Sərdar Cəlaloğlu: “Məqsəd hakimiyyətin fəaliyyəti haqqında tənqidi fikirlərin qarşısın almaqdır”
«Azadlıq» qəzetinin Nəşriyyata olan borca görə çapının dayandırılması ictimaiyyəti ciddi narahat edir. Tanınmış ictimai-siyasi xadimlər buna öz etirazlarını bildirirlər.
ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, qəzetin bağlanması hüquqa ziddir və senzuranın yeni formasıdır: “Biz “Qarabaq” bloku olaraq bu məsələni müzakirə etmişik və “Azadlıq”ın fəaliyyətinin dayandırılmasını qətiyyətlə pisləyirik. Heç bir bəhanə ilə qəzetlərin çapına maneə yaradıla bilməz. Bu, senzuranın başqa bir formasıdır. Məqsəd ölkədə söz və fikir azadlığını boğmaq, hakimiyyətin fəaliyyəti haqqında tənqidi fikirlərin qarşısın almaqdır. Bu, beynəlxalq hüquqa ziddir və cəmiyyət üçün yaxşı heç nə vəd etmir. Məhdudiyyətlə, zorakılıqla uğur qazanmaq olmaz. Əgər bu gün qəzetin qanuni yayımına məhdudiyyət qoyulursa, sabah vətəndaş qeyri-qanuni yollarla həmin fikirləri yayacaq. Digər tərəfdən Azərbaycan Konstitusiyasına görə vətəndaşların məlumat almaq hüququ var və bu məlumatı inandığın mənbədən almalısan. Ona görə də “Azadlıq”ın oxucuları, abunəçiləri məhkəməyə müraciət edib hüquqlarının poulmasına görə iddia qaldıra bilərlər”.