Əli Həsənov qəşəng müsahibə verib. Adam təkcə özünün yox, təmsil etdiyi hakimiyyətin də bütün mahiyyətini iki-üç cümlə ilə ortaya qoyub. Birdəfəlik izah edib ki, bu ölkə Türkmənistana çevrilməyə layiqdir, belə də olacaq, başqa yolu yox artıq!
Əslində, vəzifəsinə, tutduğu mövqeyinə baxmayaraq, soyadların sonuna “az” yazılması təklifindən sonra onu ciddiyə ala bilmirəm.
Yenə də hakimiyyət adından danışırsa, deməli, bu boyda ölkəni idarə edənlərin məqsədini açıqlayır.
Məsələn, Əli müəllimin sözlərindən belə çıxır ki, son zamanlar “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin satışı azalıb, ona görə də çıxılmaz duruma düşüblər.
Insafən, adam haqlıdır, qəzetlərin satışı üçün nəzərdə tutulan köşklər tum, siqaret, alışqan, saqqız, su satmaqla məşğuldur. Dünəndən etibarən də “Metroservis” MMC öz fəaliyətini dayandırıb. Yəni, bundan sonra qəzet almaq istəyən şəxs birbaşa redaksiyalara getməlidir, başqa əlac qalmır.
Metrostansiyalardan qəzet satışının yığışdırılmasını cənab Həsənov belə əsaslandırıb: “Metro insanların hərəkəti, bir yerdən başqa yerə getməsi üçündür. Metro insanların qəzet, kitab ticarəti fəaliyyətilə məşğul olması üçün heç də münasib yer deyil. Indiyə qədər metroda mətbuat yayımı və yaxud buna oxşar fəaliyyət olubsa, bu da qeyri-qanuni olub. Bu gün metro öz fəaliyyətini müvafiq istiqamətdə qurmaq yolunda addım atıb. Düşünmürəm ki, metroda mətbuat satışının dayanması qəzetlərin tirajına təsir göstərəcək. Qəzetlərin tirajına təsir göstərən yeganə amil varsa, o da ictimai tələbatdır, insanların azad sözə olan ehtiyacıdır və mətbuat orqanlarının o ehtiyacı ödəmək qabiliyyətidir”.
Cənab Həsənovun sözündən belə anladım ki, indiyədək Tağı Əhmədov qeyri-qanuni biznes fəaliyyətilə məşğul olub. Bir dövlət rəsmisinin bu ittihamı tam əsas verir ki, Tağı Əhmədov nəinki işindən atılsın, hətta həbs olunsun.
Digər tərəfdən, bu müsahibəni oxuyanda adama elə gəlir ki, artıq ölkədə qəzet və jurnal satışı silah, qadın, narkotik alveri kimi təhlükəlidir.
Belə olmasaydı, o boyda Prezident Administrasiyasının yetkilisi deməzdi ki, “metro qəzet, kitab üçün münasib yer deyil”. Əgər, ümumiyyətlə, məkanın ticarət üçün münasib yer olmadığını desəydi, birmənalı anlamaq olardı. Belə çıxır ki, metroda alt paltarı, çanta, ayaqqabı, kalqotka satmaq olar, amma kağız məhsulları yox. Yəni, insandı da, birdən ayaqqabısı cırılar, ya da alt paltarı geyinməyi unudar, tez girib alıb geyinsin. Dövlətimiz bunun üçün şərait yaradır. Amma qəzetdi, kitabdı, bu, tələbat olmayan məhsullardır. Insanın birbaşa beynini dəyişən şeylərdir. Ona ehtiyac yaranmamalıdır.
Həsənov qəzetlərin tirajının azalmasını da özünəməxsus şəkildə izah edir. Deyir ki, yeganə amil ictimai tələbatdır, azad sözə ehtiyacdır. Yəni, satışın qadağan olunması birbaşa bu tələbatı öldürmək, azad sözün qarşısını almaqdır.
Belə çıxır ki, hakimiyyət demokratiyaya, tənqidə, azad sözə qarşıdır. Deməli, onlar elə birbaşa ümummilli liderləri Heydər Əliyevə qarşıdılar. Axı, elə o rəhmətliyin vaxtilə “Azadlıq” qəzetinə ünvanladığı təbrik məktubunda deyilirdi: “Mən qəzetinizə kəskinlik, müstəqillik, cəsarətli mövqe arzulayıram!”
Indi Əli Həsənovu necə başa düşək?!


