Marafondan Afinaya qədər inanılmaz səylə qaçan Filippidi xatırladım dünən. Elə “Azadlıq” qəzetinə dəstək marafonundaca. Doğrusu, marafonla bağlı qədim əfsanə (bəlkə də real hadisə) və bizim tədbir arasında aydın bağlılıq gördüm. Söz oyunu deyil bu. Dostlar da soruşanda söylədim ki, əslində Filippid də “Azadlıq” kimi xəbər aparırdı…
Əfsanəyə görə Marafon adlı şəhər ətrafında yunanlarla farsların döyüşü gedirdi. Afinada qələbəyə ümid az idi. Amma afinalıların və onların müttəfiqlərinin ordusu farsları məğlub etməyi bacardı. Bu zaman Filippid adlı döyüşçü dayanmadan Afinaya qədər qaçdı və xəbəri xalqa çatdırdı. Uzaq yolu dayanmadan qaçan Filippid sözünü deyən kimi yerə yıxıldı… Amma o zamandan hamı onun kimi yürüyür, səy göstərir, cəhd edir və bu, marafon adını alıb. Yəni Filippid hələ də yürüyür. Marafon hələ də davam edir.
“Azadlıq” da hələ xəbər çatdırır. Marafon, başqa sözlə desək, bu dəfə xalqın ona tərəf yürüşü “Azadlığ”ı ayağa qaldırdı. Sizin sayənizdə yenə də sizinləyik. Sizin köməyinizlə. Bizim sizə tərəf yürüdüyümüz bir vaxtda sizin də bizə tərəf gəlməyiniz bizi ayağa qaldırdı.
Afinalılar da Filippidə tərəf gəlsəydi bir xeyli, Filippid də yıxılmazdı…
Həqiqət marafonu
Bir qəzet necə olmalıdır? Bu barədə mübahisələr indi də davam edir. Velosiped icad etmək cəhdləri də var. Kiməsə haqq qazandıran da var. Özlərinə bəraət verənlər də. Hakimiyyətə haqq qazandıranlar da. Bizi də tənqid edənlər var.
Amma bu suala ən yaxşı cavabı Əli Həsənov verib. Bəli, yanılmırsınız, Prezident Administrasiyasının şöbə müdiri, hakimiyyətin mətbuat kuratoru Əli Həsənovu deyirəm. Adam açıqca deyib ki, yaşamaq istəyən qəzetlər nəticə çıxarmalı, işində dəyişiklik etməlidir. Buyurun oxuyun: “Təəssüf ki, bəzi müxalifət qəzetləri düşdükləri vəziyyətdən düzgün çıxış yolu tapmaq əvəzinə, diqqəti problemin mahiyyətindən yayındırmağa və məsələni siyasiləşdirməyə çalışırlar. Onların bu yolla öz maddi durumlarını düzəltmək cəhdləri hətta qısamüddətli perspektiv baxımından səmərəli hesab oluna bilməz. Yeganə çıxış yolu mövcud vəziyyəti ayıq başla, obyektiv şəkildə təhlil etmək və öz fəaliyyətlərində dönüş yaratmaqdan keçir”.
Yəni açıqca deyir ki, tutduğunuz yoldan dönün, hakimiyyətin maraqlarına uyğunlaşın və yaşadın qəzetinizi. Dönüş deyəndə elə bunu deyir hakimiyyət təmsilçisi.
“Bir qəzet necə olmalıdır?” sualının cavabı buradadır. Bir qəzet yaşamaq naminə dönüş etməli deyil! Bir qəzet yaşamaq naminə hakimiyyətin şərtlərinə boyun əyməli deyil. Bu halda qəzet cəmiyyətə bağlanmağından daha böyük ziyan vurur, cəmiyyəti əzən hakimiyyətlə müqavilə imzalamış olur. Cəmiyyətdə sınmağın, əyilməyin, geri çəkilməyin nümunəsi olur. Dönməyi ilə ruh düşkünlüyü yaradır. Faydadan ziyana çevrilir. Istəməsə belə. Hətta səxavətli iqtidardan bir qəpik pul almasa belə, dönüyə çevrilir. Ən pisi odur ki, azadlığın imitasiyası üçün istifadə edilir. “Azadlıq” elə qəzet olmalı deyil. O cür yaşamaq yolunu seçməli deyil. Dönüş yaradıb, dönük olmalı deyil “Azadlıq”.
Hər kəs bilməlidir. Bizim missiya indi təkcə həqiqət yaymaq deyil. Özünün həqiqətə bağlılığını saxlayıb, həqiqət marafonunu saxlamaq missiyası var çiynimizdə. Mən inanıram ki, Filippid yıxılsa belə, xalq onun marafonunu saxlayacaq. Həqiqət marafonu davam edəcək.