqtonda verdiyi yarım milyon manatlıq qonaqlığın sponsoru Qarayevkənd-Smadakənd yoludur? 

I.Əliyev 21 km-lik Qarayevkənd-Smadakənd yolunun 11-ci kilometrinin TƏNTƏNƏLI, allı-güllü açılış törənində demişdi: “Yenidən qurulan bu yol regionlara olan diqqəti nümayiş etdirir və ölkədə həyata keçirilən sosial siyasətin bütün bölgələri əhatə etdiyini göstərir”. Belə olsaydı, nə vardı! Elə bu Qarayevkənd-Smadakənd yolunun üstündəki bir neçə kəndin sosial keçənəcəyi ilə tanış olsaydı, I.Əliyev aşağıdan yuxarıya KORRUPSIONER komandası ilə birgə Azərbaycanı nə günə qoyduğunu yaxından öyrənib görə bilərdi. Çox uzağa getmək də gərək deyildi; eləcə açılışını etdiyi 11 km-lik yolun qırağındakı mağazalardan dopdolu NISYƏ dəftərlərini alıb baxmaq yetərdi. Bundan başqa o, mağaza yiyələrindəki çoxsaylı pensiya kartlarına baxa bilərdi. Pensiyaçılar aylarla verə bilmədikləri borc üzündən pensiya kartlarını kəndlərdə biryolluq mağaza yiyələrinə verirlər. Biryolluq – ölənədək! 

I.Əliyev seçkini udmaq üçün seçkiöncəsi Avropa Birliyinə 2 trilyon qaz boyun oldu. Bu gün başqaları bir yana, qazsızlıq üzündən Bakıdan 200 km radiusdakı rayonlara KAMAZlarla odun daşınır. Meşələr vəhşicəsinə qırılır. Bir KAMAZ odun 500 manat. Görəsən, ölkəni ekoloji katastrofa aparan bu odun mafiyası hara bağlıdır?