Kərəm Həsənov Fərhad Əliyevlə barışmaq istəyir

Komitə sədri sabiq nazirin qardaşlarına elçi göndərib

O, həmçinin Torpaq və Xəritəçəkmə Komitəsini ələ keçirmək və baş nazirin müavini olmağa can atır

 

Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov Avropa ölkələrində biznes imperiyası qurub. Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, komitə sədri Çexiya, Almaniya və Avropanın digər ölkələrində xeyli daşınmaz əmlak alıb. Komitə sədrinin Avropaya üz tutmasının səbəbi isə “antikorrupsiya şousu” çərçivəsində qurbana çevrilməkdən ehtiyat etməsidir.
Məlumatlara görə, Kərəm Həsənov Avropadakı biznesini idarə etmək üçün qardaşı Şahin Həsənovu Çexiyaya göndərib. Şahin Həsənov guya Praqada özü bizneslə məşğul olur, əslində isə Kərəm Həsənovun biznesini idarə edir. “Kərəm Həsənovun mərkəz kimi Çexiyanı seçməsi təsadüfi deyil. Burada azərbaycanlılar çox azdır, iş adamı olan soydaşlarımız demək olar ki, yoxdur. Deməli, sərbəst şəkildə, dilə-dişə düşmədən, fəaliyyət göstərmək olar. Çexiyanın Şengen ölkələri sırasına daxil olması da Şahin Həsənova Avropanın digər dövlətlərinə vizasız gedib-gəlmək, orada daşınmaz əmlak almaq, pul vəsaitlərini banklara yatırmaq imkanı verir”,-deyə məlumatlarda bildirilir.
Kərəm Həsənov “vurulacağından” ehtiyat etməsilə yanaşı daha yüksək post tutmağa çalışır. Komitə sədrinin hədəfi baş nazirin müavini olmaqdır. O, müavin postunu ələ keçirməkdən əvvəl Dövlət Xəritəçəkmə və Torpaq Komitəsini də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə birləşdirmək, sonra yerinə yaxın adamlarından birini təyin etdirib bu qurumu daha səlahiyyətli şəxs qismində – baş nazirin müavini olaraq idarə etmək istəyir. Oxşar addımı Milli Məclisin spikeri Oqtay Əsədov da atmışdı. O, spiker postuna yiyələnəndə, prezidenti olduğu “Azərsu”ya yaxın adamını təyin etdirərək qurumu nəzarətində saxlamışdı.
Məlumatlarda, həmçinin deyilir ki, Kərəm Həsənov özünü Əmlak Məsələləri üzrə Dövlət Komitəsindəki korrupsiya əməliyyatlarından kənarda saxlamaq üçün müavinlərini önə verib. Komitə sədri uzun müddətdir ki, sənədləri də imzalamaqdan imtina edib. Hazırda bütün sənədlərə müavinləri Rafiq Cəlilov, Rüstəm Şahbazov və idarə rəisi Mövhuma Siraciyev imza atır. Sövdələşmələri də birbaşa özü deyil, müavinləri aparır. Sövdələşmələr zamanı “müştərilər”lə bütün danışıqlar diktafona yazılır və Kərəm Həsənova təqdim edilir. Komitə sədri bu halda müavinlərinin onu aldadıb-aldatmadığını müəyyənləşdirir. Kərəm Həsənovun rəhbərlik etdiyi qurumun adını dəyişməsinin də səbəbi var imiş. Hər hansı qurumun adı dəyişdiriləndə bütün sənədlər də dəyişdirilərək arxivə göndərilir və orada məhv edilir. Kərəm Həsənov da əvvəlki maxinasiyalarını ört-basdır etmək üçün qurumun adının dəyişdirilməsinə nail olub.
Məlumatlara görə, komitə sədri sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə də münasibətləri bərpa etmək istəyir. Sirr deyil ki, Fərhad Əliyevin həbsində Kərəm Həsənovun mühüm rolu olub. Komitə sədri nə vaxtsa bu əməlinin bədəlini ödəyəcəyindən ehtiyat edərək sabiq nazirin qardaşlarına minnətçi göndərib. Məlumatlara görə, Fərhad Əliyevin qardaşlarının yanına Kərəm Həsənovun qardaşı, hazırda deputat olan Malik Həsənov gedib. O, sabiq nazirin qardaşlarını inandırmağa çalışıb ki, bu məsələdə Kərəm Həsənovun heç bir günahı yoxdur. Lakin qarşı tərəfi bu yalana inandırmaq mümkün olmayıb.
Kərəm Həsənovla bağlı bir maraqlı məlumat da onun tanınmış bir müğənnini şou verilişlərin birində qalib gəlməsi üçün sms-lə təmin etməsi barədədir. Bildirilir ki, həmin müğənniyə sponsorluq edən Kərəm Həsənov onun qalibiyyəti üçün sms-ə yarım milyon manata yaxın pul xərcləməli olub. Həmin müğənni də yarışmada Aygün Kazımovanı məğlub edib…

İnformasiya şöbəsi