Qənimət Zahid ictimaiyyətə minnətdarlıq etdi

«Biz Sizlərə güvənərək yolumuza davam edirik!»

“Azadlıq”ın baş redaktoru Qənimət Zahid qəzetin fəaliyyətini davam etdirə bilməsində rolu olan hər kəsə minnətdarlıq edib. Qənimət Zahidin ictimaiyyətə ünvanladığı minnətdarlıq məktubunda deyilir:
“Birinci dəfə deyil ki, ”Azadlıq” qəzeti avtoritarizmin yaratdığı dibsizliyin və qaydasızlığın problemlərini birbaşa öz üzərində yaşayır. Bu da, həmin növbəti hücumlardan biridir. Və bu dəfə də biz, Azadlığın dəyərini bilən, onun cəmiyyətimizə verdiyi ruhun və nəfəsin istisini, mübarizənin enerjisini dəyərləndirən insanlarımıza müraciət etdik.
Bilirdik ki, “Azadlıq”ın missiyasını qiymətləndirən vətəndaşlarımız özgürlüklər uğrunda ictimai mübarizənin öncüllərindən olan bu qəzetin yaşamasını təmin etmək üçün fədakarlıqlara hazır olacaqlar! Və yanılmadıq…
Dünən həm qəzetin kollektivinin istəyi, həm də onu sevənlərin təkidlərilə “Azadlıq”ın davam etməsi naminə marafon təşkil etdik. Vətəndaşlarımızın, o cümlədən tanınmış simaların və ictimai fəalların qatıldığı bu marafon “Azadlıq”ın böhrandan çıxması və yenidən oxucuların görüşünə gəlməsi üçün kifayət etdi, deyə bilərik. Inanırıq ki, bu şad xəbər bizi, yəni, qəzetin kollektivini nə qədər sevindirir və ruhlandırırsa, “Azadlıq”ın sadiq oxucularını, onu sevənləri bizdən artıq sevindirir və ruhlandırır.
Hər zaman sizinləyik və hər zaman bizimlə olmağınızı arzulayırıq. Hər bir oxucumuzu, “Azadlıq”ın bütün təəssübkeşlərini əmin edirik ki, heç zaman avtoritarizm qarşısında əyilməyəcəyik, sınmayacağıq! Hər zaman “Azadlıq”a azad fikirlərin tribunası kimi üz tuta biləcəksiniz. Bu qəzet heç zaman Azərbaycanda diktatura qurmaq istəyənlərin, avtoritarizmin tam qələbəsini elan etmək istəyənlərin düşərgəsində olmayacaq! Nə tamamilə, nə də qismən!
“Azadlıq” marafona qatılan hər bir şəxsə demokratiyanın və söz azadlığının möhkəmlənməsi naminə göstərdiyi dəstəyə görə təşəkkür edir. Biz Sizlərə güvənərək yolumuza davam edirik!”