Hakimiyyətin “heykəl siyasəti” biabırçılıqla nəticələndi

Nurəddin Məmmədli: «Bu nəinki hakimiyyətinə, bütövlükdə Azərbaycan xalqına başucalığı gətirmir»

Xəbər verildiyi kimi, Azərbaycan hökuməti Meksikada həyata keçirməli olduğu 3.8 milyardlıq potensial investisiya layihələrini dayandırıb. Kanadanın məşhur «The Gazzete» nəşrinin yazdığına görə, Meksika hakimiyyətinin ictimai təzyiqi nəzərə alaraq keçmiş sovet respublikasının rəhbəri Heydər Əliyevin heykəlini paytaxtdakı parkdan götürməsi Azərbaycan hökumətinin belə bir addım atmasına səbəb olub. 

Xatırladaq ki, Azərbaycan Heydər Əliyevin heykəlinin ucaldığı paytaxt Mexikodakı parkın qurulması üçün 5 milyon dollar ayırmışdı. Amma şəhər sakinləri heykəl sahibinin insan haqları və demokratiya sahəsində mənfi reputasiyasını nəzərə alaraq onun dərhal götürülməsini tələb etməsi yanvarda heykəlin parkdan götürülməsi ilə nəticələndi. O zaman Azərbaycan tərəfi buna etirazla qarşılansa da, heykəl geri qaytarılmadı. Nəşrin yazdığına görə, Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov ölkəsinin Meksika iqtisadiyyatının müxtəlif sahələrində, əsasən enerji sektorunda reallaşdırmalı olduğu investisiya layihələrini heykəlin götürülməsinə görə dondurduqlarını təsdiq edib. 

Görünür Azərbaycan hakimiyyətinin dəstək almaq məqsədi ilə müxtəlif ölkələrdə park salmaq, heykəl mübadiləsi etmək təcrübəsi mənfi nəticələrini də verməyə başlayıb. Bu istiqamətdə niyyətlərini reallaşdıra bilməyə rəsmi Bakı artıq şantaj yolunu tutur. 

AXCP sədrinin müavini Nurəddin Məmmədli Azərbaycan hakimiyyətinin investisiya yatırmaq vədləri ilə vaxtilə Heydər Əliyevin heykəllərini bir neçə ölkədə qoymağa nail olduğunu deyir. Ancaq bunun adı dolayısı ilə investisiya olsa da, geniş mənada rüşvət anlamına gələn bir əməliyyatdır. Bu yolla qazanılan «uğur» da belə bir sonluqla nəticələnməli idi: «Mexikoda Heydər Əliyevin heykəli böyük tarixi ənənəyə malik parkda, tarixi şəxsiyyətlərlə bir sırada qoyulmuşdu. Meksika xalqı buna ciddi şəkildə təpki göstərdi. İnvestisiya adı altında Heydər Əliyevin adını dünya səviyyəsində əbədiləşirmək istəyi pis nəticəsini verməli idi və artıq verməkdədir. Bu artıq Heydər Əliyevi də hörmətdən salmağa xidmət edən bir əməliyyata çevrildi». 

N.Məmmədlinin sözlərinə görə, hakimiyətin xalqın pulu ilə dost tutmaq cəhdi biabırçılıqla nəticələndi.  Bunun da nəinki hakimiyyətinə, bütövlükdə Azərbaycan xalqına başucalığı gətirmir.

Fizzə