“Azadlıq”ı qorumalıyıq”

Turqut Ər: «Ya mübarizə davam etməlidir, ya da totalitar rejimə təslim olunmalıdır»

“Azadlıq”a abunə yazılışı və ianə toplanması üçün noyabrın 15-də marafon keçiriləcək. Tədbir saat 12:00-da AXCP-nin qərargahında (Nərimanov rayonu, Tələt Şixaliyev 8, Şuşa restoranının yaxınlığı) keçiriləcək. Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı və “Azadlıqdan Tiranlığa” kitabının müəllifi Turqut Ər də «Azadlıq» qəzetinə dəstək marafonu ilə bağlı çağrış edib.

T.Ər əsasən Azərbaycan gəncliyinə səslənərək söz və mətbuat azadlığına olan hazırkı basqıya biganə qalmamağa çağırıb: «Azərbaycanı hazırkı totalitar qurluşdan yalnız ölkənin gəncliyi qurtara bilər. «Azadlıq» qəzeti 1989-cu ildən bu günə qədər Azərbaycan üçün çalışıb. Öncə qəzet Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparırdı. Həmin mübarizənin hərəkətverici qüvvəsi gənclər idi. Hazırda isə Azərbaycanda totalitar qurluş mövcuddur. Bu qurluşa qarşı da mübarizənin hərəkətverici qüvvəsi gənclər olmalıdır. Bu gənclər apardıqları mübarizə yolunda eyni zamanda azad sözün dönməz təmsilçisi olan «Azadlıq» qəzetini qorumalıdırlar. Bu mübarizənin sınaq anıdır. Ya mübarizə davam etməlidir, ya da totalitar rejimə təslim olunmalıdır. Azərbaycan xalqı «Azadlıq»ına sahib çıxmalıdır. Azərbaycanın əsl ziyalıları bu qəzetin qorunması üçün səylərini əsirgəməməlidirlər. Azərbaycan anaları övladlarının gələcəyi üçün qəzetin yaşamasına dəstək verməlidirlər».

Xəyal