Növbədə Bəşər Əsəddir

Suriyada xalq ayağa qalxıb; 100 nəfərin öldüyü deyilir

Suriyada vəziyyət getdikcə gərginləşir. Ölkənin Dəra vilayətində ötən gün polisin dinc vətəndaşlara açdığı atəş nəticəsində 100 nəfərin öldüyü bildirilib. Bunu Frans Press agentliyinə bölgədəki insan haqları müdafiəçiləri və şahidlər deyib.

Dəradakı bir xəstəxana rəsmisi isə Reuters-ə bildirib ki, xəstəxanaya 25 etirazçının meyiti gətirilib.
Məlumatlara görə, 20 min nəfər ölənlərin dəfn mərasiminə qatılıb və hökumət əleyhinə şüarlar səsləndirib.
Toqquşmalar zamanı çoxlu sayda həbs olunanların olduöu da deyilir. Polis və hərbçilər şəhərin giriş-çıxışını nəzarətə götrüblər.
Vətəndaşların etirazı bundan əvvəl polisin 6 nəfəri güllələməsinə görə sərtləşmişdi. Etirazçılar həmçinin əyalət mərkəzində blokadanın ləğv olunmasını tələb edirlər.

Paytaxt Dəməşqdə və Suriyanın digər böyük şəhərlərində internet vasitəsilə küçələrə çıxmaq çağırışlarına baxmayaraq vəziyyətin stabil olduğu bildirilir.
Suriyanın cənubunda iğtişaşlar təxminən bir həftə əvvəl cümə namazından sonra Dəra sakinlərinin saxlanılan 15 nəfər yeniyetmənin azadlığa buraxılması tələbi ilə başlanıb. Gənclər binalara hökumət əleyhinə şüarlar yazdıqlarına görə tutulub və həmin vaxt üç nəfər həlak olub.

Bundan sonra ölkə prezidenti Bəşər Əsəd ölənlərin ailələrinə başsağlığı verərək qan tökülməsinə görə cavabdeh olanların cəzalandırılacağını vəd edib və Dəra şəhərinin qubernatorunu işdən çıxarıb. Amma bu da etirazları səngitməyib.
Bəşər Əsəd 1971-2000-ci illərdə hakimiyyətdə olmuş atası Hafiz Əsəd öldükdən sonra prezidentdir.