Gələn il Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq yolunda son mərhələ olan pley-off oyunları davam edir.
Avropa zonasında baş tutacaq görüşlərə maraq böyük idi. Burada İslandiya öz meydanında Xorvatiyanı qəbul edib və bu oyunda hesab açılmayıb – 0:0.
Yunanıstan doğma divarlar arasında Rumıniyanı sınağa çəkib və 3:1 hesabı ilə qələbə qazanıb. Fransa millisi səfərdə Ukrayna ilə qarşılaşıb. Fasilədən sonra iki qol vuran Ukrayna millisi inamlı qələbə qazanıb – 2:0.
Günün ən maraqlı oyunlarınan biri Portuqaliyada baş tutub. Burada yerli komanda İsveçlə üz-üzə gəlib. Matçda azarkeşlər cəmi bir qol izləyiblər. Kriştiano Ronaldonun matçın 82-ci dəqiqəsində vurduğu qol portuqallara qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, komandalar arasında cavab görüşləri noyabrın 19-da baş tutacaq. Afrika zonasında pley-off-un cavab oyunları isə 16-19 noyabr tarixində keçiriləcək.