Bu soyuq havada bir neçə ailə azyaşlı uşaqlarla birlikdə küçəyə atıldı
Dünən saat 16.00 radələrində Sulutəpə qəsəbəsində, Moskva Dövlət Universitetinin Bakı filialına yaxın ərazidə yaşayış evləri sökülüb. “Bizim Yol”un məlumatına görə, azı, 15 ev sökülüb. Söküntü yerli sakinlərə qarşı zorakılıqla müşayiət olunub və yaralananlar var.
Söküntünü Binəqədi rayon Icra Hakimiyyəti və bələdiyyə nümayəndələri polislərin müşayiətilə həyata keçirib. Əgər bir müddət əvvəl əksəriyyəti yeni tikili olan və yaşayış olmayan evlər sökülürdüsə, bu dəfə 2012-ci ilin əvvəllərində olduğu kimi, çoxdan tikilmiş, içində yaşayış olan evlər sökülüb. Sökülən bəzi evlərin əşyaları bayıra çıxarılsa da, əşyaları ilə birgə sökülənlər də vardı.
Ən dramatik mənzərələrdən biri də Kəlbəcər rayonundan olan məcburi köçkün Əliyevlər ailəsində yaşandı. Evi sökülən Vüsalə Əliyeva 4 azyaşlı uşağı ilə küçədə qaldı.
Sakinlər sökülən evləri yuxarıda adıçəkilən strukturların icazəsilə tikdiklərini bildiriblər.
Ən maraqlı məqamlardan biri də odur ki, sökülən əsasən kasıbların yaşadığı 1-2 otaqlı evlər olub. Söküntü aparılan ərazidə isə inşa edilməkdə olan villalara kimsə əl vurmayıb.






